Cəmil Həsənli — sədr, İbrahimbəyov — fəxri sədr oldu, Rəsul Quliyev — xaric olundu
Cəmil Həsənli Demokratik Qüvvələrin Milli Şurasının 3 dekabr tarixli sessiyasında bu qurumun sədri seçilib. Həsənli bu vəzifədə könüllü şəkildə istefaya gedən Rüstəm İbrahimbəyovu əvəz edib. İbrahimbəyov qurumun fəxri sədri seçilib.
Sessiyada başqa təşkilati məsələlər də müzakirə edilib. Liberal Partiyanın sədri Lalə Şövkət, bu partiyanın icra katibi Əvəz Temirxan və başqa 6 nəfər öz ərizəsi ilə qurumdan xaric edilib.
Son vaxtlar Milli Şuraya aramsız hücumlar edən eks-spiker Rəsul Quliyev MŞ-dan xaric edilib.
Beləliklə, MŞ üzvlərinin sayı 120 nəfərə düşüb.
Sessiyada 71 MŞ üzvünün iştirak etməsi, son vaxtlar iclaslarda təxminən bu qədər şəxsin iştirak etməsi nəzərə alınaraq qərara alınıb ki, iclaslara gəlməyənlərlə onların qurumda bundan sonrakı iştirakı ilə bağlı müzakirələr aparılsın.
MŞ-nın strukturu və fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərin öyrənilməsi üçün işçi qrup yaradılıb, deyə Turan xəbər verir.
“Milli Şuranın sessiyasından sonra Rüstəm İbrahimbəyovla əlaqə saxlamışam. Rüstəm İbrahimbəyov üçün sədr, fəxri sədr, yaxud Milli Şuranın üzvü olmaq məqbuldur”. Cəmil Həsənli APA-ya deyib ki, fəxri sədrlik Milli Şuranın Rüstəm İbrahimbəyova olan münasibətinin ifadəsidir: “Rüstəm İbrahimbəyov da fəxri sədrlik məsələsini bu cür qarşıladı”.
Cəmil Həsənli Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə birmənalı etiraz edən Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibət bildirib: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq. Bu istiqamətdə elə bir narahatlıq yoxdur”.
Cəmil Həsənli İsa Qəmbərlə görüşməyi planlaşdırdığını da deyib.