Muəllif:

Cini tutmaq olarmı?

Ankara
Azərbaycan hakimiyyəti ondan diffamasiya qanunu gözləyən optimist avropalıları növbəti dəfə yanıltdı. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin cəmiyyət üzərində təzyiq mexanizmi kimi özü üçün nə qədər mühüm olduğunu mayın 14-də parlamentdə qəbul etdirdiyi dəyişikliklərlə bir daha nümayiş etdirdi. Yeni dəyişikliklərə görə, Cinayət Məcəlləsinin təhqirə və böhtana görə məsuliyyət nəzərdə tutan maddələri artıq interneti də əhatə edəcək.
Azərbaycan hakimiyyəti son bir neçə ildə interneti nəzarət altına almaq istiqamətində ciddi düşünür. 2009-cu ildən başlayaraq zaman-zaman internet mediasının tənzimlənməsi, internetin məhdudlaşdırılması, internet resurslarına nəzarətin artırılması istiqamətində təkliflər səslənir. Amma digər sahələri nəzarət altına almaqda çətinliyi olmayan hakimiyyətin diqqətə almadığı bir nüans var: internet «pristav»ların öhdəsindən gələ biləcəyi bir məcra deyil — o «pristav»lar nə qədər avtoritar, nə qədər qəddar olsalar belə. Əksinə, gedərək daha sürətlə inkişaf edən internet texnologiyaları, virtual məkanda kütləviliyi və təşkilatlanmanı təmin edə bilən 2.0 proqramları ən qəddar fironları taxtından edən faktorlardan biri olaraq önə çıxır. Ən yaxın tarixdə — Tunis, Misir olaylarında bunun şahidi olduq.
Azərbaycan hakimiyyəti bütün dünyanın üzərində baş sındırdığı bu fenomenlə «baltayla» savaşmağı seçir. Çin, İran, Kuba kimi «iki əli baltalıların» belə çoxqatlı filtrlərlə qarşısını ala bilmədiyi «cin»lə asanlıqla başa çıxacağını düşünür. Mobil telefon operatorlarına pulsuz «Facebook» və «Twitter» xidmətlərini ləğv etdirir (Dünyanın bütün ölkələrində mobil operatorların daha çox abunəçi toplamaq üçün məhz bu cür pulsuz xidmət kampaniyalarından istifadə etdikləri halda, Azərbaycanda bunun tərsinin olmasının başqa izahı yoxdur), «Facebook»a girişin qadağan olunması təşəbbüsünü irəli sürür, internetdə təhqirə və böhtana görə qanuna ayrıca dəyişiklik etmək zərurəti hiss edir.
Ancaq bu addımların heç biri Azərbaycan hakimiyyətinin arzuladığı nəticəyə gətirib çıxarmayacaq. Çünki birincisi, mobil operatorlarda pulsuz sosial media xidmətlərinin dayandırılması yoluyla aktiv «Facebook» və ya «Twitter» istifadəçilərinin fəaliyyətini və anlıq xəbərləşmə imkanlarını məhdudlaşdırmaq ağlabatan görünmür. Çünki 2.0 proqramları istifadəçinin pul xərcləməyə qıymayacağı «xəstəliklərdən» deyil. Dünyaya, ölkəyə, yaxın çevrəsinə, hətta qohum-əqrəbasına aid yenilikləri eyni anda eyni platformada öyrənmək və paylaşmaq həzzini dadan istifadəçi üçün bu xidmətlərə çox da böyük olmayan məbləğ ödəmək aktiv istifadəçilər üçün problem yaratmayacaq.
«Facebook»a girişin qadağan olunması da iqtidarın problemini həll eləmir. Türkiyədə uzun müddət məhkəmələr Atatürkü təhqir edən videolar yerləşdirildiyi üçün «Youtube» saytına girişi qadağan elədilər. Bu materialların çıxarılması üçün mübarizə aparmaq mümkün olduğu halda, problemin bu şəkildə, necə deyərlər, kökdən həllinin faydası oldumu? Olmadı. Türkiyədə istəyən hər kəs çox rahatlıqla bu sayta giriş yolunu tapdı. Sonunda dövlət qadağanı ləğv etməyə məcbur oldu.
