Muəllif:

Coğrafiya İnstitutu: Azərbaycan Avropa qitəsinə aid edilsin

Azərbaycan MEA Coğrafiya İnstitutunun alimləri Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürüb. MEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təklif qəbul olunarsa, Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq.

Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Mangistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkəmizdən keçməsi nəzərdə tutulan sərhəd zolağı Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib.

İnstitutun direktoru, MEA müxbir üzvü Ramiz Məmmədov bildirib ki, 1964-cü ildə Avropa ilə Asiyanın cənub sərhədi müəyyənləşdirilərkən qəbul edilmiş beynəlxalq elmi-coğrafi əsaslı qaydalara əməl olunmayıb: “Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmamış, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib”.

Hazırda Coğrafiya İnstitutunun mütəxəssisləri Fatmai kəndi və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında sərhədin rəmzi göstəricisi olan lövhələr quraşdırır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168