Muəllif:

Çərxi-fələk

Bu həftə mənə şəxsi tanışlığım olmayan, amma məmləkətdə ən çox tanınan aktyorlarımızdan biri telefon açıb görüşmək istədiyini bildirdi. Təbii ki, razılıq verdim. Vədələşdiyimiz vaxt iş otağıma daxil olanda, həmişə şux, rollarında quş kimi qıvraq olan bu adamın ayağının birini çəkərək ağır-ağır hərəkət etdiyinin şahidi oldum. Oturmağa yer göstərdim. Gördüm ki, qızdırmalı kimi titrəyir. Bayırda qar yağırdı, ona görə də otaq sərin idi. Qəbul otağından paltosunu gətirdim. Üzr istəyib dedi ki, artıq bir ildir ağır əməliyyatdan sonra teatrda çalışa bilmir. Təqaüd yaşına çatmadığından da təqaüd kəsmirlər. Bir sözlə, ustanın dava-dərman almağa vəsaiti yoxuymuş. Heç kimdən şikayət etmirdi, hamıdan razıydı — hökumətdən də, millətdən də… Amma sezdim ki, bu tezliklə unudulduğu onu xəstəlikdən daha çox əzir və daxildən sümürür…
Bu günsə elektron ünvanıma İspaniyadakı Çexov Teatrının aktyorlarının birindən məktub gəldi. Təbii ki, onunla şəxsi tanışlığım yoxdur, amma qloballaşan dünyada belə məktublardan hamımız və hər gün alırıq. Bu oda teatrının əsası təxminən 30-35 il əvvəl Anxel Qutierres tərəfindən qoyulub və bu adam hələ də teatrda çalışır və onunla yaşayır. Dediyinə görə, teatrın bağlanması onun üçün ölüm deməkdir. Anxel Qutierresi 6 yaşında ikən İspaniyadakı vətəndaş müharibəsinin alovlarından qoparıb bir çox ispan uşaqları kimi SSRİ-yə aparıblar və bu ölkə ona ikinci vətən olub. Hər halda, Qutierres SSRİ-də vaxtilə tanınmış rejissorlardan imiş. O, Anatoli Efros, Bulat Okucava, Yuri Lyubimov, Yevgeni Urbanski, Andrey Tarkovski, Qleb Panfilov, Sinyavski kimi nəhənglərlə bir sırada yaradıcılıqla məşğul olmuş, hətta Vladimir Vısotskini Lyubimovun rəhbərlik etdiyi, məşhur olduğu qədər də üsyankar Taqanka Teatrına gətirmişdi. Amma sonunda İspaniyaya dönmək məcburiyyətində qalmışdı, çünki 10 il sərasər nə qədər çalışsa da, ona SSRİ-dəki ispanların həyatından çəkmək istədiyi filmə icazə verməmişdilər. Yaradıcı insanı öldürmək istəyirsənsə, ona işləməyə imkan vermə. Qutierres də ölməmək üçün ona vətən olmuş bir ölkədən başını götürüb getmişdi. İndi də özünün yaratdığı və həyatının mənasına çevrilən teatr bağlanmaq təhlükəsiylə üz-üzədir…
Biri can hayındadır, digəri teatr. Birinin teatrı var, oynamağa canı yox. Digərinin oynamağa canı var, teatrı yox. Amma ikisini də birləşdirən bir amil var — teatr və yaratmaq eşqi.
Çexov Teatrı Madriddədir. İspaniyada isə iqtisadi böhrandır. Teatra pul çatmır, amma «Real» Madrid 100 milyona İngiltərədən oyunçu alır.
Azərbaycanda isə maşınların sayı o qədər artıb ki, Dövlət Neft şirkəti onlara benzin çatdırmaq üçün hətta neft ixracını belə dayandırmaq qərarına gəlib. Aktyorunsa dava-dərmana vəsaiti çatmır…
Görəsən, millətin neçə faizi teatra gedir?
Maşınların sayının da, işlətdikləri yanacağın miqdarının da statistikası var. Bəs tamaşalara gedən, kinodan həzz alan, kitab, qəzet oxuyanların sayı necə, məlumdurmu?
Qəribədir, deyəsən, bu çərxi-fələk tərsinə dövran edir indi…
Amma kim bilir, bəlkə bu dünya elə belə gəlib, belə də gedəcək. Sadəcə, mənə elə gəlir ki, çərxi-fələk tərsinə dövran edir?..
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 401