Cəmil Həsənli Parisdə və Brüsseldə görüşlər keçirib
Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənli oktyabrın 14-də Parisdə Fransa XİN, Senat və Milli Məclisinin nümayəndələri ilə görüşlər keçirib, bu barədə DQMŞ-dəki mənbə bildirib. Görüşlər zamanı Azərbaycanda prezident seçkilərinin yekunları müzakirə olunub və Həsənli həmsöhbətlərinin diqqətini nəticələrin total şəkildə saxtalaşdırılmasına çəkib.
Oktyabrın 15-də Həsənli Brüsseldə Avropa Komissiyası və Avropa Parlamentinin yüksək vəzifəli nümayəndələri, habelə AB Şərq Tərəfdaşlığı Departamentinin rəhbəri Dirk Sçubel ilə görüşlər keçirib.
Həsənli seçkilərin saxtalaşdırılmasına toxunaraq, İ.Əliyevin üçüncü müddət üçün prezident olmasının konstitusiyaya zidd olduğu haqqında fikir bildirib.
Həsənli həmçinin Azərbaycan və AB arasında noyabrda Vilnüsdə imzalanacaq sənədlərə insan hüquqlarına hörmət və demokratiyanın inkişaf etdirilməsi öhdəlikləri haqqında bəndlər daxil edilməsi zərurətini qeyd edib.
O, həmçinin siyasi məhbuslar haqqında məsələ qaldırıb.
Oktyabrın 18-də o, Bakıya qayıdacaq (Turan).

