Çingiz Abdullayev: “Sevgi hissi ürəyimdən çıxan gün…”
Çingiz Abdullayevin 54 yaşı tamam oldu. Romanları Almaniya, İrlandiya, Fransa və Rusiyada kütləvi tirajla buraxılan, 20 milyon nüsxədə olan 600-dən çox kitabın müəllifi Ç.Abdullayev dünyada siyasi detektiv janrında ən yaxşı yazan müasir yazıçılardan biri kimi tanınır. Adətən 50 yaşa qədər zirvə, 50-dən sonra eniş deyirlər. Ədəbyyatçıdan 50 ildə özünü görmək istədiyi zirvəyə çata bildiyini xəbər aldıq?
– Deyirlər, 50 yaşadək insan ad qazanır, 50 yaşdan sonra ad ona işləyir. Təsəvvür edə bilməzdim ki, belə cavan – 53-54 yaşımda xalq yazıçısı olaram, dünyada bu qədər kitabım satılar, əsərlərim 29 dilə tərcümə edilər. Təbii ki, cavanlıqda istəyirdim ki, kitablarım çıxsın, sevinərdim ki, 3-4-5 dilə tərcümə olunsun. Amma bilməzdim ki, müxtəlif dillərdə 2 mindən çox kitabım çıxacaq.
– Bir çox oxucularınız özünü sizin hər hansı qəhrəmanınıza bənzədir, bəs sizin həyatda bənzəmək istədiyiniz insan varmı?
– Hər zaman atama və otağımda portreti olan yazıçı –Ernest Heminqueyə oxşamaq istəmişəm. Atamla dost idik. Amma təəssüf ki, şəxsən Heminqueyi tanımadım. Onunla danışmaq, ünsiyyətdə olmaq istəyərdim. Əsərlərimdəki qəhrəmanlardan isə təbii ki, Dronqoya bənzəyirəm.
– Əsərlərinizin mövzu qaynağı hardandır?
– Həyatdan və yuxulardan. 30-40 ildən çoxdur ki, yarım saat da yatanda yuxu görürəm. Bir çox kitablarımda yuxularım süjet xətti olub. “Məhkumlar” filminin əsasını təşkil edən əsərdə özüm də orada olmuşam və yuxuda görmüşəm. Düşünürdüm ki, gör necə faciəvi həyat yaşayırlar, bunu mütləq işləyəcəm. Necə yaşamaq insandan asılıdır. Ağlımız kəsəndən başa düşürük ki, ömür azalır və gec-tez bu dünyadan gedəcəyik. Amma 80 yaşımız olsa da, fikirləşirik ki, hələ bir az da vaxt var. Ancaq orada yaşayanlar əlləri, ayaqları, bədənlərində görürlər ki, vaxt necə az qalır, 3-5 ay, bir il. Türmədə yaşamaq daha rahatdır, nəinki həyatda. Çünki orada özün başa düşürsən ki, gedirsən və bunu heç nə saxlaya bilməz. Bu faciəni yazdım. O insanları, hətta yuxuda da görmək çox çətindir. Orada olanda və sonra yazanda da mən o ağrını hiss edirdim. Çox yorğun olanda yuxu görmürəm.
– Ən çox sevdiyiniz yazıçı kimdir?
– Heminqueydən başqa Rey Bredberi, onu şəxsən tanıyırdım. 30 yaşım olanda onun 70 yaşı vardı. San-Fransiskoda gördüm, çox istəyirdim ona yaxınlaşım, amma utandım. Ona görə də ondan sonra mən hamıya avtoqraf verirəm, heç kimə imtina etmirəm. Özüm ki, bunları yaşamışam, ona görə. O, 92 yaşında dünyasını dəyişdi. Remark, Ayzek Azimov da sevimli yazıçılarımdır. Şekspiri çox sevirəm. Mənim üçün dünyada ən böyük dahi odur. Çünki onun hər bir sətri fəlsəfəylə doludur.
– Azərbaycanda bir çox məşhur ədiblərin övladları da bu peşəni davam etdirir. Niyə övladlarınız yazıçı olmadı?
