Dağıstan üzərindən daha bir təhdid
Azərbaycanın Dağıstanla həmsərhəd rayonları ekoloji təhdidlə üz-üzədir. Dağıstanda məşhur ekoloq alim Mirzəbəy Alimov artıq bu yöndə həyəcan təbili çalmağa başlamışdır. Belə ki, Dağıstanın Azərbaycanla sərhəd bölgəsindəki Qızıl Dərə vadisi boyunca çox nəhəng faydalı qazıntı yataqlarının istismarı üçün oliqarxlar arasında qanlı çəkişmə davam edir. Buraya yerli və Rusiyanın ən zəngin şirkətləri göz dikmişlər. 1964-1983-cü illərdə aparılan geoloji tədqiqatlar zamanı bəlli olmuşdur ki, bu bölgədə çox böyük mis mədənləri, digər faydalı qazıntı yataqları mövcuddur. Bölgəyə artan maraqların arxasında duran əsas amillərdən biri də Dağıstanda kimin daha çox istehsal və emal müəssisələrinə sahib olmaq iddiasıdır. Çünki, hər bir imkanlı şəxs həm də bölgənin əsas söz sahibi kimi qavranılır.
Kim yataqlara sahib olsa, bölgəni də o idarə edəcək
Qızıl Dərə vadisinin ən iri yataqlarından biri Börçi adlanır (sonradan bu türk toponiminin qarşısına bir «Xnov» sözü əlavə edilmişdir). Burada Fiy-2 sənayedə çox faydalı olan mis konsentrantı kimi qurğuşun və sink, Fiy-1 dəmir sənayesində lazım olan mis, qurğuşun və bunun konsentrantının ehtiyatları yetərincədir. Bundan əlavə, Qdım, Tunnel, Suraçay, Boz Mis, Güney Xnov, Oqalmatex, Börçi-1, Börçi-2, Qalaqatxet, Güney yataqlarında mis emalı üçün yetərincə ehtiyatlar var. Bundan əlavə, buradakı sulfid yataqları misin emalı üçün böyük bir mənbə hesab olunur.
Qızıl Dərə yataqlarında sulfid metalı, sink və misin geoloji yataqlarından istifadə üçün hələ 1975-ci ildə qəbul edilmiş 29 saylı geoloji yataqdan istifadə qanunun 435-ci maddəsi əsas götürülür. Bu yöndə 1992-ci il 21 fevral tarixində 2395-1 saylı müvafiq sərəncam da var. Bunların əsasında geoloji yataqlardan istifadə hüququnu əldə etmək üçün bir sıra şirkətlər hərəkətə keçmişlər. Hazırda bölgədə həmin yataqlar üzərində xüsusi paya sahib çıxmaq üçün çəkişmə gedir. Geoloqların və ekoloqların etirazlarına və elmi həqiqətlərinə, həyəcan təbili çalmalarına baxmayaraq, Axtı Çay və Samur çayları boyunca və xüsusilə Xnov-Börçi yataqlarına sahiblənmək üçün gərgin rəqabət yaşanmaqdadır.
Ekoloqların bildirdiyinə görə, bu yataqlardan istifadə olunması üçün ilk öncə ekoloji təhlükəsizlik haqqında memorandum imzalanmalıdır. Çünki, bütövlükdə Güney Dağıstan bölgəsində iri sənaye müəssisələri yox dərəcəsindədir. Hesab olunur ki, Qızıl Dərə yataqlarında ekoloji təhlükəsizliyə əməl olunmazsa, Dağıstanın bütün güney bölgələri, eləcə də Azərbaycanın sərhədyanı rayonları və Xəzər dənizi ağır ekoloji fəsadla üz-üzə qalacaqdır.
Digər yandan isə Məhərrəmkənd, Axtı, Rutul, Kurax, Xiv, Süleyman Stalski və Doqquzpara rayonları boyunca iri istehsal vasitələrinin yaradılmasının siyasi nəticələri də olacaq. Yəni bölgənin tamamilə ləzgiləşdirilməsi… Bu element də indi həmin yataqların istismarı məsələsində mühüm yer tutur.
Bu sırada məşhur milyarder və etnik mənşəcə ləzgi olan Süleyman Kərimov 2006-cı ildən indiyə kimi müəyyən təşəbbüslər irəli sürsə də, bölgənin yerli klanlarının və etnomafiyanın tələblərinə uyğun addım atmaqdan yayınır. Çünki, onların şərtlərinə əməl etmək əlavə xərclər deməkdir. Kərimov yaranmış problemin həlli istiqamətində şahmatda olduğu kimi, böyük gediş edərək onun sahibi olduğu «Nafta Moskva» holdinqinin uzun müddət baş direktoru olmuş Oleq Lipatovu Dağıstan baş nazirinin 1-ci müavini postuna gətirtmişdir.
