Dəniz Təhlükəsizlik Strategiyası
Sentyabrın 11-də prezident İlham Əliyev sərəncam imzalayaraq «Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası»nı təsdiq edib. 7 əsas hissədən ibarət olan sənəddə Azərbaycanın Xəzər dənizi regionunda milli maraqları dənizdə sülh şəraitinin təmin olunması və dənizdən qanunvericilik çərçivəsində istifadə; Xəzər dənizinin Azərbaycana mənsub hissəsindən və oradakı sərvətlərdən dövlətin istifadə imkanları; dənizdə Azərbaycanın əleyhinə yönəlmiş hər hansı diskriminasiya aktının qarşısının alınması; Xəzər dənizinin sərvətlərindən istifadəyə və onların tədqiqinə aid olan beynəlxalq hüquqi problemlərin əlverişli şəkildə tənzimlənməsi; sosial-iqtisadi inkişaf məqsədi ilə Xəzər dənizinin təbii sərvətlərindən məqsədyönlü istifadə olunması və onların inkişaf etdirilməsi; dənizdə effektiv nəqliyyat şəbəkəsinin yaradılması, bu şəbəkəyə nəzarət və onun təhlükəsizliyinin təmin olunmasından bəhs olunur.
Sənəddə qeyd olunur ki, Dəniz təhlükəsizliyinin təmin olunmasında bu qurumlar iştirak edir:
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə; Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Aviasiya Dəstəsinin dəstəyi ilə; Fövqəladə Hallar Nazirliyi; Milli Təhlükəsizlik Nazirliyi; Dövlət Dəniz Administrasiyası; Xəzər Dəniz Gəmiçiliyi; Dövlət Neft Şirkəti və digər neft şirkətləri; Dövlət Gömrük Komitəsi; Dövlət Miqrasiya Xidməti; Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Bakı Beynəlxalq Dəniz Ticarət Limanı; Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi, digər əlaqədar qurumların (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Cinayət Axtarış İdarəsi, ərazi polis orqanları və sair) dəstəyi ilə.
Sənəddəki ziddiyyətlər
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatlarına görə, Azərbaycanın Dəniz Təhlükəsizliyi Strategiyasının mətninin hazırlanmasında Rusiyanın, Ukraynanın, Türkiyənin və Birləşmiş Ştatların müxtəlif adlarda olan sənədlərindən istifadə olunub. Bəzi ekspertlərə görə, sənəd ümumilikdə Azərbaycanın Dəniz Doktrinası kimi adlandırıla bilər. Lakin sənəd üzərində ilkin araşdırmalar göstərdi ki, bu sənəd çox «ehtiyatlı» olaraq hazırlanıb və öz məzmunu etibarilə əslində 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasından və 2010-cu ildə qəbul olunmuş Hərbi Doktrinadan fərqlidir.
«Doktrina» JHAN-ın araşdırmaları göstərir ki, qeyd edilən Strategiyada çoxsaylı çatışmazlıqlar diqqəti çəkir:
Ən əsas çatışmazlıq Azərbaycanın bu gün məruz qaldığı təhdidlərin, ərazisinin işğal altında olması faktının Dəniz Təhlükəsizlik Strategiyasında əsas müddəa kimi əksini tapmamasıdır. Əslində, bu məsələ, eyni zamanda, birbaşa dəniz təhlükəsizliyi strategiyası ilə bağlıdır. Çünki Ermənistana aktiv hərbi-siyasi-iqtisadi dəstək göstərən iki ölkə — Rusiya və İran Xəzərdə Azərbaycanın qonşularıdır. Ötən dövrlərdə mətbuatda əksini tapan bir sıra məlumatlara görə, Rusiyadan Xəzər dənizi vasitəsilə İrana daşınan bir sıra hərbi avadanlıqların sonradan Ermənistana ötürülməsi halları olub. Və yaxud Rusiya tərəfindən bir sıra hərbi avadanlıq və texnikanın İrana verilməsinin əvəzində İranın da Ermənistana bir sıra məsələlərdə dəstək olması kimi məlumatlar var. Beləliklə, Xəzərin təhlükəsizliyi Azərbaycan üçün, eyni zamanda, ərazisinin işğaldan azad olunma perspektivinə hesablanmış bir addım olmalı idi və bu Strategiyada əksini tapmalı idi.
