Bu qaydada müdafiə olmaz
Bu yaxınlarda bir professor dostumuz (tanınmış adamdır) gülərək dedi ki, biz universitetdə müəllimləri öz aramızda iki qrupa ayırırıq: dissertasiyasını özü yazanlar və dissertasiyasını özü yazmayanlar. Professor kişi kimi boynuna aldı ki, indiyədək dörd adamın dissertasiyasını yazıb. Kasıb imiş, pula ehtiyacı varmış, imtina edə bilməyib.
İndi isə ATU rektoru Əhliman Əmiraslanov narazılıq edir: Özü dissertasiya yazmamış adamlar Ali Attestasiya Komissiyasının Ekspert Şurasının tərkibinə düşürlər… Rektor deyir: «Xaricdə müdafiə olunan elmi işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər. Bu, bizi narahat edir».
Rektor ad çəkmir. Bu isə artıq gerçək ziyalı mövqeyi deyil. Bunu qorxaqlıq da adlandırmaq olar. Azərbaycan elminin mənafeyini, yumşaq desək, gözardı etməkdir. Həmin adamların adları deyilməli və Azərbaycan elminin mənafeyi naminə (əgər Azərbaycanı seviriksə, ölkəmizdə elmin inkişafını ürəkdən istəyiriksə) o adamları oradan xaric etmək gərəkdir. Onların orada axı nə işi var?
Əhliman Əmiraslanovun bu sözləri ilə razılaşmamaq olmur: 1-2 ilə doktorluq dissertasiyası yazmaq olmaz! Rektor bu baltanı kökündən vurur:
«Sözsüz ki, bu işləri onlar özləri yazmır. Bu adamlar hətta Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının tərkibinə düşürlər. Özü dissertasiya yazmamış bir adam müdafiə şuralarında təmsil olunur. Bunlar artıq həqiqi işlərə rəy verirlər. Bizim faciəmiz bundan ibarətdir».
İnanırıq ki, rektor bu sözləri boşuna demir. Nələrisə bilməmiş deyil. Lakin yenə də ad çəkmir. Plagiatları, saxtakarları başqalarına ibrət olsun deyə gün işığına çıxarmaq məzəli bir tamaşa olardı.
Əmiraslanov öz korporativ təcrübələrindən danışaraq deyib ki, tibb elmləri üzrə daxil olan dissertasiya işləri çox ciddi filtrdən keçirilir:
«Biz xüsusi qurum yaratmışıq. Dissertasiyalar müdafiəyə buraxılmazdan əvvəl gizli rəyə göndərilir. Hətta şuraların sədrləri deyirlər ki, siz bizim hüquqlarımızı pozursunuz. Bu elmi işlər bizə gələnə qədər, siz onları ayrı yerə göndərirsiniz. Bu universitetin rəhbəri mənəm. Bilməliyəm ki, Elmi Şuraya getməzdən qabaq bu işin keyfiyyəti necədir. Əgər hər hansı çatışmazlıq varsa, gedib onu düzəltsinlər. Biz demirik ki, işi geri qaytarırıq».
Rektor bu məsələnin başqa bir tərəfinə də toxunub. Deyir:
«Çox təəssüflər olsun ki, bəzi institut direktorları onlara verilən Müdafiə Şuralarının məsuliyyətini yaxşı başa düşmürlər. Onlar bu işə barmaqarası yanaşır, müdafiəyə keyfiyyətsiz dissertasiyalar buraxırlar. Bəzən konfliktlər yaradırlar» («Trend»).
MEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bölmənin 2012-ci il üzrə hesabatına həsr edilmiş toplantıda deyib ki, bəzən yaranmış konfliktlər nəticəsində MEA-nın Biologiya elmləri üzrə Müdafiə Şurasının onlardan alınaraq başqa müəssisələrə verilməsi məsələsi ortaya çıxır.
Akademik katib deyib ki, hər bir elmi tədqiqat müəssisəsinin rəhbəri bilməlidir ki, həmin müəssisələrin nüfuz reytinqi oradakı müdafiə şuralarından çox asılıdır. Ona görə də bu işə çox ciddi yanaşmalıdırlar.
Əmiraslanovun sözlərinə görə, MEA-nın Biologiya və Tibb Elmləri Bölməsində doktoranturaya plan yerlərinin xeyli hissəsi boş qalıb. Onun sözlərinə görə, bu sahədə böyük problemlər var.
«Biologiya elmləri üzrə institutlar bu yerləri elan edirlər. Lakin sonradan həmin yerlər tutulmur», — Əmiraslanov əlavə edib. O qeyd edib ki, belə halların olmaması üçün hər bir institut doktorantura üçün plan yerləri sifariş edəndə həmin yerləri tuta biləcək namizədlərinin olub-olmadığını bilməlidir. Bunun üçün isə namizədlərdə maraq oyatmaq lazımdır. «Bu sahələr üzrə institutlara gənclərin marağını artırmaq üçün nə isə fikirləşmək lazımdır. Belə getsə, ilbəil bu sahədə doktoranturaya qəbul olanların sayı azalacaq. Mənə elə gəlir ki, bu, çox böyük problem yaradacaq», — Əmiraslanov bildirib.
Bundan əlavə mətbuatda AAK-ın fəaliyyəti barədə də ciddi iradlar səsləndirilməkdədir. Müdafiələrin qarşısına lüzumsuz baryerlər qoyulur. Eyni zamanda, özü yazmayanların dissertasiyalarının AAK-dan keçdiyinə dair söhbətlər dolaşır.
Lakin Mahmud Kərimov bu fikirdədir ki, MEA-da plagiat dissertasiyaların sayı xeyli azalıb. O qeyd edib ki, hazırda AMEA-da dissertasiyaların elektron bazası fəaliyyət göstərir, bütün dissertasiyalar qeydə alınır: «Artıq Ali Attestasiya Komissiyası və bəzi Müdafiə Şuraları antipirat proqramlar əldə edib. Bu yolla plagiat əsərləri daha tez üzə çıxarmaq mümkündür. AMEA-nın bəzi institutlarında da dissertasiyaların yoxlanılması mərhələsində antipirat proqramlardan istifadə olunur». M.Kərimov deyib ki, vaxtilə AMEA-da plagiat faktları Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda baş verib: «Biz o zaman xüsusi qərar qəbul etdik. Bu plagiatda iştirak edənlər cəzalandırıldı, bəzilərinin rəhbərlik hüququ əlindən alındı. Hətta işdən azad olunan da oldu. Hazırda plagiat faktlarını istisna etmək olmaz. Çox güman ki, elə hallar olur. Amma hazırda belə dissertasiyaların sayı xeyli azalıb. Çünki ciddi nəzarət və yoxlama var».