Muəllif:

Cin-Tonik, Lorel-Hardi

İstanbul
Lorel və Hardi (Stan Laurel və Oliver Hardy) kino tarixinin ən uyumlu ikilisi, tərəf müqabilləri sayılırlar. XX əsrin birinci yarısında Amerikanın ən populyar komediya aktyorları olan bu ayrılmaz ikili 1919-1951 illərində tam 106 filmdə rol almışlar. Financial Times qəzetindən Gideon Rachman bu həftə yazdığı «Azadlıq və demokratiya bir-birinə düşmən ola bilərlər» («Freedom and democracy can become enemies» — FT, 08.07.2013) başlıqlı məqaləsində Lorel və Hardi kimi Cin və Toniki də ayrılmaz ikili sayır. Hindistanda malyariyadan qorunmaq üçün kinin ağacından hazırlanan suyu içə bilmək üçün ingilis əsgərləri onun üzərinə cin əlavə edirlərmiş. Bu qarışımdan yaranan kokteyl sonralar dünyanın ən çox içilən spirtli içkilərindən birinə çevrilir. G.Rachman adını çəkdiyim məqaləsində Lorel-Hardi, Cin-Tonik cütlüklərinə Azadlıq və Demokratiyanı da əlavə edir, bu ikililərin bir-birinə necə bağlı olduqlarını söyləyir. Ancaq Misirdəki siyasi həngamədən Azadlıq və Demokratiyanın hər zaman bir-birinə sadiq olmadığı qənaətini çıxardır. G.Rachman hətta onların bir-birinə düşmən belə ola biləcəyini yazır.
Məqalə Misirdəki liberal hərəkat ilə Türkiyədəki hökümət əleyhinə keçirilən etiraz aksiyalarının analizinə həsr olunub. Müəllif misirli liberalların seçki yolu ilə iqtidara gəlmiş «Müsəlman qardaşları» (İhvan) və Məhəmməd Mursini sərt tənqid etdiyini, azadlıqları ayaq altına atdıqları üçün çevrilişə haqq qazandırdıqlarını dilə gətirir. Financial Times Mursini məhkəmələrə hörmətsizlik və işlərinə müdaxiləyə, medianın gözünü qorxutmaq və susdurma təşəbbüsünə, qadınların və azlıqların hüquqlarını qoruya bilmədiyinə, özəl həyata qarışmaq və İslami əyar vermə cəhdlərinə görə suçlayır. G.Rachman demokratik yolla iqtidara gələn İhvana «təlimatı Allahdan aldığını» bəyan etdiyinə görə olaraq təəccüb edir və belə partiyadan qorxulacağını yazır.
Mənim məqaləmin giriş hissəsinə, yəni Misirdəki son hadisələrin analizinə o qədər də iradım yoxdur. Amma yazarın daha sonra Misirdəki olayların Türkəyədəki Gezi Parkı ilə paralellər çizərək oxşarlıqlar aramasını qəbul etmək mümkün deyil. İngilis qəzeti İhvan ilə AK partiyanı eyni «tərəziyə» qoyaraq, Erdoğanın iqtidarda qalmasını onun iqtisadi uğurları ilə izah edir. Heç şübhəsiz ki, sağ təmayüllü 2 partiyanın onların klerikallıq dərəcəsindən asılı olaraq bir sıra oxşar cəhətləri ola bilər və bunlar da var. Lakin ortada olduqca ciddi məsələ, siyasi rejim fərqi var ki, sadəcə bir fakt — Mursinin Misir tarixində demokratik yolla iqtidara gələn İLK prezident olması iki ölkə arasındakı bənzərlikləri incələmənin faydasız bir məşğuliyyət olduğunu söyləməyə əsas verir.
Odur ki, ingilis yazarın məqaləsinin sanki Misirdən daha çox Türkiyəni «hədəf» aldığını ehtimal edirəm. Düşmənçiliyə gəlincə, demokratiya ilə azadlıq bir-birinə düşmən deyil, buna inamım sonsuzdur. Hətta azadlıqlar demokratiyanı «qidalandırır», onu daha da inkişaf etdirir. Amma özlərinə «mühafizəkar demokrat» deyənlərin azadlıqları genişləndirmək kimi məqsədləri yoxdur və ola da bilməz. Çünki onlar demokratik yolla iqtidarı ələ keçirib cəmiyyəti, ölkəni mühafizəkarlığa sürükləməyə çalışırlar. Problem də elə burda — demokratiya ilə konservatizmin yan-yana gətirilmə istəyindədir. Son hadisələr demokratiya ilə konservatizmi sintez etmənin məşəqqətli bir iş olduğunu göstərdi.
Zatən, İslam və inqilab bütövlükdə bir-biri ilə bağlı olmayan şeylərdir. Odur ki, İslam tarixində klassik inqilaba — nəzəriyyəli, taktika və strategiyalı inqilaba rast gəlmək mümkün deyil. Olanlar çevrilişlərdir ki, onlar da bu ölkələri sürəkli geriyə götürmüşlər. İkiyə bölünmüş Misir xalqı baxın bu «mədəniyyətlər beşiyini» necə geriyə götürəcək. Təsadüfi deyil ki, Təhrir çevrilişini «Siyasi İslamın tənəzzülü» kimi qiymətləndirənlər də az deyil.
Günlərdir hamı Misir mövzusundan yazır, hətta bir idman yazarı var, utanmadı, o da girişdi bu mövzuya. Bunu görüb bu haqda yazı yazmamağa qərar vermişdim. Amma Avropa və Amerika mediasının Misirdəki hərbi çevrilişə inadla «inqilab», «Ərəb Baharının davamı» deməsi məni qıcıqlandırdı və bu burulğana çəkdi. Digər tərəfdən «Ayna»dakı son 4 yazım Taksim olayları haqda olduğu üçün də üsyan və çevrilişlərdən bir az uzaqlaşmaq istəyirdim. Financial Times qəzetindəki «cin-tonikli», «Lorel — Hardi»li məqalədə «barıt qoxusunu» hiss edib, «cəng tamtamlarını» eşidincə bəzi düşüncələrimi dəyərli oxucularımızla paylaşmaq istədim.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 284