Dədəmiz Qorquda semiotik baxış
İstanbulun “Ötüken” nəşriyyatı Kamal Abdullanın “Mitten yazıya ve ya Gizli Dede Korkut” kitabını çap edib. APA-nın məlumatına görə, əsəri türkcə çapa Balıkesir Universitetinin professoru Ali Duymaz hazırlayıb. Kitabda professor Ali Duymazın, professor Rəhman Bədəlovun və müəllifin ön sözləri də öz əksini tapıb.
Xatırladaq ki, professor Ali Duymaz azərbaycanlı yazar-alim Kamal Abdullanın 1997-ci ildə “Ötüken” nəşriyyatında çapdan çıxmış “Gizli Dede Korkut” kitabını da Türkcə yayına hazırlamış elm adamıdır. O, APA-ya açıqlamasında Kamal Abdullanın kitabının genişləndirilmiş şəkildə ikinci dəfə çap edilməsini “Türkiyənin elmi-ədəbi həyatında önəmli hadisə” kimi dəyərləndirib: “Kamal bəyin kitabı Türkiyədə sadəcə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçıları üçün deyil, elmin humanitar sahələrində araşdırmalar aparan hər kəs üçün qiymətli bir əsərdir. Bunu nəzərə alaraq Kamal Abdullanın əsərinin ikinci nəşrini çapa hazırladım və nəşriyyat “Mitten yazıya veya Gizli Dede Korkut” kitabını böyük istəklə çap etdi. Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” dastanlarına semiotik baxımdan yanaşması türk filologiyası üçün yeni bir olaydır. Əsəri daha geniş variantda ikinci dəfə Türkiyənin elmi dairələrinə təqdim edə bildiyimə görə özümü xoşbəxt sayıram”.
“Ötüken” nəşriyyatından APA-ya bildiriblər ki, Kamal Abdulla bu nəşriyyatda kitabı ikinci dəfə çapdan çıxan ilk azərbaycanlı müəllifdir.
Türkiyədə semiotik-strukturalist metodla aparılan araşdırmaların sayı çox azdır. Son illər semiotik-strukturalist metodun dünya miqyasındakı önəmli təmsilçiləri olan Claude Levi-Strauss, Roland Barthes,Michael Faucault, Tzvetan Todorov, Viktor Şklovski və başqalarının əsərlərinin türkcə çap edildiyi, semiotuk-strukturalist metodun bəzi özəl universitetlərdə tədris edilməyə başlandığını görünür. Bu baxımdan professor Kamal Abdullanın “Mitten yazıya veya Gizli Dede Korkut” kitabı Türkiyədə həm “Kitabi-Dədə Qorqud” dastanını yeni metodlarla araşdıranlar, həm də semiotik-struktur metodu öyrənənlər üçün qiymətli bir mənbə olacağı şübhəsizdir.