Cenevrədə Təbriz həbsxanasındakı durum müzakirə edilib
BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilmiş XXIII yığıncağı çərçivəsində İranda insan haqlarının pozulması ilə bağlı toplantı keçirilib. “Oyannews”a istinadən, yığıncaqda İran həbsxanasında cəza çəkmiş, hazırda mühacirətdə yaşayan azərbaycanlı jurnalist Şahnaz Qulami BMT İnsan Haqları Şurasına Təbriz zindanındakı vəziyyətlə bağlı geniş hesabat təqdim edib.
O, hesabatında İranda insan haqlarının pozulması ilə bağlı yerli və dünya mətbuatında xəbərlərin öz əksini tapmamasını sərt tənqid edib: “İranın digər həbsxanalarında olduğu kimi, Təbriz zindanında da istər siyasi, istərsə də digər səbəblərə görə cəza çəkən xanım məhbuslara qarşı təcavüz və edamlar geniş şəkildə həyata keçirilir. Ancaq nə rəsmi, nə də qeyri-rəsmi kütləvi informasiya vasitələri bu cür xəbərlərə diqqət ayırmır”.
Qulami hesabatında qeyd edib ki, qadın məhbuslar işgəncələrə məruz qalır, təhqir olunur: “Mənim hesabatımda öz əksini tapmış edamlar 2008-2009-cu illərdə həyata keçirilmiş edamlardır. Mən jurnalist olduğum üçün həbsdəydim və həmin edamları görmüşəm”.
Azərbaycanlı jurnalist hesabatında özünün və digər məhbusların məruz qaldığı işgəncələrdən də danışıb: “Ən ağır işgəncə metodlarına nümunə olaraq təkadamlıq kamerada saxlanılmağı və təhdid xarakterli ifadələri nümunə göstərmək olar. Belə ki, ana olan xanım siyasi məhbusları övladlarını öldürəcəkləri, oğurlayacaqları və işgəncə verəcəkləri ilə hədələyirdilər”.
Qulami sonda BMT İnsan Haqları Şurasından Azərbaycan türklərinin yaşadığı bölgələrdə xanım məhbusların və uşaqların insan haqlarının pozulmasını diqqətdə saxlamağı və bu cür əməllərə yol verən iranlı məmurların adlarının dünya ictimaiyyətinə açıqlamağı istəyib.