Muəllif:

Daha kimlər həbs olundu?

Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını tələb edənlərə qarşı yalnız bir metod — həbs qətimkan tədbirinin seçilməsi adi hal almışdır. Elə gün və həftə olmur ki, kimlərsə həbslərə məruz qoyulmasın. Belə getsə, bu ölkədə tutulmayan, həbsxana görməyən adam qalmayacaq. Ötən həftə də istisna təşkil etmədi. Yeni baş vermiş bu kimi olaylardan bəzilərinə baxaq.
Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına əsasən, Azərbaycan milli kimliyi uğrunda mübariz, Şərqi Azərbaycanın Binab şəhərində «İşıq» kitab mağazasının sahibi Bəhmən Xaliqi tutulub. Hadisə iki gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
ETTELAAT Binab şöbəsinin əməkdaşları Bəhmən Xaliqini yanvarın 13-də mənzilində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, binablı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb.
Bəhmən Xaliqi son aylarda İranla Ermənistan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə qarşı Marağada keçirilən etirazlara qatıldığı üçün dəfələrlə təhdid edilib ifadə vermək üçün ETTELAAT-a çağırılsa da, o, həmin çağırışlara məhəl qoymamışdı. Azərbaycanlı fəalın hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir. Bəhmən Xaliqi əgər mağazasına farsca deyil, türkcə ad qoymaq cəsarətində bulunmuşsa, tutulacağını gözünün altına almalı idi. Mollalar belə şeyi türkə bağışlamazlar bu ölkədə.
Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını tələb edənlərdən biri marağalı fəal Davud Əzimzadə isə ETTELAAT Marağa şöbəsinin əməkdaşları tərəfindən yanvarın 13-də mənzilində tutulub. Adətən olduğu kimi, onu da bilinməz istiqamətə aparıblar. Evdə olarkən polislər evin altını üstünə çevirib, Davuda məxsus bir sıra şəxsi əşyaları götürmüşlər.
Təbriz Universitetinin tələbəsi Əmir Çəməni də tutulanlar sırasında yer alır. Onu ETTELAAT Təbriz şöbəsinin əməkdaşları yanvarın 13-də axşam yaşadığı mənzildən aparıblar. Onun evində də sanksiyasız yoxlama aparılıb. Ona məxsus bir sıra şəxsi əşyalar götürülüb.
Əmir Çəməniyə qarşı irəli sürülən ittiham bəlli deyil. O, milli haqların təmin olunması istiqamətində fəaliyyətinə görə bundan əvvəl də tutulmuşdu. «Sistemə qarşı təbliğat aparmaqda, ali lider ayətullah Xamneyi və prezident Əhmədinejadı təhqir etməkdə» günahlandırılaraq 9 ay həbsdə saxlanmış, 2012-ci ilin iyulunda mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı. Onu yenə aparıblar. Görünür, mollaların nəzərində «islah» olunmayıb.
Ötən ilin avqustunda Güney Azərbaycanın Qaradağ mahalında baş vermiş zəlzələdən ziyan çəkənlər hakimiyyətin diqqətindən kənar qalsa da, ictimai fəallar və adi insanlar çoxsaylı çətinliklərlə üzləşən soydaşlarına yardım əli uzatmaqda davam edirlər. Bütün dünyada insaniyyət rakursundan bu, normal bir işdir. İranda isə belə deyil. Tehran hakimiyyəti bu insanlara da mane olmaqdadır. Mane olmaq o yana, dərhal həbsxanaya salırlar.
Yardım apararkən həbs edilən azərbaycanlıların bir qrupuna bu günlərdə hökm oxunub. Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilən Hüseyin Rövnəqi Məliki 2 il, Bəhruz Ələvi 2 il 3 ay, Həmidrza Musəbian 2 il 6 ay, Vahid Hulusi 2 il, Bəhnam Şucai 2 il həbs cəzasına məhkum edilib. Fərid Ruhani, Həsən Rövnəqi Məliki, Şayan Vəhdəti, Murtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur və Əmir Runasi isə 6 ay azadlıqdan məhrum ediliblər.
Məhkəmə Nəvid Xancani barədə hələlik qərar çıxarmayıb. Bu azərbaycanlı fəallar hökumət əleyhinə təbliğat aparmaqda və dövlətin təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə təqsirləndiriliblər.
Qeyd edək ki, mühakimə edilən azərbaycanlılar 2012-ci il sentyabr ayında zəlzələ bölgəsinə yardım apardıqları üçün ETTELAAT əməkdaşları tərəfindən həbs ediliblər. Daha əvvəl onlara qarşı irəli sürülən ittihamlardan biri zəlzələdən zərərçəkənlərə istifadə müddəti bitmiş və keyfiyyətsiz ərzaq paylamaq olub. Lakin iddiaçılar məhkəmə prosesində bu ittihamı təsdiq edən dəlil təqdim edə bilməyiblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 167