Ceyrançöldə ceyranlar çobanların yemi olacaqlar…
Azərbaycandan Gürcüstana ceyran köçürülməsi prosesi davam edir. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov APA-ya açıqlamasında bildirib ki, yaxın 10 gün ərzində Şirvan Milli Parkından Gürcüstandakı Vaşlovan Milli Parkına 15 baş ceyran köçürüləcək.
Ceyranların əvvəllər yaşadıqları areallara köçürülməsi IDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” layihəsi çərçivəsində Gürcüstan Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin müraciəti əsasında həyata keçirilir. Köçürmə prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF tərəfindən təşkil olunur. Azərbaycandan Gürcüstana 10 başdan ibarət ilk ceyran sürüsü oktyabrın 21-də yola salınıb.
E.Əsgərov Şirvan Milli Parkından Azərbaycanda əvvəllər ceyranlar yaşamış digər areallara ceyranların köçürülməsi prosesinin də davam etdiyini nəzərə çatdırıb. Məsələn, bir ay əvvəl Qobustan-Cəngiçay vadisi, Ağgöl Milli Parkı, Bozdağ və Acınohur-Sarıca düzü ərazilərinə 30 baş ceyran köçürülüb. Ancaq bir zamanlar ceyranların məskəni olmuş Ceyrançöl ərazisinə isə ceyranların köçürülməsini həyata keçirmək isə hələ mümkün deyil. WWF Azərbaycan nümayəndəliyinin direktoru bunun hələ Ceyrançöldə ceyranların təhlükəsiz yaşaması üçün şəraitin olmaması ilə əsaslandırıb. Başqa sözlə, indiki halda Ceyrançölə ceyranlar köçürülərsə, çobanların və çoban itlərinin qurbanları olacaqlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ceyrançöldə ceyranların yaşaması üçün müvafiq şəraitin yaradılması istiqamətində çalışdığını deyən E.Əsgərov qeyd edib ki, Şirvan Milli Parkından ceyranların digər areallara köçürülməsinin bir səbəbi də genetik problemlərin yaranmasının qarşısını almaqla bağlıdır: “Şirvan Milli Parkında 1961-ci ildə cəmi 77 ceyran olub. Qoruğun yaradılması və ceyranların qorunması istiqamətində həyata keçirilən işlər nəticəsində hazırda bu qoruqda 10 minə qədər ceyran var. Ancaq qohumluq səbəbindən genetik problemlərin yaranmaması üçün Şirvan Milli Parkındakı ceyranların digər areallara köçürülməsi vacibdir”.