Muəllif:

Büdcənin 80 faizi neftin hesabına formalaşırsa…

Hökumət son vaxtlar qeyri-neft sektorundakı böyüməni xüsusi vurğulayır, məsələn, ötən il neft sektorunda azalma, qeyri-neft sektorunda artım oldu. Qeyri-neft sektorunun hesabına ÜDM də artdı. Son 10 ildə ölkədə Ümumi Daxili Məhsulun artımı 300 faiz təşkil edib və bu, dünyada rekord rəqəmdir. Amma məsələ ondadır ki, ölkədə ÜDM-nin artımı baş verir, ancaq bu, daha çox neft sektorunun inkişafı hesabınadır.
«İqtisadi Təşəbbüslərə Yardım» İB eksperti Samir Əliyev bildirir ki, bu gün neft sektoru artır, neft gəlirləri ÜDM-də oturur. Ancaq qeyri-neft sektorunu araşdırsaq, onun özünün də neft sektoruna aid olduğunu görərik:”Məsələn, otellər tikilir. Belə baxanda, bu, neft sektoruna aid deyil. Ancaq neft sektorundan əldə olunan pullar hesabına burada yarış keçirilir. Neft pulu olmasa, yarış da keçirilməz, mehmanxana tikilməz, körpülər salınmaz. Neft sektoru tikinti sektorunu, tikinti sektoru da digər xidmət sahələrini inkişaf etdirir. Yəni, bu gün neft sektoru olmasa, Azərbaycanda ÜDM artımından söhbət gedə bilməz”
Məlumdur ki, ÜDM ölkə iqtisadiyyatının həcmini göstərir. ÜDM artırsa, deməli, ölkədə istehsal, xidmət artır. Xidmətin artımı o deməkdir ki, iş yerləri açılır. Məsələn, restoran, yaxud mehmanxana şəbəkəsi, ya başqa bir xidmət sahəsi fəaliyyətə başlayır. İstehsal da belədir. Müəssisə açılırsa, istehsal olunan məhsul camaata satılır, tələbat ödənilir, həm iş yerləri açılır, həm də xaricə məhsul göndərilir. Ölkənin tanınması, eləcə də ölkəyə valyuta gətirilməsi baxımından bunun faydası var. Nəzəri cəhətdən belədir. Ancaq S.Əliyev deyir ki, praktik baxımdan, Azərbaycanda ixracın 90-95 faizi neftdirsə, büdcənin 80 faizə qədəri neftin hesabına formalaşırsa, deməli, bu ölkədə neftdənkənar iqtisadiyyat yoxdur:”Bu halda ÜDM artımının əhalinin həyat səviyyəsinə təsirindən danışa bilmərik. Bu, statistik rəqəmdən başqa bir şey deyil”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119