Real qiymətləndirmə yoxdur
Növbəti vacib çatışmazlıq: bu sənəddə əsas xarici təhdidlər bölməsi ilə bağlıdır. Sənəddə göstərilir ki, Hərbi Doktrinanın və Milli Təhlükəsizlik Konsepsiyasının müddəalarına əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə dənizdən olan təhdidlər, onun ərazi bütövlüyünə və suverenliyinə qarşı dənizdən yönəlmiş istənilən təcavüzkar hərəkətlər, terror aktları və kütləvi qırğın silahlarından istifadə, regional münaqişələr və onların yayılması, transmilli qaçaqmalçılıq və qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq, enerji infrastrukturlarına qarşı hərəkətlər, regional silahlanma və ekoloji problemlərdir. Əsas xarici təhdidlər kimi aşağıdakılar göstərilir:
— Xəzəryanı dövlətlərin hərbi-dəniz imkanlarının artması. Qüvvələr və döyüş imkanları balansının Azərbaycan Respublikasının xeyrinə olmayan şəkildə dəyişməsi;
— Azərbaycanın daxili işlərinə xaricdən istənilən potensial müdaxilə, təbii ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə çıxış və istifadə imkanlarının məhdudlaşması;
— Azərbaycan Respublikasına qarşı dənizdə ərazi iddialar;
— dövlətlərarası münaqişələr, dənizdə döyüş əməliyyatları və onların genişlənməsinin mümkünlüyü;
— Azərbaycan Respublikasının dəniz sərhəd rejiminin pozulması, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi;
— Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında təbii sərvətlərdən qeyri-qanuni istifadə;
— müxtəlif ölkələrin hərbi-siyasi ambisiyaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması;
— terrorçu təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti;
— qonşu dövlətlər tərəfindən silahların qanunsuz yayılması üzrə beynəlxalq müqavilə və sazişlərin birtərəfli şəkildə pozulması.
— Əsas daxili təhdidlər (terrorçuluq, digər cinayətlər, transmilli cinayətkarlıq):
— terrorçu qrupların niyyətləri kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması;
— terror təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti və s.
Ekspertlərin sözlərinə görə, bütün bu qeyd olunanlar nəzəri xarakterlidir və onlar əksər ölkələrin anoloji sənədlərində eynidir. Qısası bu istiqamətdə real qiymətləndirmə gözə dəymir. Lazım idi ki, bu bölümdə Azərbaycana Xəzərdən ola biləcək təhdidlərlə bağlı mövcud reallığın, Xəzəryanı ölkələrin atdıqları hərbi-siyasi addımların konkret təhlili təqdim olunsun. Misal üçün, son illər Rusiyanın Xəzərdəki hərbi donanmasını gücləndirməsi, eyni zamanda, İranın özünun Xəzərdəki qüvvələrini yeni gəmilər və texnikalarla təchiz etməsi, onun Xəzər dənizinə iddiaları kimi proseslərə qiymət verilməli idi. Həmçinin Qazaxıstan və Türkmənistanla münasibətlərin səviyyəsi (misal üçün, Türkmənistanın iddiaları) də təqdim olunmalı idi. Bütün bunlarsız Azərbaycanın dənizdə təhlükəslik problemlərinin mənzərəsini tam təqdim etmək mümkün deyil.
