Çingiz Abdullayev: Oturub heç nə etməsə, insan dəli olar
Ay balam, almayın bu kitabları belə qiymətə, mən o qədər də ağıllı deyiləm. Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, detektiv əsərləri ilə dünya şöhrəti qazanmış Çingiz Abdullayev bu dərəcədə təvazökardır. Baxmayaraq ki, 150-dək roman və povestin, 400-ə qədər publisistik məqalənin, 50-dən artıq ssenarinin müəllifidir. Özü də ədib bütün bu işləri cəmi 18 ilə görüb. Onunla söhbətə bu dərəcədə gərgin iş rejiminin sağlamlığa təsirindən başladıq:
— Doğrudan da, mənim çox gərgin iş rejimim var. Hətta bir çox insanlar bu qədər işin öhdəsindən tək gələ bildiyimə inanmırlar. Düşünürlər ki, buna nə fiziki, nə də mənəvi güc yetər. Bir neçə il öncə “Oqonyok” jurnalında yazılmışdı ki, “Çingiz Abdullayev adlı yazıçı yoxdur. Bu ad uydurmadır. Dörd nəfərdən ibarət yazıçı, jurnalist, müstəntiq qrupu birlikdə “Çingiz Abdullayev” adı altında detektiv əsərlər yazır. Axı, ola bilməz ki, bir insan tək bu qədər yazsın”. Mən də onlara məktub göndərdim və orada qeyd etdim ki, əgər müəllifi olduğum kitablardan birində mənim yazmadığım bir sətir tapsanız, sizə 10 min dollar verəcəyəm. Əgər tapmasanız, mənə bir rubl verin və üzr istəyin. Düzdür, onlar sonradan üzr istədilər, ancaq bir rublu vermədilər.
Gərgin fəaliyyətin səhhətimə təsirinə gəlincə, deyə bilərəm ki, əvvəllər bu heç bir narahatlıq yaratmasa da, artıq müəyyən problemlər hiss edirəm. Həkim məsləhətinə ehtiyacım olur. Ayaqlarımda ağrılar var. Mən həm çox oturur, həm də çox gəzirəm. Bəlkə də səbəb budur. Ancaq irsi problem də ola bilər. Mənim atamda, babamda da ayaq ağrıları olub. Bütün hallarda düşünürəm ki, fasiləsiz işləmək doğru deyil.
— Gözləriniz niyə belə şişib?
— Mən əsasən gecələr yazıram. Gecə cəmi iki saat — 11-dən 1-ə qədər yatmışam. Saat 1-dən səhərə qədər yazmışam və sonra işə gəlmişəm. Burada da ki yenə çalışıram.
— Tibb mütəxəssisləri gecə yuxusunun sağlamlıq üçün çox vacib olduğunu söyləyirlər, ümumiyyətlə, yuxusuzluğun insan orqanizminə mənfi təsirləri ilə bağlı daim xəbərdarlıq edirlər. Bunun psixoloji problemlərə, yaddaş pozulmasına və s. səbəb ola biləcəyini deyirlər…
— Mən hər zaman gecələr yazmışam. Əlbəttə, müəyyən narahatlıq, yorğunluq olur. Ancaq nə qədər yorulsam da, ürəyim istəyən kimi işləyə bilirəmsə, yazıramsa, özümü çox xoşbəxt hiss edirəm. Bu elə gözəl duyğu, elə bir həzzdir ki, onu ifadə etmək mümkün deyil. Yaddaşsızlıqdan və ya psixoloji problemlərdən şikayətim yoxdur və heç vaxt olmayıb. Mən bilmirəm istirahət nədir. Oturub heç nə etməsə, insan dəli olar. Əsl psixoloji problemlər o vaxt ortaya çıxar.
— Siz həm də Sosiologiya və sosial psixologiya fakültəsini bitirmisiniz. Yaxşı psixoloqsunuz?
