Dələduz müəllimin işinə məhkəmə baxacaq
Dələduzluqda təqsirləndirilən müəllimin cinayət işi məhkəməyə göndərilib. Söhbət Təhsil Nazirliyinin adından istifadə etməklə dələduzluq və digər cinayət əməli törətməkdə təqsirləndirilən məktəb müəllimi Asəf İsmayılov və onun tanışı İsaməddin Daşdəmirovun cinayət əməlindən gedir. İş üzrə ibtidai istintaq başa çatıb və hər şey sübuta yetirilib.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Prosesin hazırlıq iclası isə mayın 13-nə təyin edilib. Asəf İsmayılov Bakının Süleyman Sani Axundov adına 172 saylı orta məktəbində müəllim olub. O, tanışı İ. Daşdəmirovla birlikdə nazirliyin adından istifadə edərək dələduzluq edib.
Hər iki şəxs CM 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının dövlət ştampını, möhürü, blankı hazırlama və ya satma) maddələrinə əsasən ittiham olunurlar.