«Ded Xasan»ı taxtdan Rövşən «Lənkəranski» salıb?
Rusiyada yanvarın 17-də snayperlə öldürülmüş kriminal dünyanın «kralı» — «Ded Xasan»ın öldürülməsi ciddi rezonans yaradıb. Bir sıra məlumatlara görə, bu qətlin təşkilində məşhur azərbaycanlı «oğru» Rövşən Lənkəranski və digərləri maraqlı olub. Rusiya KİV-ləri kriminal avtoritet «Ded Xasan»ın öldürülməsini ciddi şəkildə müzakirə edir.
AYNA «Lenta.ru»ya istinadən kriminal qruplar arasında yeni müharibənin səbəbləri barədə məlumatlı mənbələrin ötürdüyü bir təhlil yazısını oxuculara təqdim edir. Son vaxtlarda Rusiya cinayətkar aləminin lideri 1937-ci ildə Tiflisdə doğulmuş «Ded Xasan» ləqəbli yezidi kürd Aslan Usoyan idi. Lakin axır illərdə ona qarşı əməlli-başlı müxalifət formalaşamağa başlayıbmış. Elə bunun nəticəsində faktiki olaraq Rusiya kriminal aləmi iki yerə bölünmüşdü: «Ded Xasan»ın tərəfdaşları (yəni böyük və güclü kriminal hakimlər) və «Ded Xasan»ın düşmənləri (zəif və parçalanmış müxalifət).
Başqa alternativlərdən isə söhbət gedə bilməzdi.
«Dubay iclası»
Lakin yaxın zamanlar ərzində Usoyanın rəqibləri Rövşən Canıyevin (Lənkəranski), «Cemo» kimi tanınan Cemo Mikeladzenin və bir neçə başqa «qanuni oğru»nun rəhbərliyi altında birləşərək, ciddi nufuz qrupuna çevrilə bildilər. «Ded Xasan»ın düşmənləri 2012-ci ilin oktyabrında Yunanıstanda «sxodka»ya toplaşmaq istəsələr də, yunan polisi bu görüşün reallaşmasına imkan verməyib. 10 dekabr tarixində isə «Ded Xasan»ın rəqiblərinin görüşü «Cemo» və Tamaz Koronişedskinin başçılığı altında Dubayda baş tutub. Görüşə 60-a yaxın avtoritet toplaşıb. Rövşən Lənkəranskinin özü görüşə qatıla bilməsə də, onun nümayəndələri orada olub. Görüşdə birdən-birə 15 yeni avtoritetə «tac verilməsi» artıq «Ded Xasan»a birbaşa «əlcək atmaq» idi.
«Ded Xasan»ın nəzarətçisi niyə öldürüldü?
2012-ci il 19 dekabr gecəsində Timur Sverdlovski adı ilə tanınan avtoritet Timur Mirzəyevin 2 güvənilən adamı güllələnib. Qeyd edək ki, Timur Sverdlovski «Ded Xasan» tərəfindən Sverdlovsk əyalətinə nəzarətçi təyin olunmuşdu. Bu hadisədən sonra Rusiya KİV-ləri böyük təşvişlə kriminal aləmdə Usoyanın tərəfdaşları və düşmənləri arasında hesablaşma başlanacağını bildirirdilər.
28 dekabrda bəlli oldu ki, «Ded Xasan»ın daha bir düşməni Merab Canqveladze (Merab Suxumski) Moskvaya gəlib. Kriminal aləmdə isə bu hadisə artıq «Ded Xasan»ın böyük düşmənlərinin Rusiyaya yolunun açılması mənasına gəlirdi.
Rusiyada başlanan yeni «müharibə»..
Rusiya KİV-lərinin yaydığı xəbərə görə, «Ded Xasan»ın yaxınları Rövşən Lənkəranskinin nə dərəcədə ciddi düşmən olduğunu çox gec başa düşüblər. Onlar 2012-ci ilin aprel ayında «Ded Xasan»ın mühafizə rəhbəri «Danabaş» ləqəbli İlqar Cəbrailovun öldürülməsindən sonra şübhələnməyə başlayıblar. Bundan sonra isə tədricən «Yaponçik»in öldürülməsi, 2010-cu ildə Usoyana olan sui-qəsd artıq həmişə olduğu kimi, «Taro»nun yox, Rövşən Canıyevin adı ilə bağlı oldu. Güman olunur ki, R.Lənkəranski «Ded Xasan»ı öz taxtından endirməyi 2009-cu ildən planlaşdırırmış. Bu qədər vaxt ərzində isə o, yaxşı maskalana bilib.
Artıq 2012-ci ildə hər şey bəlli olandan sonra Usoyanın cəbhəsinin tab gətirə bilməsi üçün şansı çox az idi.
Rövşən Lənkəranski kimdir?
Rövşən Rafiq oğlu Caniyev (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. İlk dəfə 15.10.1996-cı il tarixində Astara rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Səbail rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlamağa görə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin o, istintaqdan qaçıb gizləndiyinə görə, barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb.
Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb. Rövşən Lənkəranski Rusiyada keçirilmiş «tacqoyma» mərasimi nəticəsində cinayət aləminin «qanuni oğrusu» titulunu alıb.
AYNA «Rosbalt»a istinadən bildirir ki, «Ded Xasan»a qarşı birləşmiş «vor-zakon»ların liderləri Cemo Mikeladze, Merab Canqveladze və Rövşən Canıyev Moskvanı tərk ediblər. Bu barədə hüquq-mühafizə orqanlarından «Rosbalt»a bildirilib. Mənbə qeyd edib ki, «Ded Xasan» adıyla tanınan öldürülmüş məşhur avtoritet Aslan Usoyanın rəhbərliyi altında olmayan avtoritetlər təcili surətdə paytaxtı tərk edirlər. Onlar alına biləcək intiqamdan və hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqlarından ehtiyat edirlər.
Məlumatda bildirilir ki, 17 yanvar tarxində səhərdən etibarən xeyli avtoritet qruplaşmaları Moskvanı tərk edib. Qalanları isə 18 yanvar axşam saatlarına qədər Moskvadan çıxmaq niyyətindədirlər. Qeyd edək ki, ölkəni tərk edənlər Usoyanın rəhbərliyi altına girməyən oğrulardır. Onlar Rusiyadan xarici dövlətlərə keçmək üçün Belorus ərazisindən istifadə edirlər.
2013-də isə «Ded Xasan»ın öldürülməsilə artıq kriminal aləmdə qanlı müharibə başlanmış hesab olunur. Belə görünür ki, cinayətkar aləmdə qaranlıq çağlar artıq başladı. Əgər vəziyyət bu yerdədirsə, deməli, artıq kriminal aləmdə hesablaşmalar başlayıb. Bundan sonra gözlənilməz yerlərdə qətillərin, sui-qəsdlərin, sifariş olunmuş ölümlərin sayının çoxalacağını gözləmək olar.