— Düzü, bu haqda özümün nəsə deməyim doğru olmazdı. Ancaq dostlarımın və yaxınlarımın fikrincə, insan psixologiyasından yaxşı anlayıram. Əslində, yazıçı insan psixologiyasını yaxşı bilməlidir ki, onun yazdıqlarını oxusunlar. Əsərlərim dünyanın 27 dilinə tərcümə edilib, kitablarım Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində — Türkiyədə, Amerikada, Fransada, Bolqarıstanda, Rumıniyada, Ukraynada 25 milyondan artıq tirajla nəşr olunub. Norveçdə olarkən əsərlərimi insanların baha qiymətə — 32 avroya həvəslə aldığını görəndə istəyirdim onlara deyim ki, ay balam, almayın bu kitabları belə qiymətə. Mən o qədər də ağıllı adam deyiləm.
Hər halda, onlar mənim gözlərimə vurulmamışdılar. Mənə deyirlər ki, sən insanları yaxşı başa düşürsən. Deməli, insan psixologiyasından anlayıram.
— “Alçağın üslubu” əsərində Balzakın “Vəkillər, həkimlər və keşişlər həmişə bir qədər abırsız olurlar, belə ki, onlar həmişə insan nöqsanları haqqında daha çox şey bilirlər” fikrindən istifadə etmisiniz. Balzakla həmfikirsiniz?
— Mən bir daha vurğulamaq istəyirəm ki, bunu mən yox, Balzak deyib. Amma etiraf etmək lazımdır ki, bu bir həqiqətdir.
— Deyirlər ki, Çingiz Abdullayev hüquqşünas olmasaydı, belə məşhur detektiv yazarı ola bilməzdi. Digər tərəfdən isə, bizə məlumdur ki, məşhur detektiv əsərlərin müəllifi, ingilis yazıçısı Konan Doyl ixtisasca hüquqşünas yox, həkim olub. Maraqlıdır, siz həkim olsaydınız, qarşımızda bugünkü Çingiz Abdullayevi görə bilərdikmi?
— Belə fikirləri mən də eşidirəm. Hətta bəziləri deyirlər ki, Çingiz Abdullayev hüquq-mühafizə orqanlarının məxfi sənədlərinin saxlanıldığı arxivlərə girmək imkanına malik olmasaydı, belə əsərlər yaza bilməzdi. Arxivlərdə arxiv işçiləri də çalışırlar, tək hüquqşünas da mən deyiləm. Hər şey yazıçının istedadından asılıdır. Yazıçı yaza bilmirsə, heç bir ixtisas, arxiv ona kömək edə bilməz. Amma bu peşənin yaradıcılığıma təsirini də istisna etmirəm. Həkimliklə yazıçılığı əlaqələndirməyinizə gəlincə, deyə bilərəm ki, mən heç vaxt həkim olmazdım.
— Nə üçün?
— Əslində, mənim həkimlərə də, həkimlik peşəsinə də böyük hörmətim var. Ancaq mən uşaqlıqdan bilirdim ki, hüquqşünas olacağam. Mənim ulu babam, babam, atam hüquqşünas olub. Qardaşlarım, əmilərim də…
Yəni, bizdə beş nəsil boyunca hamı hüquqşünasdır. Sovet vaxtı uşaq bağçasında soruşanda uşaqların hamısı kosmonavt olmaq istədiyini deyirdi, amma mən hüquqşünas. 10-cu sinfi bitirən kimi hüquq fakültəsinə daxil oldum. Uşaqlarım da hüquqşünasdır. Heç vaxt həkim olmaq haqda düşünməmişəm. İnstitutda oxuduğum vaxtlarda məhkəmə tibb ekspertizası üzrə keçilən dərslərdə bizi morqa aparırdılar. Mən heç vaxt getmirdim. Əsərlərimdə ölüm faktları çox olsa da, ölülərə baxa bilmirəm.
