Muəllif:

Çörək və…

Eurovision-a qoşulandan (2008) dördüncü dəfədir Azərbaycanın adı bu müsabiqə ilə bağlı siyasi qalmaqallarda çəkilir. İkisi Ermənistanla, üçüncüsü Eurovision-2012-yə hazırlıqla əlaqədar əvvəlki qalmaqalların üstündən nisbətən asan keçmək mümkün oldu. Bu dəfə məsələni Rusiya böyütdü, az qala diplomatik münaqişə həddinə çatdırdı: xarici işlər naziri Lavrov rus müğənnisinə səs vermədiyimizə görə bizimlə haqq-hesab çəkəcəklərini bildirdi.
Rusiyanın qonşuları ilə «haqq-hesabının» necə baha başa gəldiyini az görməmişik. Elə buna görə də Azərbaycanın Moskvadakı diplomatik missiyasının rəhbəri tələm-tələsik Eurovision-u «əlbəttə, qeyri-ciddi müsabiqə» adlandırdı və ondan imtina etmiş Türkiyənin hərəkətini təqdir etdi.
Əlbəttə və əlbəttə ki, cənab səfir, Eurovision qeyri-ciddi müsabiqədir, mahnı yarışı deyil, siyasi təkəbbürün nümayişidir. Bəs biz də ötən il bunu demirdikmi, bundan yazmırdıqmı? Bu həmin qeyri-ciddi müsabiqə deyilmi ki, onun təşkili üçün Azərbaycan Almaniya, Norveç, Finlyandiya kimi varlı dövlətləri dəfələrlə üstələyib Eurovision-un 57 illik tarixində görünməmiş məbləğ — 63,5 milyon dollar pul xərclədi, evləri uçurulan vətəndaşlarının qışqırığına məhəl qoymadı, buna etiraz edənləri «milli xəyanətkar» adlandırdı? Bu pullar musiqili siyasi şou səhnəsinə görməmişliklə təzəcə atılmış gənc Azərbaycanın əhalisinin boğazından kəsilmişdi. 63 milyon dollar ölkənin ikinci şəhəri Gəncənin büdcəsindən təxminən 2 dəfə yarım çoxdur.
Rusiya ilə qalmaqal da, yəqin, yoluna qoyular. Hərçənd, tamamilə bəllidir ki, artıq xərcə düşmək lazım gələcək. Bəs sonrası necə olacaq? Yenədəmi dünyaya tox və şad-xürrəm görünmək üçün orta aylıq maaşı 200 manat təşkil edən, şagird-tələbə əlinə baxan müəllimlərimizin, xəstə cibi güdən həkimlərimizin, işsiz gənclərimizin gözləri qarşısında astronomik məbləğlərə «qeyri-ciddi» müsabiqələr, bahalı-bahalı rallilər, çempionatlar keçirəcəyik, insanların dolanışığını təmin edə biləcək fabrik-zavodlar əvəzinə, boş qalmış stadionlar, şəhərin adlı-sanlı qonaqlarını heyrətləndirən konsert zalları, çoxmərtəbəli bina qiymətinə başa gələn mərmər keçidlər tikəcəyik, gül bayramları düzənləyəcəyik? Gül bayramı bitdikdən sonra insanların çiçək səbətlərinin üstünə necə acgözlüklə atıldıqlarını nümayiş etdirən videoçarxa baxmısınızmı?
Məndə belə təsəvvür var ki, heç nə dəyişməyəcək. Çünki, anladığıma görə, bu ölkə eramızın ikinci əsrində romalı şair Yuvenalın təsvir etdiyi və bir çox hakimiyyətlərin karına gəlmiş «xalq üçün Çörək və Tamaşa» prinsipi ilə idarə olunur. İlk vaxtlar həqiqətən də belə idi. Amma tezliklə məmurlar millətə vəd olunmuş çörəyə də tamah saldılar. Qaldı tamaşa. Sonra yavaş-yavaş iqtidar sahibləri xalq üçün hazırladıqları tamaşalara özləri aludə oldular. Uşağa aldığı oyuncaqla özü oynamağa başlayan ata kimi.
Eurovision-dan tək Türkiyə yox, vaxtı ilə fransızlar da küsüb, italyanlar da, avstriyalılar da. Sonra qayıdıblar. Əsas odur ki, öz xalqını küsdürməyəsən. O, küsəndə asan qayıtmır. Xeyir-şər məclislərində camaat Rusiyanın Eurovision-a görə Azərbaycana təpkisindən az qala sevinclə danışır. Bəlkə yuxarılarda bilmirlər, bəlkə də bilənlər bilməyənlərə demirlər: amma Montindəki Mərkəzin tüstüsü şəhərin üstünü alanda da çoxları təəssüf hissi keçirtmirdi. Nəsimi rayonundakı nəhəng xəstəxana binası yananda da avtobusda-metroda sərnişinlər zarafata salırdılar. Facebook bu barədə ironik qeydlərlə dolu idi. Elə bil gedən xalqın cibindən getmir, yanan millətin malı deyil, təpki altında qalan hamımızın dövləti deyil. Bilirsiniz niyə? Çünki sadə adamlar həqiqətən də bunları özününkü hesab etmirlər. Onlar özlərini ağaların qurduğu tamaşaya baxmaq üçün damın üstünə çıxmış biletsiz seyrçilər rolunda görürlər. Və səhnədə alov qalxanda onu söndürmək üçün köməyə gəlmirlər…
Qeyri-ciddi işlərə görə xalqı incitmək olmaz. Fəsadları çox ciddi olur.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204