Dələduz şirkət rəhbərinə yeni hökm verildi
Dələduzluqda təqsirli bilinən “Azik” tikinti şirkətinin rəhbəri Azər Həmzəyevin məhkəmə prosesi başa çatıb. 2007-ci ilin noyabr ayında 35 yaşlı Bakı şəhər sakini, “Azik” tikinti şirkətinin rəhbəri Azər Həmzəyev Bakı sakini Müşfiq Hüseynova bağ evi tikmək adı ilə onunla müqavilə bağlayıb və 100 min manat pul alıb.
Lakin A. Həmzəyevin rəhbərlik etdiyi şirkətin əməkdaşları tikinti işlərini keyfiyyətsiz görüblər və tikinti işlərini sona qədər aparmayıblar. A.Həmzəyev isə M.Hüseynovdan aldığı pulları mənimsəyib.
Bundan başqa, Həmzəyev 2007-2008-ci illər ərzində Bakı şəhərində daha 22 nəfəri aldadaraq, onların pullarını mənimsəyib. O, vətəndaşların şikayəti əsasında həbs edilib. Məhkəmə prosesində Azər Həmzəyev məhkəmədə ifadə verib. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş vətəndaşları aldatmaq niyyəti olmayıb. Onun sözlərinə görə, vətəndaşlara ev tikmək adı ilə pul alıb: “Mən ev tikməyi planlaşdırdım. Lakin həbs olunduğum üçün bunu sona çatdıra bilməmişəm”.
Təqsirləndirilən şəxs CM 178.3.2-ci (küllü miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham olunub və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Həmzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Bir müddət əvvəl onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və şikayəti təmin edilməyib. Məhkəmənin qərarından narazı qalan təqsirləndirilən Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə onun işinə baxan hakimlər cinayət işinin materiallarına yenidən baxılması üçün apelyasiya protestinə qaytarılması barədə qərar qəbul ediblər.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və məhkəmənin hökmü dəyişdirilib. Yeni hökmə görə, Azər Həmzəyevin barəsində 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.