— Əsərləriniz əsasında seriallar, bir çox filmlər çəkilib. Onlardan biri də “Məhkumların cənnəti” əsərinin motivləri əsasında çəkilmiş “Məhkumlar” filmidir. Necə oldu ki, belə bir əsər yazmaq qərarına gəldiniz? Və necə oldu ki, yüzlərlə əsərləriniz içərisindən film çəkmək üçün məhz bu seçildi?
— Mən bilirdim ki, əgər mən cüzam xəstəxanasına getməsəm, orada yaşayan xəstələrin dəhşətli həyatı ilə tanış olmasam və bu haqda yazmasam, oraya heç kim getməyəcək. Belə xəstələrlə heç kim ünsiyyət qurmaq istəmir. Mən əsərimdə onların yaşadıqları həyatı təsvir etməyə çalışmışam. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının vacibliyi göstərilib. Hadisələr real həyatdan götürülüb və əlacsız xəstəliklərə məruz qalmış adamların xilası naminə onlarla insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddi sökmək, insanlarda onlara münasibətdə mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film cəmiyyətdən təcrid olunan insanların sağ ikən cəmiyyət üçün ölü olmalarına qarşı üsyandır. Onlar elə bir bəlaya düçar olublar ki, hətta dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda, hətta yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərdlərinin isə çarəsi yoxdur.
Bu əsərin ekranlaşdırılmasını rejissor Mehriban Ələkbərzadə təklif etdi. Mən razılaşdım və filmin ssenarisini yazdım. Filmdə Umbakı qəsəbəsində yerləşən cüzam xəstəxanasının sakinlərindən bəhs olunur. Düzdür, mən filmə baxanda ssenaridə müəyyən dəyişikliklər edildiyini gördüm. O dəqiqə bilinir ki, qadın sentimentallığı öz işini görüb. Mənim ssenarimdə qəhrəmanların hər ikisi sonda vəfat edirdi. Filmdə isə onlar sağ qalır və qovuşurlar.
— Əsərlərinizdə sovet dönəmi ilə bağlı nostalji hisslər geniş yer tutur. Sovet səhiyyəsi ilə bağlı da belə düşünürsünüz?
— Əslində, o vaxt hər şey indi təsvir edildiyi kimi pis deyildi, axı. O çağın yaxşı cəhətləri də çox idi. Səhiyyə xidməti də yaxşı səviyyədə idi. Deməzdim ki, bugünkü Azərbaycan səhiyyəsinin səviyyəsi məni qane etmir. Son dövrlər bu sahədə ciddi irəliləyişlər hiss olunur. Amma problemlər də çoxdur. Məncə, məbləğin çox və ya az olmasından asılı olmayaraq, müayinə və müalicə üçün lazım olan pulu kassaya ödəyib, qəbz almaq daha yaxşıdır. Pulsuz səhiyyə, yaxud başqa cür ödəmə mənə görə deyil.
— Həkimə ancaq ehtiyac olanda müraciət edirsiniz, yoxsa?..
— Əvvəllər ancaq ehtiyac olanda həkimə gedirdim. İndi həyat yoldaşımın təkidi ilə ildə bir və ya iki dəfə tam müayinədən keçirəm.
— Bilirik ki, xarici ölkələrə çox səfər edirsiniz. Azərbaycanda, yoxsa xarici ölkələrdə müayinə və ya müalicə olunmağa üstünlük verirsiniz? Ümumiyyətlə, bunun sizin üçün fərqi varmı?
— Azərbaycanda da, xarici ölkələrdə də həkimə müraciət edirəm. Fərqə gəldikdə isə, “yoxdur” desəm, yalan olar. Çox fərqi var. Yeri gəlmişkən, sizə xarici ölkələrdən birində xəstəxanada müalicə olunmağımla bağlı hadisəni danışım. Portuqaliyadan Fransaya gedərkən qatarda özümü pis hiss etdim. Məni Fransada xəstəxanalardan birində xüsusi palataya yerləşdirdilər.