Məhkəmələr ekoloqlara məhəl qoymur
16 mart 2001-ci ildə paytaxt Mahaçqala məhkəməsi ekoloq alim Mirzəbəy Alimovun şikayəti əsasında Qızıl Dərə yataqlarından istifadə və bunun ekoloji fəsadları barədə iddiasına baxmış və bölgədəki minerallardan istifadənin qanuni olması barədə qərar qəbul etmişdi. Mirzəbəy Alimov iddia edirdi ki, Axtı Çay və Samur çayı vadiləri boyunca torpaqlar eroziyaya uğrayacaq və nəticədə yerli əhali Rusiyanın başqa bölgələrinə miqrasiyaya məcbur qalacaq. Məhkəməyə Alimov Qızıl Dərə vadisindəki yataqların şaxtalarından ekspertiza üçün nümunələri belə təqdim etmişdi. Onun iddiasında ekoloji təhdidlərə dair hesablamalar yer alırdı: Samur çayı vasitəsilə Xəzər dənizinə böyük miqyasda çirkli sular axıb töküləcək və nəticədə böyük fəsadlar törəyəcək.
Məhkəmə ərəfəsində Alimovu ekoloq alim kimi qəbul etmədilər, onu sadəcə Dağıstan «balıq mafiyası»ndan gələn sifarişlərin icraçısı kimi suçlayanlar peyda oldular.
Qızıl Dərə vadisində mis və digər faydalı qazıntı yataqlarının istismarının tərəfdarları bu gün yenidən fəallaşıblar. Süleyman Kərimovun adamının baş nazirin 1-ci müavini təyin olunmasından sonra təkidlərin daha sərt xarakter aldığı müşahidə olunmaqdadır. Onlar Dağıstan və Rusiya hökumətlərini inandırmağa çalışırlar ki, Qızıl Dərə yataqlarından ən ağır qarışıq metal ionları qismində ildə azı 10-12 min ton mis və digər metallar hasil etmək mümkündür. Ekoloqlar isə Rusiya prezidentinin 2007-ci il 12 mart tarixində imzaladığı 319 saylı əmri əsas şərt kimi irəli sürürlər. Bu sənəddə qeyd olunur ki, təbii ehtiyatlardan istifadə olunması halları zamanı federal ekoloji təhlükəsizlik stukturları mədənlərdən istifadə halları zamanı təbii aləmin ekoloji təhlükəsizliyinə birbaşa savabdehdir və bunu daim nəzarətdə saxlamağa borcludurlar.
Rusiya Texniki Nəzarət və Rusiya Təbii Ehtiyatalara Nəzarət dövlət komitələri təbii resurslara nəzarəti diqqət mərkəzində saxlamaq üçün ardıcıl şəkildə Güney Dağıstana xüsusi komissiyalar göndərir. Lakin hələlik hər hansı problem həll edilməmişdir. Çünki, buradakı Fiy-1, Fiy-2, Börçi -1 və Börçi-2 yataqlarının istismarında heç kəs üzərinə ekoloji təhlükəsizlik öhdəlikləri götürmək istəmir.
Aparılan araşdırmalar zamanı bəlli olmuşdur ki, Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarında Süleyman Kərimovun ən yaxın biznes ortağı, uzun illərdir çiyin-çiyinə çalışdığı, «Nafta Moskva» holdinqinin əsas maliyyə stukturu hesab olunan «İst» şirkətinin sahibi Aleksandr Nersis adlı bir erməni daha çox maraqlıdır. Alekdsandr Nersis həm də «Rusiya Erməniləri İttifaqı» idarə heyətinin üzvüdür…
Müşahidələrə görə Süleyman Kərimov Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarının paketlərini ələ keçirəcəyi təqdirdə, Alekdsandr Nersisin komandasındakı erməni geoloqlar və metal sənayesi üzrə mütəxəssislər dərhal hərəkətə keçəcəklər.
Beləliklə, Ermənistandakı və Azərbaycanın işğal olunmuş ərazilərində faydalı qazıntı yataqlarını istismar etməklə Araz çayının həm də ekoloji təhlükəsizliyinə ciddi zərbələr vuran erməni geoloqları bu dəfə Xəzər dənizini və Samur çayını zəhərləməklə regionda digər problemlərin yaranmasında sanki maraqlı tərəf kimi görünürlər.
Süleyman Kərimovu isə özünün biznes imperiyasının gəlirlərinin hüdudları maraqlandırır. Buna görə də, bölgədə ekoloqların həyəcan dolusu etirazlarını elə ləzgilərin sırasında müdafiə edənlər də tapılmışlar.
