Deputatın restoranında xuliqanlıq edənlər cəzalarını aldılar
Söhbət «1001 gecə» restoranından gedir. Burada baş verən kütləvi dava ilə bağlı təqsirli bilinən Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Təqsirləndirilən şəxslər Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzov ötən ilin iyulun 16-da axşam saatlarında Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində Rəşad Mirələmovla mübahisə ediblər.
Mübahisəyə Rəşad Mirələmovun yaxın dostları kimi tanınan Əli İbrahimov, Elxan Məmmədli, Elşən Əsədov və Orxan Həsənov da qoşulub. Bu təqsirləndirilən şəxslər Rəşad Mirələmov, Əli İbrahimov, Elxan Məmmədli, Elşən Əsədov və Orxan Həsənovu döyüblər.
Daha sonra iyulun 17-də gecə 03-00 radələrində restoranda dava yenidən başlayıb. Bu vaxt Rəşad Mirələmov odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramovu döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən keçinib.
Baş verən bu kütləvi dava və qətl olayı ilə bağlı cinayət işi başlanıb. Kütləvi dava ilə bağlı Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzov təqsirləndirilən şəxs quismində cəlb ediliblər. Onların işi üzrə isə Rəşad Mirələmov, Əli İbrahimov, Elxan Məmmədli, Elşən Əsədov və Orxan Həsənov zərərçəkmiş qismində tanınıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Əşrəf Qasımov, Elmar Süleymanov 6 il, Səməd Məsimov 4 il, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da əlavə edək ki, Rəşad Mirələmovun barəsində CM 120.2.4-cü (xüsusi amansızlıqla qətl törətmək) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Hazırda Rəşad Mirələmovun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Dünən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə Rəşad Mirələmov ifadə verib. Daha sonra təqsirləndirilən şəxs tərəflərin suallarını cavablandırıb. Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.
Xatırladıq ki, Rəşad Mirələmov millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğludur. 1001 gecə restoranının da deputata məxsus olduğu bildirilir.