İlk dəfə idi ki, belə gözəl xəstəxana görürdüm. Mənə tərcüməçi verdilər, Azərbaycanın Fransa səfirliyinə xəstələnməyimlə bağlı məlumat çatdırdılar. Şəhərin meri ziyarətimə gəldi. Məni müayinə edən qadın həkim ciddi problem olmadığını dedi. Gecə necə yatdığımı soruşdu. Dedim ki, Portuqaliyadan Fransaya gəlirdim, yatmamışam. “Bəs, dünən gecə?” — deyə soruşdu. “Afrikada, Seneqalda olmuşam” dedim. “Bəs, o biri gün?” Deyəndə ki, “Buenos-Ayresdə idim”, bu cavabım palatadakı hər kəsin gülüşməsi ilə nəticələndi. Həkim narahatlığın yorğunluqla əlaqədar olduğunu dedi. Mən bir gündən sonra xəstəxananı tərk etdim. Onu da qeyd edim ki, həmin o bircə gün bir neçə min dollara başa gəldi.
Mənim Afrikaya da, Amerikaya da tibbi sığortam var idi. Ancaq Fransada bir neçə saat qalacağımı düşündüyüm üçün sığortaya ehtiyac duymamışdım. Bu hadisədən sonra mən hansı ölkəyə lap bir saatlıq da getsəm, mütləq sığorta alıram.
— Əsərlərinizdən hiss olunur ki, yeməyi çox sevirsiniz. Qorxmursunuz ki, çox yemək adamı az yeməkdən də qoyar?
— Doğrudan da, mən gözəl yeməkləri xoşlayıram. Dünya mətbəxlərini, ən çox isə Azərbaycan (Bakı) və italyan mətbəxlərini sevirəm. Dünyanın ən yaxşı 10 restoranından 8-də olmuşam və onların adlarını əsərlərimə də salmışam. Amma bu o demək deyil ki, mən çox yeyirəm. Xarici ölkələrdə yemək mədəniyyəti bir az fərqlidir.
Orada çox yemək deyil, ləzzətli yeməklərin dadına baxmaq önəmlidir. Bununla bağlı da bir xatirə danışım. Ad günlərimdən birini xarici ölkələrdən birində azərbaycanlı dostlarımla qeyd edirdim.
Restoranda bizə iri boşqabların ortasına çox az qoyulmuş yemək verdilər. Dostlarım bunu görəndə ilk reaksiyaları belə oldu: “Bu nədir, bu yeməkdir?” Əvvəllər mən də çox yeyirdim. 1990-cı ildə 114 kq idim. Onda hiss etdim ki, köklük yatanda, gəzəndə, işləyəndə, ümumiyyətlə, bütün hallarda mənim normal həyat tərzimə mane olur. Ondan sonra arıqlamağa qərar verdim və tədricən 17 kq arıqladım. Bunu isə sadəcə yeməyimi azaltmaqla bacardım.
— Həyat yoldaşınız oftalmoloqdur. Sizin isə yaxşı atıcı olduğunuzu bilirik. Gözlərinizin belə yaxşı görməsində Züleyxa xanımın xidmətini necə dəyərləndirirsiniz?
— Bax, indi mənə göz dəyəcək. Mənim gözlərim həqiqətən yaxşı görür. Qeyd etdiyiniz kimi, 150-ə qədər kitab yazmışam. Buna baxmayaraq, gözlərimlə bağlı heç bir problem yaşamamışam. Göz həkimləri gözlərimi nə vaxt yoxlasalar, belə yaxşı görməyimə təəccüblənirlər. Mən indiyə qədər eynək taxmamışam.
Düzdür, mənim həyat yoldaşım göz həkimidir, amma mən onun pasiyenti deyiləm. Mənim atam da 80 yaşına qədər eynəkdən istifadə etməyib. Görünür, bu keyfiyyət mənə atamdan keçib. Bəlkə də, atıcılıq idman növü ilə məşğul olmağım, ya da çox işləməyim onları zəifləməyə qoymur, bilmirəm, amma, maşallah, yaxşı görürəm.