“Dayanmaq olmaz”…. səni evakuator aparar
Bakının mərkəzi rayonlarında avtomobillərin total evakuasiyası davam edir. Son bir neçə gündə Neftçilər prospekti, Hacıbəyov, Xaqani, Nizami, 28 may, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun və mərkəzdəki çoxsaylı digər küçələrdə yüzlərlə avtomobil evakuasiya edilib. Hətta bəzən evakuasiya avtomobilləri sürücüsü içəridə olan avtomobillərə də hücum çəkir.
Avtomobillərin evakuasiyası Füzuli küçəsində yeraltı avtomobil dayanacağının istifadəyə verilməsi ilə bağlıdır. Maraqlıdır ki, Yol Patrul Xidməti yeraltı dayanacaq istifadəyə verilən kimi yerli sakinlərlə, bu ərazidə yerləşən minlərlə ofislərlə söhbət aparmadan bütün küçələrin sağ və solunda “dayanmaq qadağandır” işarəsini qoyub.
On illərlə burada yaşayan sakinlər belə şoka düşüblər. “Mən burada 40 ildən çoxdur yaşayıram, Atam və babam da bu küçədə yaşayıb. Bu gün evimin qapısından avtomobilimi evakuator aparıb. Başa düşə bilmirəm, şəxsi avtomobilimi evimin qarşısında saxlaya bilmərəm və ya hər dəfə saxlayanda evakuator aparıb məndən 70 manat cərimə alacaq? Yaxşı qazanc yeridir”, — sakinlərdən biri Turan-ın müxbirinə bildirib.
Sakinlərin əsas narazılıqlarından biri də yeraltı dayanacaqda qiymətlərin baha olmasıdır. Belə ki, gün ərzində azı 4 manat və sutka ərzində isə daha çox pul ödəməlisən.
“Mən müəlliməm. Bu ərazidə çoxsaylı müəllimlər və pensiyaçılar yaşayır. Bizim aylıq məvacimiz 200 manatdan artıq deyil. Belə görünür ki, ayda yeraltı dayanacağa 150 manat və arada bir də evakuasiya üçün 70 manatdan ödəməliyik. Çünki evakuasiya sanki bizi izləyir. Avtomobili küçədə saxlayıb evə girib-çıxana qədər yoxa çıxır. Vətəndaşın izlənməsi üçün məhkəmə qərarı olmalıdır”, — digər sakin bildirib.
Digər mühüm məqamlardan biri də yeni açılan yeraltı dayanacaqda avtomobillərin sahibinə alınan pulun müqabilində qəbzin verilməməsidir. Belə ki, sürücülərə verilən qəbz də avtomobil dayanacaqdan çıxarkən alınır. Məsələn, hava limanında avtomobil dayanacaqlarında ödədiyin pulun müqabilində qəbz alırsan.
Beynəlxalq praktikada çoxsaylı küçələrə eyni anda dayanma, durma işarələri qoyulması anlayışı yoxdur. Əvvəlcə şərait qiymətləndirilir, yerli sakinlərin rəyi öyrənilir və sonra yaşayış məntəqələrində yol nişanları qoyulur. Bütün qadağan nişanlarının yanında cərimələrin miqdarı və evakuasiya ilə bağlı xəbərdarlıq mətnləri olur.
Hətta Nyu-York kimi böyük meqapolislərdə mərkəzlərdə yolların kənarında pullu dayanacaqlar fəaliyyət göstərir. Bu dayanacaqlarda dayanmaq saat ərzində qiymətləndirilir. Yolun kənarındakı qurğuya pulu daxil edib bir saat dayana bilirsən və hər saatdan bir gəlib qurğuya pul daxil etməlisən. Həm də bu dayanacaqların əksəriyyəti şənbə və bazar günləri pulsuzdur.
Bütün hallarda ərazidə yaşayan sakinlər üçün ya pulsuz avtomobil dayanacaqları inşa edilir, ya da evinin qarşısında azı 2 avtomobil saxlamaq üçün icazə verilir. Hətta sakinlərin gözlədikləri qonaqlar üçün də dayanacaqlarda müəyyən vaxt ərzində avtomobil saxlaması icazəsi verilir.
Bakının mərkəzi hissəsində yüz minlərlə insanın yaşadığı ərazidə heç kimlə söhbət aparılmayıb, reallıqlar nəzərə alınmayıb. Bütün “dayanmaq olmaz” nişanları bir gündə peyda olub. Diqqət edin “dayanmaq olmaz!” nişanları qoyulub. Məsələn, qoca ağsaqqal taksi ilə evinə gəlib, taksi onun evinin qarşısında dayanacaq edib ağsaqqalı və ya əlili düşürə bilməz. Nəticəsi cərimədir…
Digər bir maraqlı an. Yol nişanları qoyulanda da ayrı-seçkiliyə yol verilir. Məsələn, iqtidarda olan Yeni Azərbaycan Partiyasının qarşısında avtomobil saxlamaq olar, amma, minlərlə insanın istifadəçisi olduğu M.F.Axundov adına Mərkəzi Kitabxananın qarşısında avtomobili nəinki dayandırmaq, dayanacaq etmək də olmaz.
Digər tərəfdən işsizliyə qarşı mübarizə aparan hökumət bu addımı ilə yüzlərlə insanı işsiz qoyub. Görəsən, yerli hakimiyyət nümayəndələri həmin işsiz qoyulmuş insanların taleyi ilə maraqlanırmı? Onların ailələri neçə gündür çörək pulundan məhrum edilib. Əvəzində isə evakuator xidməti və digər daha böyük dayanacaq sahibi olan “daha böyük” adamlar qazanc götürür.