– Allah göstərməsin ki, övladlarım yazıçı olsun. Bəyəm, mütləq prokurorun oğlu prokuror, həkimin oğlu həkim, yazıçının oğlu yazıçı olmalıdır? Mən hesab edirəm ki, bu düz deyil, uşaqlar peşəni özləri seçməlidir. Baxmayaraq ki, övladlarım mənim peşəmi seçiblər. Amma mən başa düşürəm ki, yazıçılıq nə deməkdir. Ümumiyyətlə, yaradıcılıqla məşğul olan insan bilməlidir ki, peşələri ilə övladlarını dolandıra biləcəklərmi? Əgər dolandıra bilməyəcəksənsə, niyə bəstəkar, rəssam, yazıçı olursan?
Anlayıram ki, istedaddan çox şey asılıdır, 99 faiz isə zəhmət və zülmdür. Hesab etmirəm ki, hamıdan üstünəm, hamıdan yaxşı yazıram. Amma bilirəm ki, Azərbaycanda yeganə yazıçıyam ki, xaricdən qonorar alıram. Belə yazıçı yoxdur. Ancaq kimsə zəmanət vermir ki, uşaqlarım da belə olacaq. Qızım rəssamdır. Minillik Azərbaycan rəssamlıq məktəbi ensiklopediyası nəşr edilib və orada onun da iki sənət işi var. Danimarkadan, İsveçrədən onun əsərlərini alırlar. Buna baxmayaraq, o da hüquqşünas təhsili alıb və bu sahə üzrə işləyir.
– Əsərlərinizdə ən həyəcanlı məqamlarda hər zaman bir sevgi xətti var. Bu nədən irəli gəlir? Ağır səhnələrə nisbətən yüngül məqamlar gətirmək istəyidir, yoxsa sevginin gücünü göstərmək istəyidir?
– Bu həyatdır. Ən çətin məqamlarda, hətta müharibədə də sevgi insanlara yaşamağa kömək edir. Sevgi olmasa yaradıcılıqla məşğul olmaq mümkün deyil. Freyd buna “sublimasiya” deyirdi. Əgər yaradıcı insanın ürəyində sevgi olmasa yarada bilməz. Bəzi məşhurlar, məsələn, Çaykovski qadını yox, kişini sevib. Amma buna baxmayaraq, ürəyində sevgi hissi olub. Sevgi hissi ürəyimdən çıxan gün mən yazıçı olmayacağam. Azərbaycanda Ç.Abdullayevin 3-4 fan klubu var, birində 7 mindən çox qız var. Təbii ki, buna sevinirəm. Bu ona görə deyil ki, əsas qəhrəmanlarım kişilərdir, qadın qəhrəmanlarım da var.
– Ailə qurmaq üçün sevgi əsas şərtdir?
– Əsas şərt olmalıdır. Amma son zamanlar Azərbaycanda və xarici ölkələrdə də əsas şərt rasionallıqdır – atası harada işləyir, pulu varmı-yoxmu? Deyirlər qoy narkoman olsun, axmaq olsun, amma ailəsi varlı olsun. Hər dəfə oxucularımla görüşəndə deyirəm ki, məhəbbət əsas olmalıdır. Amma hərdən düşünürəm ki, bəlkə düz demirəm. İngilislər deyir ki, məhəbbət gedir, amma haq-hesab qalır. Ancaq buna baxmayaraq, əgər istəyirsinizsə bu dünyadan gedəndə nəsə peşmançılığınız olmasın, sevdiyiniz insanla ailə qurun.
– Siz sevib ailə qurmusunuz?
– Həyat yoldaşımla qonşu olmuşuq. Ondan 8 yaş yarım böyüyəm. 18 yaşı olanda görüşdük, 19 yaşında evləndik. Sevməsəydim, evlənməzdim. Qızım da 24 yaşında 4-5 ay bundan əvvəl sevib-seçib ailə qurub. Bütün məsələləri ata kimi mən həll edirdim, amma qızıma dedim ki, ona inanıram və kimi seçsə, razı olacağam. Oğlumun hələ 20 yaşı var.
– Hansı yenilikləriniz var?
– Azərbaycanda keçirilən Eurovision haqda əsərim bu yaxınlarda çap ediləcək. Bir qadının dilindən nəql edilir. Bir neçə nəfər oxuyub və zəng vurub deyir ki, bunu mən yox, qadın yazıb. Bildirirlər ki, bunu kişi yaza bilməz. Burada Azərbaycan qadınının necə ailə qurması, əri ilə necə münasibətdə olması, hansı kişilərlə görüşməsini təsvir etmişəm. Əsas süjet xətti isə Eurovisionun keçirilməsinə mane olan qüvvələr üzərində qurulub.