Buraxılış imtahanlarında «3» almaq qəlizləşir
TN tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır. Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fəndən illik qiyməti «2» olan şagird buraxılış imtahanlarına buraxılmır.
Eyni zamanda, imtahana buraxılan şagirdlər hər hansı imtahandan «2» aldığı təqdirdə onların yekun attestasiyası aparılmır. Nəticədə hər iki kateqoriyadan olan məzunlar attestat almaqdan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməkdən məhrum olurlar.
Nazir statistik məlumatlara əsasən bildirib ki, 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almayıb. Cabbarov deyir:
«Heç kimə sirr deyil ki, belə şagirdlərə attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricisidir. «Təhsil haqqında» qanuna əsasən, attestatın verilməsinin yekun qiymətləndirmənin «qeyri-kafi» nəticələrilə bağlı olmadığını göstərir. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır».
Komissiya sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirib. O qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək: «Hələki attestatlar qanunvericiliyə uyğun veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik».
Yeri gəlmişkən, TQDK orta məktəblərdə buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Komissiyadan verilən məlumata görə, iyunun 2-də Bakının Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ rayonlarında, Sumqayıt şəhərində, Abşeron rayonunda 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakəndə rus bölməsi məzunları imtahan verəcəklər. İyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında buraxılış imtahanları keçiriləcək.
İyunun 12-də Yevlax, Bərdə, Tərtər, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Zərdabda imtahanlar təşkil olunacaq.
İyunun 17-də Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Ağsu, Mingəçevir, Şirvan, Hacıqabulda 9 və 11-ci sinflərin məzunları buraxılış imtahanları verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.
9-cu sinif şagirdləri imtahana gələrkən özləri buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcək), şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
11-ci sinif məzunları «İmtahana buraxılış vərəqəsi» (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcək), şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər.
Bu arada TQDK «Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları»nda dəyişikliklər edib.
İnnən belə tam və orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 0-7 suala düzgün cavab verdikdə şagirdlərin biliyi «iki» ilə qiymətləndiriləcək. Ötən il isə şagirdlər 0-4 suala cavab verdikdə «iki» alırdılar. Bununla yanaşı, artıq 11-ci sinif şagirdləri «üç» qiyməti almaq üçün ana dilindən 8-17, riyaziyyatdan 8-16 suala cavab verməlidirlər.