Dəniz suyunu duzsuzlaşdıran zavod istismara hazırdır
Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən Dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod və müasir tinglikdən ibarət kompleks istismara hazırdır: deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNAya bildirilir.
Qeyd edilir ki, Yer kürəsində təmiz suya olan tələbat ilbəil artmaqdadır və bu səbəbdən də alternativ təmiz su mənbələrinin üzə çıxarılması, onlardan istifadənin təşkili bir çox ölkələr üçün aktualdır. Məhz bu baxımdan regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da su probleminin yaxın gələcəkdə yaşana biləcəyini qabaqcadan görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçirilmiş iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini xüsusilə vurğulamış və bununla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırmışdır.
Həmin vaxtdan başlayaraq ETSN-də dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmışdır. İnfrastruktur imkanları 20 min m3/gün olan, ilkin mərhələdə pilot olaraq gündə 1000 m3 gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin inşası üzrə pilot layihənin icrasına start verilmiş, ən müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılmışdır.
Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks 2013-cü ilin əvvəlində işlək vəziyyətə çatdırılmış və bir müddət sınaq rejimində yoxlamadan keçirildikdən sonra əsaslı rejimdə fəaliyyətə başlamışdır. Hazırda müəssisədə gün ərzində 1000 m3 həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında ETSN tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur. Eyni zamanda, gələcəkdə ehtiyac olarsa bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.
Layihəyə uyğun olaraq ərazidə ildə 1 milyon ədəd ağac və kol (o cümlədən dekorativ) cinsləri yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılmışdır. Eyni zamanda avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılmış, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılmışdır.
Kompleksin yaradılması zamanı 240 min m3 həcmində torpaq, 91,5 min m3 həcmində beton işləri görülmüşdür. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksək təzyiqli su boruları, 6,5 kilometrlik 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılmış, 10 kilometr uzunluğunda damcılı suvarma sistemi yaradılaraq istismara verilmişdir. Həmçinin 15 kilometr məsafədə yol salınmış, 12 700 m2 sahədə asfalt örtüyü döşənmişdir.
Kompleksin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1,3 kilometr məsafədə yüksək gərginlikli elektrik xətti çəkilmiş, gücü 250 kvt olan transformator və gücü 330 kvt olan generator qurulmuşdur. Ümumi sahəsi 320 m2 olan 13 otaqdan ibarət 2 ofis binası inşa edilmiş, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 25 000 m3 olan izolyasiya olunmuş torpaq su anbarı, həcmləri 500 m3 və 200 m3 olan 3 ədəd izolyasiya olunmuş metal su çənləri inşa edilmişdir.
Müəssisənin 21,8 hektar ərazisində 26 mindən artıq ağac, kol əkilmiş, 3 hektar əraziyə qazon döşənmiş, damcılı və səpələyici suvarma sistemləri qurulmuşdur.
Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmişdir. Dambanın inşası üçün 76 000 m3 qarışıq daş suxur və gil, ümumi sahəsi 1500 m2 olan 200 ədəd dəmir-beton plitələrdən istifadə olunmuşdur.
800 metr məsafəyə yüksək gərginlikli elektrik xətti çəkilmiş, gücü 100 kvt olan transformator və gücü 125 kvt olan generator qurulmuşdur. Nasosxana, 2 otaqlı gözətçi evi, təsərrüfat sarayı və s. inşa edilmişdir.
Bu layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaqdır.