Muəllif:

Bu, Səidsiz keçirdiyim dördüncü bahardır

Onu 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi məhkum edib. İttiham: «əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaq…». Və 8 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisi, jurnalist Səid Mətinpurun xanımı Ətiyə Tahiri «Amerikanın Səsi»nə müsahibədə həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığı və onun müalicə imkanları ilə təmin edilmədiyini bildirib.

Onun sözlərinə görə, Səid Mətinpurun vəziyyəti ürək xəstəliyi üzündən neçə dəfə ağılrlaşıb və bundan əlavə mədə və onurğasında da problemlər var. Ancaq zindanda sadəcə ümumi həkimlər var və mütəxəssis həkimlə görüşmək üçün onun eşiyə çıxmasına icazə verilmir.

İranda bir çox məhbuslar məzuniyyət hüququndan istifadə edərək, müəyyən müddət üçün ailələrinin yanına gedə bilirlər. Bu il bayram münasibəti ilə bir çox məhbus, o cümlədən həbsdə olan bəzi müxalifləri öz məzuniyyət hüquqlarından faydalanıblar, ancaq dörd ildən artıqdır Evin zindanında saxlanılan Səid Mətinpura bu günə qədər məzuniyyət haqqı verilməyib:

“Həm məzuniyyət və həm də şərti azadlıq üçün dəfələrlə ərizə vermişik. Amma heç biri qəbul olunmayıb. Səidin həbs hökmü 8 ildir və o, indi dörd il yarımdır həbsdədir. Həbs müddətinin yarısından çoxunu çəkdiyinə görə qanunlara görə ona şərti azadlıq tələb oluna bilər” – əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan juranlistin həyat yoldaşı qeyd edib.

O, həyat yoldaşının uzun müddətli həbs cəzasına yol açan ittihamlar haqda da danışıb: “Səidi casusluqla günahlandırıblar, ancaq onun hansı məlumatı və nə şəkildə sızdırdığını demirlər. Məhkəmənin sənədlərini nə Səid, nə də onun vəkili görüb. Səid doqquz ay ən ağır şərtlər altında təcridxanada işgəncələrə məruz qalaraq sorğu-suala çəkildi, ancaq ona özünü müdafiə fürsəti verilmədi.”

“Əslində mən də Səid kimi həbs cəzası çəkirəm” — deyə Ətiyə Tahiri həyat yoldaşı olmadan həyatının çətin keçdiyini vurğulayır: “Bu, Səidsiz keçən dördüncü bahardır. Ancaq mən bilirəm ki, düşüncə sahibi olaraq yaşamaq çətindir.”

Tehran Universiteti Fəlsəfə fakültəsinin məzunu olan yazar, jurnalist və hüquq müdafiəçisi dəfələrlə nəzarət altına alınıb və Təhlükəsizlik Nazirliyinin həbsxanalarında sorğu-suala çəkilib. Sonra isə 8 il həbs…

Amnesty International, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi güneyli jurnalisti vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. Dünyanın müxtəlif ölkələrində Səid Mətinpura azadlıq tələbi kampaniyaları keçirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219