Yataqlar uğrunda savaşın gizlinləri
2006-cı il 30 avqust tarixində Qızıl Dərə yataqlarının istismarı üzrə Rusiyanın ən güclü maliyyə dayaqlarından biri olan «Rosİnvest» şirkəti bu yöndə vadiyə məxsus bütün səhm paketlərinin sahibi olmuşdu. Bunun üçün bölgədəki ərazilərdə yerli ləzgi əhalisindən kimin pay torpaqları var idisə, hər sota görə «Rosİnvest» şirkəti 10 min rubl (30 dollar) vəsait ödəmişdi. Heç kimin ağlına gəlmirdi ki, dərəli-təpəli və istifadə olunmayan bu ərazilərin indi qiyməti birdən birə min dəfə artmışdır.
«Rosİnvest» bölgədəki yataqların istismarı sahəsində xeyli işlər də görmüşdür. İndi şirkətə qarşı yenicə yaradılmış «Ləzgi Fondu» yerli əhalini səfərbər edərək bir sıra iddialar irəli sürməkdədir. Xüsusilə metal ionlarının ekoloji təhlükəni daha da ağırlaşdırması, insanlar arasında kütləvi şəkildə ağır xəstəliklərin yayılacağı, torpaqların çirklənəcəyi və s. bəhanə edərək, «Rosİnvest»i sıxışdırmağa başlamışlar. İçməli su mənbələrinin laboratoriyalarda təhlili onların narahatlığının əsassız olmadığını sübut edir.
Rəsmi dövlət qəzeti «Daqestanskaya Pravda»nın 30 mart 2012-ci il sayında «Rosİnvest»ə və onun bölgədəki himayədarlarına qarşı açıq hücum edildi. Bundan sonra ləzgilərin nəzarətindəki Respublika Prokurorluğu dərhal cinayət işi açmış, bu zəmində iqtisadi cinayətləri, onların rəvac verdikləri ekoloji problemləri araşdırmağa başlamışdır. «Ləzgi Fondu» prokurorluğa bu cinayət işi üzrə lazım olan bütün materialları təqdim etmiş, istintaq işlərində lazım olan sənədlərin hazırlanmasında yaxından iştirak etmişdir. «Rosİnvest» indiki şəraitdə özünümüdafiə üçün «MAX 13862» saylı hüquqi sənədi ortaya qoymuşdur. Bu sənədə əsaslanaraq, Qızıl Dərə vadisinə şirkət tərəfindən qoyulan yatırımların miqyası qabardılır.
Süleyman Kərimovun tərəfdarları isə Qızıl Dərə yataqlarının istismarı sahəsində şaxtaların olmaması və müvafiq emal kombinatının tikilməməsi, digər infrastukturların yaradılmaması ittihamlarını irəli sürməyə başlamışlar. İddialarda yer alan epizodlardan biri də zərərli filiz birləşmələrinin bölgədə torpağa basdırılması, bu səbəbdən yağmurlar nəticəsində yerin təkindən üzə çıxan ion çirklənmələrinin daha geniş əraziləri əhatə etməsi, heyvandarlığa daha çox zərər verməsi, otlaq örtüklərinin zəhərlənməsidir. Bu hallar özəlliklə qabardılır.
Lakin çox maraqlıdır ki, bölgədə belə bir qorxulu durumun yaranmasının təqsirkarı qismində yerli ləzgi milliyyətindən olan məmurların suçlarını kimsə xatırlamaq istəmir. Çünki, əhalini «Rosİnvest» şirkətinə qarşı üsyana sövq edən elə həmin məmur mafiyasıdır. Necə deyərlər «dünənə görə sağ ol», «sabaha görə kim daha çox ödəyəcəksə, ona da sağ ol» misalı indi ən çox dəbdə olan fikirdir.
Tərkibində mis konsentrantı olan ekoloji çirklənməni bəhanə edənlər Axtı Çay və Samur çayı vadilərinin qorunması və bölgəyə daha effektiv gəlir gətirə biləcək şirkətlərin dəvət olunması adı altında əslində Aleksandr Nersisin strateji hədəflərinin gizlinləri üzə çıxır. Belə ki, son bir ildə Quzey Qafqaz Erməni Kilsələri Şurasının yaratdığı «Güney Dağıstanda qədim xristian abidələri və mədəniyyətinin izləri» qrupu əslində bölgə əhalisini ələ almaq üçün bir sıra məkrli ideoloji layihələri həyata keçirmişdir.
İndi sırada Aleksandr Nersisə məxsus şirkətlərin bölgədəki yataqların istismarını nəzarətə almaq və uzun müddətə hesablanmış strateji hədəfləri rəsmiləşdirmək kimi niyyətləri var. Azərbaycana qarşı ekoloji mühiti dörd bir tərəfdən ağırlaşdırmaq bu strategiyanın əsas hədəfidir.