“Cənnət Bağı”nın sahibi ailəliklə fəlakətə düşdü
Hadisə Oğuz rayonunda baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, bu fəlakətli hadisə axşam saatlarında qeydə alınıb.
Şəki şəhər sakini, 54 yaşlı Zabit Salahovun idarə etdiyi «Hyundai Sonata» avtomobili “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildəkilər -sürücünün həyat yoldaşı Təranə Hümbətova və onların nəvələri, 1 yaşı hələ tamam olmamış Ömər Musayev hadisə yerindəcə keçiniblər. Avtomobildə olan digər sərnişin, sürücünün qızı, 21 yaşlı Günay Salahova Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qəzaya düşən avtomobilin sürücüsü Zabit Salahov Şəkidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin sahibidir. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

