Daş, yumurta, dəmir və taxta dəyənəklərlə hücum ediblər
Iyunun 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi Lənkəranda fiziki zorakılığa məruz qalıb, deyə Turan xəbər verir. Belə ki, AXCP Lənkəran şöbəsinin müşavirəsini keçirmək üçün rayona gedən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Rəyasət Heyətinin üzvləri Asif Yusifli və Mənsum Bayramov və Lənkəran şöbəsinin fəalı Nazim Həsənova rayonun girişində hücum olub.
AXCP-nin məumatına görə, rayon İH və polisin himayə etdiyi bir dəstə öyrədilmiş adamlar əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə xəsarət yetirməyə çalışıblar.
AXCP rəhbərləri avtomobillə basqınçıların əhatəsindən çıxaraq geriyə hərəkət etmək istəyiblər. Ancaq basqınçılar Mənsum Bayramova məxsus avtomobilə ciddi ziyan vurublar. Avtomobilin arxa və yan şüşələri sındırılıb, müxtəlif hissələri əzilib. Şüşələrin qırılması səbəbindən AXCP nümayəndələri müxtəlif dərəcəli xəsarət alıb.
Bundan başqa, AXCP nümayəndələrinin avtomobilinin qarşısını yük maşını ilə kəsməyə çalışıblar və bu zaman qəza vəziyyəti yaranıb.
AXCP rəhbərliyi basqınçılardan xilas olaraq Bakıya geri qayıtmağa məcbur olub. Təşkil olunmuş dəstə onları təqib edib və partiya nümayəndələri Liman qəsəbəsində ikinci dəfə hücuma məruz qalıb.
“Rayonun girəcəyində ”KaMAZ»la qarşımızı kəsdilər. Bunun təxribat olduğunu o dəqiqə anladıq. Geri qayıtmaq istəyəndə arxanı da bağladılar və bizi mühasirəyə aldılar. 50-60 adam sarı geyimdə bizə hücum etdilər. Maşını armaturla, daşla, dəyənəklərlə vurdular. Bu hücumlar o qədər intensiv və anidən oldu ki, həyatımız üçün real təhlükə yarandı. Mənsum Bayramovun çevikliyi olmasaydı, indi tamam başqa cür olacaqdı. Liman şəhərində avtomobili saxlayıb nəfəsimizi dərmək istədik. Bizə hücum edənlər maşınla arxamızca gəldilər və orada da hücuma məruz qaldıq. Bu, kiminsə öz təşəbbüsü, özfəaliyyəti deyil. Bu, ölkə başçısının sırf sanksiyalaşdırdığı siyasi terror aktıdır”, — Fuad Qəhrəmanlı bildirib. AXCP hadisə ilə bağlı bəyanatla çıxış edib.