Dağlıq Qarabağa qanunsuz səfər etmiş Kanadalı deputat peşmanladı
Ermənilərin pulu batdı, planları pozuldu, zəhmətləri hədər getdi. Dağlıq Qarabağa qanunsuz səfər etmiş kanadalı deputat Azərbaycanın Ottavadakı səfiri ilə görüşüb və bunun necə baş verdiyini danışıb, Azərbaycana dost olmaq istədiyini dilə gətirib. Rəsmən səfirliyə məktub da yazıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada parlamentinin İcmalar Palatasının Liberallar partiyasından olan üzvü Stefan Dion (Stéphane Maurice Dion) (1955) Azərbaycanın Kanada səfirliyinə gəlib və səfir Fərid Şəfiyevlə görüş keçirib. Ölkəmizin Kanadadakı səfirliyindən verilən bilgiyə görə, görüş zamanı Stefan Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gedib çıxdığını bildirib. O heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulayıb. Dion Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirib.
Bundan başqa, Dion Azərbaycan səfirliyinə məktub ünvanlayıb. Məktubda o, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun prinsipləri əsasında sülh yolu ilə həllinə dəstəyini izhar edib və Kanada ilə Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu ifadə edib.

