Bu şəhərdə toyuq dönərxanası ilə bacarmaq olmur
Toyuq dönərlərinin satışına yasaq qoyulması ilə bağlı respublika baş sanitar həkiminin müavini tərəfindən verilmiş qərar bu gün də qüvvədədir. Deməli, toyuq dönərlərin hər hansı bir obyektdə hazırlanması və satışı qanunsuzluqdur, sanitar-gigiyenik qaydaların tələblərinin kobud şəkildə pozulmasıdır. Lakin bu qərar kağız üzərində qalıb — bu şəhərdə toyuq dönərxanası ilə bacarmaq olmur.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, hər il qurum belə dönərxanalarla bağlı monitorinqlər keçirir. Nəticədə də 100-lərlə toyuq dönəri satan şəxsləri, yaxud dönərxana sahiblərini yol verdikləri nöqsanlara görə cəzalandırılır və onlar inzibati qaydada cərimələnir:
”Hətta hər il 130-dək toyuq dönəri satılan, eləcə də təbii qazdan istifadə edilən dönərxananın fəaliyyətini dayandırırıq. Ancaq hər il dəfələrlə bu cür tədbirlərin aparılmasına baxmayaraq, toyuq dönəri satışına hələ də rast gəlinir. Bu məsələdə aidiyyəti qurumların, o cümlədən, RGEM-in yerli şöbələrinin günahı da çoxdur. Onların öz işlərini düzgün qura bilməməsi, öz vəzifələrinin öhdəsindən lazımi şəkildə gələ bilməməsi və digər səbəblər üzündən toyuq dönərinin satışının qarşısının tam alınması hələ də mümkünləşməyib”.
Şöbə müdiri hesab edir ki, problemin yaranmasının digər səbəbi dönərxana sahiblərinin bu məsələyə məsuliyyətsiz yanaşmalarıdır. Yeri gəlmişkən, bu il yenə toyuq dönərləri satılan və təbii qazdan istifadə etməklə dönər bişirilən dönərxanalarla bağlı monitorinqlər keçiriləcək. Onu da qeyd edək ki, RGEM Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə bişmiş və çiy dönərlərlə bağlı standartlar hazırlayıb. Qərara alınıb ki, dönərxanalar sertifikatlaşdırılsın. Bu gün təkcə Bakı şəhərində 300-dən artıq dönər hazırlayan və onun satışı ilə məşğul olan obyektlər var. Amma onların 5-nə sertifikat verilib. İmran Abdullayev deyir:
”Sertifikatlaşdırılmaya yenicə başlamışıq. Sertifikat almaq istəyən obyektlərdə ət məhsullarının baytarlıq xidmətindən keçməsi, işçilərin tibbi sağlamlıq kağızının olması, dönərlərin hazırlanması, saxlanması, satış yerlərinə daşınması və digər məsələlər ciddi araşdırılır. Əgər onlar tələblərimizə uyğun gəlirsə, sertifikatlaşdırılacaq. Əks halda sertifikat ala bilməyəcəklər”.