NATO ilə əməkdaşlıq əksini tapmayıb
Sənəddə Azərbaycanın Xəzər təhlükəsizliyi prosesində Qərb, NATO, xüsusilə də, ABŞ-la əməkdaşlığı barədə ümumiyyətlə hər hansı məlumat qeyd olunmayıb. Halbuki, istər Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP), istərsə də Birləşmiş Ştatların Avropadakı Komandanlığı ilə (EUCOM) «İş Planı» çərçivəsində Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi təhlükəsizlik tədbirləri mövcuddur. Sənəddə bir sıra yerlərdə adı çəkilən Xəzəryanı müşahidə-nəzarət məntəqələri, məhz, Azərbaycanın EUCOM-la birgə əməkdaşlığı nəticəsində ortaya çıxıb. Sənəddə xüsusilə də son 2-3 il ərzində Azərbaycanın dənizdə enerji ehtiyatlarının mühafizəsi üzrə ABŞ-la və eyni zamanda, NATO ilə sıx əməkdaşlığına dair məqamlar əksini tapmayıb.
Sənəddə Xəzərdəki təhlükəsizlik məsələlərində bir sıra dövlətlərin xüsusilə də Türkiyə və Pakistanın rolu heç xatırlanmır da. Halbuki bu iki dövlət, xüsusilə Türkiyə müstəqil Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin formalaşmasında, Azərbaycanın dəniz təhlükəsizliyi siyasətinin qurulmasında əsas rol oynayan ölkə hesab olunur.
Ümumilikdə, bu sənəddə Azərbaycanın Xəzər təhlükəsizliyinə yönəlik strateji siyasətinin — vizionunun detalları ətraflı əksini tapmayıb. Qeyd edək ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında bildirilir ki, Azərbaycan Respublikası Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə Avratlantik məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Qeyd olunur ki, Azərbaycan Respublikası Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Bu sənəddə Azərbaycanın NATO ilə əməkdaşlığının onun müxtəklif sahələrinə, eyni zamanda, Xəzərdə təhlükəsizlik qayğılarının qarşılanmasına verdiyi və verəcəyi töhfələr hər bölümdə təkrarlanır. Lakin təəəssüf ki, Strategiyada bunu görmək mümkün deyil. «Vəzifələr» hissəsində əksini tapanlar isə daha çox nəzəri informasiyalardır.
Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir: «Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış «Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında» Anlaşma Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələri və nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan Respublikasında enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerji resurslarından səmərəli istifadə olunması və tükənməz enerji mənbələrindən yararlanmasına öz töhfəsini verəcəkdir. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə daha yaxından əməkdaşlıq etməsi Qafqazda sabitliyə töhfə verəcək və Avropa dəyərlərinin yayılmasına kömək edəcəkdir».
Bu barədə Strategiyada hər hansı xatırlama yoxdur.
«Kasfor» üçün yaşıl işıq?
Strategiyanın 5.5.1 hissəsində qarşılıqlı beynəlxalq fəaliyyət üzrə tədbirlər əksini tapıb və burada Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi üçün sahilyanı dövlətlərin iştirakı ilə üç əsas tədbirin həyata keçirilməsinin vacibliyinin vurğulanması əslində Xəzərin təhlükəsizliyinin təmin olunmasında Qərb ölkələrinin, NATO-nun, ABŞ-ın iştirakını mümkünsüz edir.
Sənəddə bu tədbirlərin keçirilməsinin xüsusilə vacib olduğu vurğulanır:
— mövcud təhdidlər və onların prioritetlər üzrə sıralanmasında Xəzəryanı dövlətlərin ümumi fikir vahidliyinin yaradılması və dövlətlərarası səylərin birləşdirilməsi;
— bütün Xəzəryanı dövlətlər tərəfindən terror aktları və digər cinayət fəaliyyətinə vaxtında və effektiv cavab verilməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə zəmanət verən yeni təşəbbüslərin irəli sürülməsi (yeni təşəbbüslər Beynəlxalq Dəniz Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Kriminal Polis Təşkilatı — İnterpol və Beynəlxalq Standartlar Təşkilatı kimi beynəlxalq təşkilatların xətti ilə diplomatik və digər kanallar vasitəsilə həyata keçirilməlidir);
— gəmilərin qeydiyyatının, hərəkət istiqamətinin, gəmi sahiblərinin, gəmilərdə olan yüklərin xüsusiyyətinin və gəmilərin heyətinin tərkibinin şəffaflığı məsələlərini nizamlayan dövlətlərarası məlumat mübadiləsi prosedurlarının təkmilləşdirilməsi.
