Muəllif:

Cahangir Novruzov: O mənə pul versin ki, nəyisə öyrədim

Hər yay tətilində Türkiyədə yaşayıb-çalışan sənət adamlarımız Bakıya gəlir və uzun aylar bölüşmək istədiyi fikirlərini mətbuata danışmağa fürsət tapırlar. Xalq artisti Çahangir Novruzov hər səfərində təəssüratlarını bir qədər fərqli izah edir:

— Orada yaşadığım zaman Türk Dünyasını daha çox anladım. Digər bir ölkədə kimə yaxınlaşıb “mənə su verin” desəm, məni heç kim anlamayacaq. Türkiyə isə dilimi dəyişmədən rahat danışa bilərəm. Əgər məni mənim dilimdə başa düşürlərsə, bura mənim vətənim deyil? Bizim də müəyyən ləhcələrimiz — Şəki, Naxçıvan və s. var. İndi bunlar başqa-başqa dillərdir? Türkiyə ilə Azərbaycan da belədir.

— Azərbaycan tələbələri ilə türk tələbələri çox fərqlənir?

— Bu gün Azərbaycanda olan tələbələrdən xəbərim yoxdur. Ancaq bir danılmaz məsələ var — türk tələbələri öyrənmək istəyirlər. Günün 24 saatı tələbələr mənə zəng edirlər, gəlirlər. Dərsə getməyəndə onlar mənim evimə gəlirlər. O qədər otururam ki onlarla, bir də baxıram ki, gecə düşüb. Mənim oradakı tələbələrim burada kifayət qədər məşhur olan seriallara çəkilirlər. Onlar indi Azərbaycana gəlib, magistraturanı oxumaq istəyirlər.Azərbaycanda çox istedadlı tələbələr var. Sadəcə, Azərbaycanın teatr səhnəsinə bir az redaktə lazımdır.

— Orada azərbaycanlı tələbələriniz var?

— Yox. Mənə çox maraqlıdır ki, onlar niyə mənim yanıma gəlmirlər? Keçən il bir qız gəlmişdi. Biləndə o bizimkidir, çox sevindim. İmtahana bir az qalmış mənə zəng gəldi. Cavab verəndə, gördüm ki, həmin qız. “Mənə kömək edərsiniz” dedi. Başladı özünü mənə tapşırmağa. Ona dedim “sən bilirsən ki, mənə telefon açmaq qadağandır”. Yəni elə tərbiyəsi pozulmuş deyiləm. Axı sən də mən də Azərbaycanlıyıq. Onun mənə zəng edib, özünü tapşırması, məni sarsıtdı. Məni təhqir etsəydi, ondan yaxşı idi. Mən orada, sözün yaxşı mənasında, onun canını yandırası idim. O birilərinə onun daha yaxşı olmasını sübüt etmək üçün.

Mənim yanıma gələn adam mütləq hazırlıqlı olmalıdır. Uzun illərdir orada işləyirəm. Bu müddətdə 3 rektor, 4 konservatoriya müdiri dəyişmişəm. Rektorumuz mənə zəng edib, kimisə tapşıranda deyirəm ki, bəyənməsəm, götürməyəcəyəm. Xoşun gəlmir, ərizəmi yazıram. Anamın bir sözü var idi: “Mülayim, içmədim mən bu çayı”. İndi içmərəm mən o çayı, yemərəm o çörəyi. Mənim baldızım Həcc ziyarətinə getmişdi. Orada Mehrabın başına fırlanmaq olar, amma yaxınlaşmaq bir şansdır. Hər adam ora yaxınlaşıb, toxuna bilmir. Baldızım ora yaxınlaşıb, tam əlini uzatdığı bir zamanda, mənə zəng edib, dedi ki, dilə nə istəyirsən. Mən onda “Allahım, mənə haram tikə yeməyə icazə vermə” dedim.

— Sənətkara bəzən hörmət qalmayıb deyirlər.

— Bu, sənətkarların özündən asılıdır. Azərbaycan çox çətin vəziyyətlərdən keçib. Hər birindən asanlıqla keçmişəm. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Mən heç bir zaman toylara tamada kimi getməmişəm. Ancaq mən bu peşə sahiblərini günahlandırmıram. Çünki bunu bacarmaq lazımdır. Mənim səhnədən dediyim sözlər başqa, toy məclisi tamam başqa. Səhnədən sənin dediklərini anlayıb, toplumun içərisində yer edib, tum kimi cücərməsi üçün aktyor bir az əlçatmaz olmalıdır.

Əgər bu gün səhnədə Babəki, Füzulini, Nəsimini oynayan biri toyda sərxoş oynayan bir adamın hörmətsiziyi ilə qarşılaşırsa, onun hansı hörmətindən söz gedə bilər? Məhz buna görə özümü bundan qaçırmağa çalışımışam. Bunu sadəcə, özüm üçün deyil, Azərbaycan mədəniyyəti, xalqı üçün edirəm. Ac qalaram, amma bunu etmərəm. Mən Ramiz Əzizbəylini demirəm. Onun kimi bu sənəti bilib icra edən ikinci adam varsa, mən onu tanımıram. Onun zamanında da hörmət var idi. Mən Ramiz kimi bunu edə bilmərəm. Heç vaxt pul qazanmaq üçün hörmətdən düşmərəm. “Filankas etdi, mən də edim” dediyin zaman, hörmətdən düşürsən. Sənət mükəmməlliyi sevir. Siz hər hansı bir dükana girib, Biləcəridə tikilən geyim və brend adı daşıyan geyimi görən zaman, hansını seçərsiniz? Təbii ki, brendi. Bizim xalq da ən yaxşısını seçir.

— Azərbaycandaka şou-biznes çox adamı maraqlandırır. Sizi necə?

— Bu sahə menecer, yaxşı bilən adam tələb edir. Bizdə isə kim haradan qırpa bilir, qırpır. Buradakı gücləri bir araya toplayıb, işlədə bilən bir beyinə ehtiyac var. İnsan içərisinə qəbul etdiyi hər bir şeyə fikir verməlidir. İstər bu qida, istərsə də informasiya olsun.

Həyatda o qədər kitab oxumuşam. Ancaq yenə də oxumağa davam edirəm. Buna həm də məcburam. Olub ki, eyni ərəfədə 70 ədəd əsər oxumuşam. Axı tələbəyə çatdırmalıyam. Mən 70 əsəri tələbəyə analiz etmişəm. Dünyanın ən önəmli kitablarını oxuyuram. İndi mən götürüm o paparassi jurnallarına baxım? Bu, mənə uyğun deyil. Buna ayıracaq vaxtım yoxdur. Mən boş insanlarla az-az rastlaşıram. Amma qarşılaşdığım insanlardan nəyisə öyrənməyə çalışmışam. Başa düşməyən, qanmaz insana heç nə deyə bilmirəm. Çünki “2+2 nə edir?” bilməyən adamla danışmağa dəyməz. Əgər bir adam cahildirsə, ona cavab vermirlər. Nə qədər başa salsan da, heç nə bilməyəcək. Ona niyə nəyisə başa salmalıyam? Mən axı onun müəllimi deyiləm. O, mənə pul versin ki, nəyisə öyrədim.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 509