Dələduz özünü MTN-in əməkdaşı kimi təqdim edib
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi özünü MTN əməkdaşı kimi təqdim edən şəxsi ifşa edib.Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş Bəxtiyar Əlisa oğlu Bağırov Bakı şəhər sakini Namiq Rəhim oğlu İsmayılovu guya MTN nəzdində yaranacaq “ASAN Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2 500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması məqsədilə daha 3 800 manat pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq edib.
Öz cinayətkar fəaliyyətini davam etdirən B. Bağırov Bakı şəhər sakini Niyazi Şaiq oğlu Vəliyevin də etibarından sui-istifadə edərək sonuncuya bacısı Aygün Şaiq qızı Əhmədovanı Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək 65 000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirib. Yəni təkrarən dələduzluq edib.
Fakta görə CM 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.