Budapeştdə Sara Manafovanın rəsmlər təqvimi nəşr olunub
Budapeştdə fəaliyyət göstərən diaspor təşkilatımız — Macar-Azərbaycan Dostluq Cəmiyyəti 2013-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlamışdır. Bu ilki təqvim azərbaycanlı rəssam Sara Manafovaya həsr olunub. Təqvimin səhifələrində rəssamın “Avtoportret”, “Bakı — küləklər şəhəri”, “Xocalı faciəsi”, “Bahar. Azərbaycan”, “Qarabağ — ağrım mənim”, “Çarmıxa çəkilmiş məhəbbət”, “Yatmış qız” və s. kimi tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilmiş, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri öz əksini tapmışdır. Bu təqvim Macarıstanda yaşayan və təhsil alan Azərbaycanlılara, macarlara, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanıb.
Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətinə informasiya yaymağı qarşısına məqsəd qoymuşdur. Bu səpkidə təqvim ənənəvi olaraq hər il çap olunur. 2011-ci ilin təqvimi Tahir Salahova, 2012-ci ilin təqvimi isə Toğrul Nərimanbəyova həsr olunmuşdu.