Muəllif:

Çərşənbə günündə «EL» məclisində…

Haqqında neçə vaxtdan bəridir danışılan «EL» hərəkatının yel çərşənbəsi günündə elan olunması, deyəsən, xeyli rəmzi oldu. Qəzetlərin «yüyrək» dilində desək, «ölkənin əsas müxalifət partiyaları rəhbərlərinin, ictimai qurumların, ziyalıların, media təmsilçilərinin, həmçinin diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbirdə «EL» hərəkatı cəmiyyətə təqdim edildi». Məqsədi qəflətdə yatmışları oyatmaq, şüurlara işıq, dilsizlərə dil, susqunlara cürət, etirazlara vüsət vermək olan hərəkat adına və doğuş zamanına görə çoxlarında bir az mifik duyğular oyatdı. Axı bizim belə əlamətlərə inanmağa meyilli olan folklorsevər xalqımızın düşüncə kodlarında mifin ayrıca yeri var.
Azərbaycanlı şüurunda «çərşənbə» sözü də, «el» anlayışı da folklordan və tarixdən süzülüb gələn bir az fərqli assosiasiyalar doğurur. Məsələn, mənə elə gəlir ki, birincinin adı çəkilən kimi tonqalların çatılıb ruhların təzələndiyi çərşənbə axşamları yada düşür. Ola bilər ki, bəzi adamlar da Aşıq Ələsgərin çeşmə başında ona müjgan oxu atmış bir alagöz xanımla sevdalaşmasını xatırlasın. Amma «el» deyərkən, birmənalı şəkildə «Dədə Qorqud» boyları, tonqallarla xəbərləşən oğuz elləri, dədə-baba yurdları, el-oba, elat yada düşür.
Həm çərşənbə, həm də el sözünün çiynində ruhun və yaddaşın silinməz izləri var. Amma indi bu kəlmələrin semantikasına siyasi çaların da əlavə olunması şansı yaranıb. «EL» siyasi hərəkatının bu həftənin çərşənbə axşamı günündə elan olunması buna yaxşı fürsət verib. Təbii ki, bu şans o zaman gerçəkləşə bilər ki, hərəkat qarşısına qoyduğu siyasi məqsədləri gerçəkləşdirə bilsin, ən azı siyasi tariximizin ciddi bir mərhələsinə çevrilsin.
Əlbəttə, bugünkü həssas Azərbaycan reallığında yeni hərəkat yaratmaq və onu cəmiyyətə yeni qüvvə kimi təqdim etmək asan deyil. Çünki ölkənin 20 ildə yerini möhkəmlətmiş iqtidarı, Müsavat və AXCP-nin timsalında bu ərazini az güc və böyük əzmkarlıqla qoruyub saxlamış gerçək müxalifəti, üstəgəl parlamentdə də təmsil olunan əldəqayırma müxalifət partiyaları vardır. Mən hələ hakim partiyaya sığınmış ayrı-ayrı mövsümi partiyaları, oyuncaq QHT-ləri, gündə bir cildə girən «müstəqil» deputatları, politoloqları, hüquq müdafiəçilərini, media qurumlarını demirəm. Bunlar cəhənnəm, hələ görün Azərbaycan siyasi həyatının az qala əsas atributuna çevrilmiş «satqınlıq» hansı miqyasda tüğyan etməkdədir. Bu gün müxalifəti söyən sabah onun ön sıralarında dayanır, yaxud hakimiyyəti korrupsiyada və insan haqlarını pozmaqda ittiham edən sabah utanmadan onun qucağında xumarlanır. Anasının əmcəyini kəsməyə hazır olan belə istedadlı satqınlarin sayı isə məmləkətdə getdikcə artmaqdadir. Təbii ki, belə «zəngin» siyasi mənzərə insanların çoxunu pisikdirir, onları ictimai həyatdan küsdürür və ümidsizləşdirir. Seçki ilində strateji məqsədlər güdən «EL» hərəkatı məhz bu adamları fəallaşdırmağı hədəf götürüb.
Əlbəttə, görünən odur ki, praktik cəhətdən hakimiyyətin xeyli resursları var, aparıcı müxalifət partiyaları da müəyyən elektorata malikdir, insanlar illərlə bu siyasi qüvvələrə səs verirlər. Lakin əvvəlki seçkilərin təcrübəsi göstərir ki, əhalinin 60-70 faizi siyasi proseslərdən kənardadır. Onlara çox vaxt susan çoxluq, ya da passiv elektorat deyirlər. Bu çoxluq nə iqtidara, nə də mövcud müxalifət partiyalarına inanır. Hərəkatı yaradanların fikrincə, bu gün Azərbaycanda getdikcə artan problemlər və ümumi narazılıq fonunda məhz bu elektoratı fəallaşdırmaq, yəni susan çoxluğu siyasi proseslərə cəlb etmək zərurətə çevrilir. Bu baxımdan həmin insanların önəm verdiyi müəyyən dəyərlər üzərində qurulmuş hərəkatın yaradılması vacib hesab olunub. İndi hamı düşünür ki, görəsən «EL» bu məqsədi necə gerçəkləşdirəcək, onun hansısa «sehrli» çubuğu varmı?
Yeni hərəkatın yaranmasının, hər halda, Azərbaycan siyasi mühitində bir canlanma yaratdığını danmaq olmaz. Aydın görünən budur ki, klassik müxalifətin bu hərəkata isti yanaşması ictimai proseslərə müəyyən dinamiklik vəd edir, ağrılı problem olan birləşmə məsələsində də müəyyən ümidlər oyadır. Təbii ki, belə bir hərəkatın yaranmasından hamı vəcdə gəlməyib, siyasi mövqe, əxlaq və düşüncə səviyyəsi və ictimai məqsəddən asılı olaraq ona tənqidi yanaşanlar, lağ edənlər, qısqananlar, hətta indidən gözdən salmağa çalışanlar da var.
Hələlik «EL» ilk addımlarını atır, 35 rayon və şəhərdə Təşəbbüs Qrupu yaradılıb. Hərəkatın tərkibi sırf peşəkar siyasətçilərdən ibarət deyil, onun işinə bir çox tanınmiş alimlər, ictimai xadimlər, keçmiş dövlət məmurları dəstək veriblər. Burada Rüstəm İbrahimbəyovun adı var. Azərbaycanda hər kəsin hörmətlə yanaşdığı Musa Yaqub, Rəhman Bədəlov, Eldar Abbasov, Rasim Ağayev, Nurəddin Mustafayev, Kərbəlayı Natiq Kərimov, Məhyəddin Allahverdiyev, Abdulla Allahverdiyev kimi adamlar da bu hərəkatdadır. Əlbəttə, indi atılan addımlar reallaşması mümkün görünən böyük proseslərin ilkin epizodlarıdır. Təbii ki, heç nə ümidsiz və inamsız olmur. Hər halda indiki durumu dəyişmək istəyi, hərəkatın məqsədi və çəkilən adlar «EL»lə bağlı xeyli ümidlər yaradır. Tanrı heç kəsi ümidsiz eləməsin!!!
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 467