Azərbaycan hakimiyyəti hətta Belarus prezidenti Lukaşenkodan və ya Tacikistan prezidenti Rəhmandan nümunə götürərək «Facebook»a girişi qadağan eləsə və ya məhdudlaşdırsa belə, istədiyi nəticəni alması mümkün deyil. Əvvəla, bu qadağanı pozmaq mümkündür, məsələn, Vyetnamdakı kimi. İkincisi, «Facebook» qadağan edilsə, insanlar daha sürətli məcra olan «Twitter»ə keçəcək, o qadağan edilsə, «Livejournal»a keçəcək, o da qadağan olunsa, başqa bir şəbəkə tapacaq və ya yaradacaq. Çətini cin şüşədən çıxıncayadı, o da çıxıb artıq…
İnternetdə təhqirə və ya böhtana görə qanuna ayrıca düzəliş məsələsinə gəlincə, bu da psixoloji təzyiq cəhdindən başqa bir şey deyil. Çünki birincisi, Azərbaycan qanunvericiliyinə görə, internet də KİV sayılır, yəni KİV üçün nəzərdə tutulan bütün qaydalar, tənzimləmələr, cəzalar internet üçün də keçərlidir. Bu baxımdan Cinayət Məcəlləsinə ayrıca «internet» sözünün daxil edilməsi «xoxan var» deməkdən başqa bir şey deyil. İkincisi, dünyanın hər yerində təhqir və böhtanın məsuliyyəti bəllidir. Cinayətin real və ya virtual aləmdə baş verməsinin çox ciddi fərqi yoxdur, internetlə bağlı ayrıca qanun qəbul etmədən də cəza vermək mümkündür. İnternetdə təhqir, böhtan və ya başqa cinayətlərlə bağlı xüsusi qanunlar qəbul edilməsi, yəni dövlətin inzibati metodlara əl atması xüsusi effektiv vasitə sayılmır. Çünki internetin spesifikası fərqlidir və nə qədər çox çərçivəyə salmaq istəyirsənsə, o qədər yeni problem, yeni sual ortaya çıxır. Məsələn, internetdə təhqir və ya böhtana yer verən şəxs ölkə xaricindədirsə, xarici ölkə vətəndaşıdırsa, onu necə cəzalandıracaqsınız? İnternet resursu ölkə xaricindən idarə edilirsə, ona necə cəza tətbiq edəcəksiniz? İnternet resursu həqiqi kimliyini gizlədərək təhqir və ya böhtan cinayəti törədən şəxsin haqqındakı məlumatları vermək istəməsə, onda nə olacaq? Məsələn, mərkəzi ofisi ABŞ-da olan «Twitter» istifadəçilərin İP nömrələrini başqa ölkələrin hüquq-mühafizə orqanlarıyla paylaşmır. Xüsusilə də təhqir Amerikada fikir azadlığı kontekstində dəyərləndirildiyi üçün başqa ölkələrə istifadəçilərlə bağlı məlumatlar verilmir. Yalnız uşaq pornoqrafiyası, müəllif haqları və lisenziya haqlarının pozulması kimi məsələlər istisnadır. Xarici ölkələrin birində oturub başqa adla «Twitter»dən təhqiramiz mesaj yazan birini Azərbaycan hökuməti necə cəzalandıracaq?
Dünya təcrübəsi heç bir ölkənin bu suallara cavab tapa bilmədiyinə dair nümunələrlə doludur. Əslində Azərbaycan hakimiyyətinin niyyəti də bu suallara cavab tapmaq, hüququ tənzimləmək, insanları təhqirdən, böhtandan qorumaq deyil. Bu niyyəti ən açıq və ən doğru şəkildə iqtidara yaxın deputat Fəzail Ağamalı izah edib:»Xaricdən sosial şəbəkələr vasitəsilə adamları küçələrə çıxarırlar. Amma görün, o adamları sosial şəbəkələr vasitəsi ilə geri çağırmaq olurmu?»
Adamları küçələrə çıxarmaq — bütün oyun bu «armudun» başındadı…

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 702