Cavad xan Ziyadoğlu Qacarın nəsil şəcərəsi hazırlanıb
Gəncənin əfsanəvi hakimi, rus qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmanlıqla şəhid olmuş əfsanəvi Cavad xan Ziyadoğlu Qacarın nəsil şəcərəsi hazırlanıb. Şəcərə onun nəslinin davamçısı professor Valid Ziyadlı tərəfindən uzun illərin dəqiqləşdirmələrindən sonra kamilliyə yaxın bir şəkildə (hər halda belə hesab etmək) üzə çıxarılmışdır. Bu vacib iş “Cavad xan” Tarix və Mədəniyyət Fondunun himayəsi ilə aparılır.
Şəcərədə Cavad xanın oğul və qız törəmələri bu günkü nəslə qədər təqdim olunur.
Lakin Cavad xanın əcdadlarının şəcərəvi qaydada aydınlaşdırılması da mümkün sayılır və bu şöhrətli soyun Cavad xandan əvvəlki 250-300 illik dönəmdəki təmsilçilərini əhatə etməklə şəcərələrini daha da təkmilləçdirməyə ehtiyac duyulur və bu iş görülüb başa çatdırılacaq.
Elmi xarakter daşıyan bu toplantıda akademik Çingiz Qacar, professor Fuad Məmmədov, professor Etibar Babayev, professor Həsənbala Sadıxov, professor Qəzənfər Paşayev, fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, bu soyun tarix və şəcərəsinin araşdırılmasında müəyyən işlər görmüş və gəldiyi nəticələri AYNA və ZERKALO qəzetlərində dərc etdirmiş tədqiqatçı-etnoqraf İsmayıl Umudlu və başqaları şəcərə ətrafında öz mülahizələrini bölüşmüşlər. Şəcərə Cavad xanın şəxsiyyətinə və tarixdəki roluna hörmət və ehtiram kimi dəyərləndirilmiş, hesab edilmişdir ki, bu iş “Cavad xan” Tarix və Mədəniyyət Fondunun uğurlu layihəsidir.
Tədbirin sonunda toplantı iştirakçıları Fondun təsisçisi və Prezidenti Vahid Cavad oğlu Ziyadlını (məşhur İsmayıl xan Ziyadxanovun nəvəsidir) 75 illik yubileyi münasibətilə təbrik etmişlər. Tədbir zamanı salonda Gəncə hadisələrinə, Cavadxana və Fondun fəaliyyətinə həsr olunmuş materiallar, o cümlədən AYNA və ZERKALO qəzetlərində bir vaxt dərc edilmiş məqalələr nümayiş etdirilmişdir.