Ekspertlərə görə, bu kimi fikirlər, əslində, Rusiyanın milli maraqlarına uyğun olan bir müddəadır və rəsmi Moskvanın Xəzərdə bir vaxtlar yaratmaq istədiyi «Kasfor» — Xəzər Təhlükəsizlik Qüvvələri ideyasının gerçəkləşməsinə rəsmi Bakı tərəfindən yandırılmış «yaşıl işıq» kimi anlaşıla bilər.
Xəzərin hüquqi statusu ilə bağlı problem
Strategiyadakı daha bir problem onda Xəzərin hüquqi statusunun həllinə mane olan amillərin göstərilməməsidir. Bəllidir ki, bur gün Azərbaycan üçün Xəzər təhlükəsizlik strategiyasında əsas problem dənizin hüquqi statusunun müəyyən olunmaması ilə bağlıdır. Strategiyada bu problemə ən azı bir bölümün həsr olunması, qeyd edilən istiqamətdə proseslərin keçmişi, hazırkı durumu və perspektivlərinə dair ətraflı məlumatlar əksini tapmalı idi. Amma təəəssüf ki, qeyd edilən problem barədə yalnız bir-iki ötəri məlumat verilir. Başqa bir problem Azərbaycanın dəniz təhlükəsizliyinə cavabdeh olan dövlət qurumlarının, hərbi və güc strukturlarının bu günkü vəziyyəti və perspektivləri barədə informasiyalar əksini tapmayıb. Bir çox dünya ölkələrinin (Türkiyə, ABŞ, Rusiya) analoji dəniz strategiyalarında təhlükəsizliyi təmin edən qurumlarda islahatların bu günü və perspektivləri əksini tapır.
«Doktrina» JHAM-ın araşdırmaları göstərir ki, qəbul olunmuş Strategiya ümumilikdə nəzəri xarakter daşıyır və orada gerçək problemləri görmək mümkün deyil. Bu sənəd, əslində, Xəzərin təhlükəsizliyinin təmin olunması prosesində NATO-nun «qolunu bağlayır», Rusiya üçünsə «yaşıl işıq» yandırır. Vətəndaş cəmiyyəti təkliflər hazırlaya bilər. Təəssüf doğuran məqam ondan ibarətdir ki, sənədin hazırlanmasında ictimaiyyət işitirak etməyib. Bu sənəd ictimaiyyətdən gizlin hazırlanıb və dərhal da təsdiq edilib. Beləliklə, ümumilikdə düşünmək olar ki, bu sənəd Azərbaycanın mövcud milli təhlükəsizlik maraqlarını, onun Avroatlantik məkana inteqrasiya hədəflərini əks etdirmir. Ekspertlər hesab edirlər ki, bu sənəd bir sıra müddəalar baxımından Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi doktrinası ilə ziddiyyət təşkil edir. Bu sənəd rəsmi Bakı tərəfindən Rusiyanın təhdidləri altında həddən ziyadə «ehtiyatlı» hazırlanmış bir sənəd kimi qəbul edilə bilər.
Bir çox ekspertlər düşünürlər ki, sənəd üzərində ciddi təkliflərin hazırlanması zəruridir. Qeyd edək ki, Strategiyanın sonuncu «Yekun müddəalar» bölümündə qeyd olunur ki, Dəniz Təhlükəsizliyi Strategiyası, təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, yenidən baxılma, dəqiqləşdirilmə və əlavələr üçün açıq sənəddir. Beləliklə, Azərbaycanın mövcud reallıqlarına uyğun, onun Avroatlantik məkana inteqrasiya prioritetlərinə müvafiq əlavə və dəyişikliklər hazırlanaraq təqdim edilə bilər və bu işdə vətəndaş cəmiyyəti, xüsusilə də QHT-lər aktiv iş görməlidirlər.