Cəmil Həsənlidən 45 minə yaxın seçici imzası MSK-ya təqdim olunub
Bazar günü Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri MSK-ya təqdim olunub.
MSK-ya 44 495 seçici imzasının olduğu 893 imza vərəqəsi təqdim edilib. Bu barədə Turan-a C.Həsənlinin seçki qərargahının üzvü, Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı məlumat verib.
Prezidentliyə namizədliyin qeydiyyatı üçün cəmi 40 min seçici imzası təqdim etmək lazımdır.
Qanunvericilik 60 seçki dairəsinin hər birindən ən azı 50 imzanın toplanmasını tələb edir. C.Həsənlinin xeyrinə 120 dairənin hər birindən ən azı 50 imza toplanıb.
Seçki Məcəlləsinə görə, MSK imza vərəqələri və digər sənədlərin təqdim olunduğu vaxtdan sonra 7 gün ərzində onları yoxlamalı, prezidentliyə namizədin qeydiyyatı və ya qeydiyyata alınmaması barədə əsaslı qərar qəbul etməlidir.
Bu gün isə Azərbaycanda prezidentliyə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinin son günüdür.
Sənədlər bu gün saat 18.00-a kimi MSK-ya təqdim oluna bilər. Namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.
Artıq oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyevin və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb. Bu gün səhər saatlarına qədər 21 nəfərin prezidentliyə namizədliyi təsdiq olunub.