Daha 4 vətəndaşımız İnterpola verildi
Azərbaycanın hüquq mühafizə orqanları İnterpol xətti ilə daha 4 Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib. Onlardan biri terrorçuluqda ittiham edilir, digəri isə vaxtilə cüdo üzrə dünya çempionu olub.
Trend İnterpolun rəsmi saytına istinadən xəbər verir ki, axtarışa verilənlərdən Saday Qayıbxanov 1983-cü il martın 10-da Bakıda doğulub. Azərbaycan, rus və puştu dillərini bilir.
Qayıbxanov terrorçuluqda — qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətində iştirak etmək, o cümlədən onların hərbi silah-sursat və partlayıcı maddələrlə təchiz edilməsində ittiham olunur.
Razi Səfərov vəzifə səlahiyyətlərindən sui-istifadədə, sənədlərin saxtalaşdırılması ilə cinayətin törədilməsinə yardımçı olmaqda ittiham olunur. O, 1981-ci il iyunun 6-da Naxçıvan Mutar Respublikası, Babək rayonunun Cəhri kəndində doğulub.
Qeyd edək ki, Səfərov vaxtilə əlil cüdoçular arasında dünya çempionu adını qazanıb.
Bir qrup şəxslə əlbir olaraq külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilən Səlimov Elmir Səlim oğlu isə 1972-ci il mayın 8-də Bakıda doğulub.
Axtarışa verilən digər şəxs — Valeri Palagin 1953-cü il sentyabrın 6-da Rusiyanın Stavropol vilayətində doğulub. Palagin soyğunçuluqda ittiham edilir.