Buğda yeyib cənnətdən çıxanlara
Bu gün, yəni noyabr ayının 14-ü aşura günüdür. Çayxanaların çoxu, şadlıq evləri bağlıdır. Məscidlərin ətrafı qələbəlikdir. Dini ayinləri icra edənlərdən deyiləm, ancaq mənim də beynimdə dini mövzular fırlanır. Yadıma «buğda yeyib cənnətdan çıxanlar» ifadəsi düşüb, heç cür başımdan ata bilmirəm.
Haradandır bu ifadə? Doğrusu, cavab tapmıram. Amma ifadə müsəlmanlar arasında o qədər geniş yayılıb ki, aforizmə çevrilib. Onu tamahına aludə olan, gələcəyini düşünmədən bu gününün qayğıları ilə yaşayan insanlar haqqında işlədirlər. Satiramızın banisi Mirzə Ələkbər Sabir şeirlərindən birində deyir: «Satdı gülzari-behişti iki buğdayə babam…» Nəinki bədii əsərlərdə, hətta Quranın bəzi tərcümələrinə izahlarda da Adəmlə Həvvanın cənnətdən məhz buğda yediklərinə görə qovulduqlarını yazırlar.
Qurani-Kərimdə Adəmlə Həvvanın cənnətdən çıxarılmasını təsvir edən səhnələri axtarıram. Bir neçə surədə rast gəlirəm.
«Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız…» (Əl Ə`Əraf, 7:19)
«… (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi:»Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?» (Əl Ə`Əraf, 7:22)
Ağacın adı nə bu surədə, nə də başqalarında çəkilir!
Bəs niyə müsəlmanların çoxu Allahın qadağan etdiyi nemətin buğda olduğuna əmindir? Ehtimal ki, bu, buğda çörəyinin insanlar üçün əsas qida rolunu oynamasından irəli gəlir. Təsadüfi deyil ki, geniş yayılmış deyimlərdə «çörək» sözü ümumiyyətlə «yemək», «nemət» anlamında işlədilir: «çörək dalınca evdən çıxmaq», «çörək davası aparmaq», «çörəyini kəsmək»…
Maraqlıdır ki, İncildə də eyni səhnənin təsviri zamanı söhbətin hansı meyvədən getdiyi göstərilmir. Amma, müsəlmanlardan fərqli olaraq, xristianların əksəriyyəti əmindir ki, Allahın qadağan etdiyi nemət — almadır. Bu təsəvvürün də nə vaxt və nədən yarandığı bilinmir. Sadəcə, insanlar inanırlar ki, Adəmlə Həvva almaya tamah saldıqları üçün cənnəti itiriblər.
Bir həqiqəti dərk edirəm. Kəşf yox, məhz dərk edirəm: Adəmlə Həvvanın hansı nemətə tamah saldıqları üçün cəzalandırıldıqlarını araşdırmağın, bu barədə mübahisə açmağın heç bir mənası yoxdur. Əbəs yerə deyil ki, müqəddəs kitablarda hadisənin necə baş verdiyi təsvir edilir, amma ağacın meyvəsinin nə olduğu göstərilmir. Çünki bunun, doğrudan da, əhəmiyyəti yoxdur.
İnsan necə aldanır? Şeytan onun qəlbinə necə yol tapır? Hansı səbəblərdən adamlar, bilə-bilə, günah işlədirlər? Yollarını azırlar. Və haqq yoluna necə qayıtmaq olar? O yola qayıtmaq üçün nə etmək lazımdır? Allahın xəbər verdiyi bu hikmətli əhvalatdan çox dərslər çıxarmaq mümkündür. Problem insanın məhz hansı nemətə tamah salmasında deyil: istər buğda olsun, istər alma, üzüm, ya əncir. Problem bəndələrin Allahın qoyduğu qaydanı pozmasındadır, şeytanla əlbir olmasındadır, başqalarının haqqını yeməsində, malını yağmalamasındadır. Əhəmiyyətli olansa eyni günahı dönə-dönə işlətməmək üçün yanlışlıqlarını anlamaq, gələcək və Allah qarşısında məsuliyyətini dərk etmək, bəd əməllərdən çəkinmək bacarığıdır.
[email protected]