Muəllif:

Cəmil Həsənli: əlavə namizədin lehinə və əleyhinə

Beləliklə, Milli Şura 130 üzvündən 79-nun qeydiyyatdan keçməsi ilə başlanan iclasında professor Cəmil Həsənlinin əlavə vahid namizədliyi ilə bağlı səsvermə keçirilib. Sessiyaya Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edir. Toplantının gündəliyininə Milli ŞuranMilli Şuranın sessiyasında yeni vahid namizədinin müəyyənləşdirilməsi məsələsi salınıb. Səsvermədən əvvəl C. Həsənli Rüstəm İbrahimbəyovun mövqeyini dəstəklədiyini qeyd edib. C. Həsənli bildirib ki, missiyanı yerinə yetirməyə hazırdır və məsuliyyətin ağırlığını dərk edir.

Daha sonra səsvermə olub. Səsvermədə 75 nəfər iştirak edib. 73 nəfər lehinə, 1 nəfər əleyhinə, 1 nəfər isə bitərəf olmaqla, C. Həsənli Milli Şuranın əlavə vahid namizədi seçilib.

C. Həsənlinin namizədliyini Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sessiyaya ünvanladığı məktubda irəli sürüb.

Rəsul Quliyevin başçılıq etdiyi Açıq Cəmiyyət Partiyası bu qərara mənfi yanaşır. “Rüstəm İbrahimbəyov qərarların qəbul olunmamasından bezdi. İndi də Cəmil Həsənlini irəli vermək istəyirlər. Bu, düzgün taktika deyil”. Bunu Milli Şuranın sessiyasındakı çıxışı zamanı Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib.

O bildirib ki, ötən sessiyada ACP, ALP, KXCP və El hərəkatı, o cümlədən Müsavat Partiyasının dəstəklədiyi məqam qəbul olunmadı: “Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində dayanılması qəbul olunmadı. Biz yeni namizəd irəli sürəcəyiksə, bu, Milli Şuranın üzərindən xətt çəkməkdir. Bunu Milli Şuranın sınma nöqtəsi adlandırıram. Rüstəm İbrahimbəyovun təklifləri qəbul olunmur, bu da onda narahatlıq yaradır. Niyə partiya liderləri önə çıxıb, namizədliklərini irəli sürmürlər? İndi Cəmil Həsənlini önə buraxıblar. Biz dəfn komissiyasında iştirak etmək istəmirik. Biz yalnız Rüstəm İbrahimbəyovun namizədliyi dəstəklənəcəyi təqdirdə bu qərarın yanında olacağıq”.

Rüstəm İbrahimbəyov prezident Putinin onun vətəndaşlıqdan çıxmaq ərizəsinə bu tezliklə qol çəkəcəyinə şübhə ilə yanaşdığını ifadə etmişdir.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Şuranın bu gün Cəmil Həsənlini vahid namizəd kimi müəyyənləşdirməsinə münasibət bildirərkən qeyd edib ki, Rüstəm İbrahimbəyovun da namizədliyi Milli Şura adından hələ gündəmdədir: “Bilmək olmaz, bəlkə Rüstəm İbrahimbəyov pasport məsələsini həll edəcək. İstənilən halda onun əvəzinə Cəmil Həsənli də olsa, ancaq o biri namizədlərlə seçkidə yarışa bilər, xalqın namizədi İlham Əliyevlə yarışmağa onun gücü, resursu yoxdur”.

M. Qurbanlı deyib ki, C. Həsənli Milli Şuraya, müxalifətə uğur qazandıra bilməyəcək: “Cəmil Həsənli Həzrəti İsa deyil ki, Milli Şura üçün, müxalifət üçün möcüzə yaratsın, uğur qazandırsın. Ola bilsin, Cəmil Həsənli seçkilərdə arxasında duran Milli Şuranın nüfuzunun itməsi səbəbindən elə biabırçı səs toplasın ki, bunu bu gün heç özü də təsəvvür edə bilmir. Milli Şuranın namizədi kimi iştirakı zamanı ona nə yazdığı kitablar, nə də digər amillər gömək edəcək”.

YAP rəsmisi deyib ki, radikal müxalifət bir müddət Rüstəm İbrahimbəyovun adı altında oyun oynayıb, indi də C. Həsənlini seçib: “Bu da əvvəlki oyunları kimi uğursuz olacaq. Cəmil Həsənli onlara sığortalanmaq üçün lazımdır ki, müxalifət seçkidə iştirak edə bilsin”.

Bu arada Milli Şuranın ikinci (ehtiyat) vahidi namizədi Cəmil Həsənlinin Təşəbbüs Qrupunun təsis yığıncağı keçirilib. Təşəbbüs Qrupuna 150 nəfərə yaxın şəxs seçilib.

Qrupun MSK-dakı səlahiyyətli nümayəndəsi Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı seçilib.

Təşəbbüs qrupu Cəmil Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı sənədləri avqustun 24-də Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 255