“Çövkən” filmi “Zlatibor-2013” film festivalının qalibi oldu
Serbiyanın Zlatibor şəhərində “Zlatibor-2013” idman filmləri üzrə ikinci beynəlxalq film festivalında bizim kinematoqrafı təmsil edən “Çövkən” filmi qalib gəlib. Bu barədə Azərbaycanın Serbiya səfirliyi xəbər yayıb. Tədbirdə Serbiyanın mədəniyyət və informasiya naziri Bratislav Petkoviç, Rusiya Federasiyasının Serbiya səfiri Aleksandr Çepurin, Zlatibor şəhər meriyasının rəhbərliyi, ölkənin tanınmış mədəniyyət xadimləri, Azərbaycanın Serbiya səfirliyinin nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Belqrad Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaçları, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılariştirak ediblər. Yerli KİV bu mədəniyyət tədbirinə maraq göstərmişdir.
Festivalda 18 ölkədən müxtəlif filmlər nümayiş etdirilib. Münsiflər heyətinin qərarına görə Azərbaycan rejissoru Rafiq Quliyevin “Çövkən” filmi idmanda ölkəmizin milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülüb. “Çövkən” filminin nümayişindən sonra mükafat və diplom Səfirliyimizin əməkdaşına təqdim edilib. Festival ölkə mətbuatında geniş işıqlandırılıb.