Dəli köynəyi
Bu kinolarda gördüyüm dəli köynəyi «Euronews»dan Almaniyada bu son seçkiləri izləyərkən ağlıma gəldi. Onun axarını təkrar-təkrar izlədikcə qeyri-ixtiyari olaraq «bizimki» ilə müqayisələr aparmalı olur və bu dəli köynəyi qırsaqqız olub məndən əl çəkmirdi. Ağlınıza başqa şey gəlməsin, sadəcə bizim bu bəxtsiz ölkənin siyasi spektrində dəli köynəyi geyindiriləsi nə qədər adam var.
Gündəm seçkilərdir, təbii. Kim bu mövzudan yaxasını qırağa çəkə bilər? Həftənin əvvəlində Almaniyada bu seçkilərin kulminasiya anı idi, indi biz bu maraqlı günə yaxınlaşmaqdayıq. İstər-istəməz orada və bizdə baş verənləri müqayisə edirdim. Onlarda: üzlərdə təbəssüm, ifrat soyuqqanlılıq, hamı sakit danışır, özündənçıxma-filan istisnadır. Orada seçki vuruşma deyil, marafondur, dözümlülər finişə gələ bilir. Rəqibə qarşı yersiz bir ifadə, dözümsüzlük, əsəbiləşmə əlaməti — namizədi seçicinin o dəqiqə gözündən sala bilər. Alman seçiciləri qarşısında bu qədər hörmət və etimadı olsa da, yenə də onların qarşısında özünü sadə aparan Angela Merkel. Küçədən keçən adam da bu ümummilli məsələyə soyuqqanlı baxır, rəyini ağılla-başla, təmkinlə ifadə edir, münasibət bildirir, bunu əsaslandırmağa çalışır. Bir adamda hirs-hikkə, üzlərdə əsəbdən qızartı-bozartı yox… Siyasi rəqiblər də bir-birlərinin üzünə təbəssümlə baxır. Sanki yüz ilin can-ciyəri. MSK-ya sarı da şübhə ilə baxmırlar. Bu ortamda seçici əlbəttə, onların hər birini anlamaq imkanında olur və sonda düzgün seçim… Qarşıdakı sürədə ölkəni onların iradəsinin ifadəçisi olan insanlar yönəldəcək. Onlara daha yaxşı gələcəyin təminatçısı olacaqlar. Olmazlarsa, özlərindən küssünlər, o biri sürədə öndə olmaları problematikdir. Hər kəs tam ciddiyyətlə bunun fərqindədir.
Bizdə: hiddət, qəzəb, söyüş, hədələmə, tərbiyəsizlik, butulka fırlatmaq, siyasi bəsitlik, dedi-qodu, ailə işlərinə qarışmaq dərəcəsində ikrah oyadıcı «arqument»… Bu yerdə psixi xəstəni «özünə gətirən» dəli köynəyinin yeri görünür.
Psixoloji planda — yəni sağlam məntiqə sığmayan başqa psixoloji nüanslar da var. Özü də bu cılız savaş hakimiyyət kreslosunda olan və o ülvi hakimiyyət kreslosuna gəlmək istəyənlər arasında getmir (bir iddiaçını çıxmaq şərtilə). Maraqlı burasıdır ki, digər iddiaçılar bu bir iddiaçının — hakimiyyətə gəlmək iddiasını gizlətməyən namizədin üstünə düşüblər. Bizim ölkədə gedən kampaniyanın əcaibliyi bu və bir də — bunların 9 milyonluq bir ölkəyə böyüklük iddiası ilə ortaya çıxmaları və fəaliyyətdə olan prezidenti dəstəklədikləri arasındakı uyğunsuzluq, anlaşılmazlıq… Bir də ölkəni qarşıdakı sürədə nə şəkildə idarə edəcəkləri, düşməni nə şəkildə qovub çıxaracaqları haqda danışa bilmədikləri. İki namizəddən biri digərinə kəskin suallar ünvanlayır, onun təmsilçisi bu hücumları dəf etməyə çalışır, digər namizədlər də onun səsinə səs verir, özü də hücuma məruz qalan real iddiaçının uğursuz və piyada vəkilləri qismində. Gülməlimi, ağlamalımı?
Niyə onlar — almanlar elə, biz beləyik? Bu ritorik sualı bir qırağa qoyaq, parlament, prezident, lap elə bələdiyyə seçkiləri haqqında qanunlara baxaq. Bəlkə bütün bu hallarda irəli çıxan iddiaçılar üçün psixiatriya testlərindən keçmə kimi bir tələb də müəyyən edilsin. Adam, misal üçün psixoloji testlərdən keçər, seçki komissiyasına müvafiq arayışla gələr, biz seçicilər də arxayın olardıq ki, adamın ağlı üstündədir, hər halda özünü idarə edə bilir, adamı adam qarşısına çıxara bilərik. Başqa sözlə, dəli köynəyi geyindiriləsi olanlar ən azından teledebat meydançasına gəlib çıxa bilməz.
Bizim bu əsəbləri yerində olmayan «öndə gələnlərdə» məni təəccübləndirən bir də bilirsiniz nədir? Odur ki, — bu qədər xılt bu cənabların ürəyində hardadır? Bu qədər xıltı ürəklərində necə akkumulyasiya edə biliblər və gəzdirə bilirlər?
Bəlkə elə ürəklərində iyirmi ildir gəzdirdikləri bu «yükün» ağırlığıdır ki, yarı yaşlarında 100 yaşında qocadan fəna görünürlər.
Əli Həsənov bir söz dedi ki, seçkilərdə siyasi rəqiblər arasında belə hallar başqa ölkələrdə də olur. Mən onların ölkə üçün taleyüklü prinsipial bir məsələ üstündə parlamentdə yumruqlaşmasına bəlkə də ləzzətlə baxar, hətta təqdir edərdim. Burada isə bu prinsipial məsələ ortada yoxdur. Cılız münasibətlərdən doğan psixoloji problemlər var.
Konkret indiki zaman üçün toplumu bunlardan necə qorumaq məsələsi var. Necə edək ki, bəsitlik, media vasitələri ilə evlərimizə soxulmasın? Bax bu yerdə missiyamıza bir də fikir versək, pis olmaz. Nəsə mənə elə gəldi ki, media bu məsələdə millət qarşısında müstəsna və faydalı bir rol oynaya bilər. Məsələn, öz qüsurlu psixoloji portretlərini büruzə verən bu tip kimsənələri gözardı etmək, adlarını çəkməmək, dediklərinə məhəl qoymamaqla. Bu öz təsirini göstərməyə bilməz. Uzağa niyə gedək, xeyli sayda deputat var, adları ildə bir dəfə mətbuata çıxanda təəccübə səbəb olur ki, bu cənab da deputat imiş? Millət onun varlığından-yoxluğundan bir şey itirirmi? İndi bizim qarşımızda tərbiyəsizlik etmiş bu tipajları da, yalnız bu yolla toplumun gözündən-qulağından «təmizləmək» olar. Adını çəkmirsən, onlar yoxdur, vəssəlam. Camaatın da qulağı dinc olur, əsəbiləşib eləmir.
Nə isə, məndə də deyəsən bir az emosional alındı. Lakin təqsir məndə deyil. Hamı özündə deyil bu günlərdə. Kimi dindirirsən, içindən qaynadığını görürsən.
[email protected]