Bu olaylar Rusiya tarixində «Biryulevo sindiromu» kimi qalacaq
Kiyevdə antisemitizmlə mübarizəyə dair beynəlxalq konfransda son günlər Rusiyanın paytaxtı Moskvada qafqazlılara, xüsusən də azərbaycanlılara qarşı etnik təcavüzlər müzakirəyə çıxarılaraq pislənilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) bildirilir ki, Azərbaycanlı icmasının da qatıldığı konfrans Ukrayna Yəhudi Komitəsi, Amerika Yəhudi Komitəsi, Rusiya, Ukrayna, Baltik ölkələri və Avrasiya yəhudilərinin Milli Konfransı tərəfindən təşkil olunub.
Konfransda Ukrayna Baş nazirinin müavini Aleksandr Vilkul, İsrail, ABŞ, Rusiya, Almaniya, Fransa, İspaniya, Serbiya, Latviya, Litva və Yunanıstandan olan deputatlar, konqresmenlər, o cümlədən qeyd olunan ölkələrin səfirləri iştirak ediblər. Ukrayna Yəhudi Komitəsinin sədri, Ali Radanın deputatı Aleksandr Feldman müzakirələr zamanı bildirib ki, bu gün yalnız antisemitizm barədə deyil, həmçinin antiislamçılıq barədə də danışmaq lazımdır: «Biz Rusiyada Qafqazdan və Orta Asiyadan gələnlərə qarşı kütləvi hücumları görürük. Bu məyusedici haldır. Bu hallar bir sıra hallarda Ukraynada və bir sıra Avropa ölkələrində də baş verir. Bununla mübarizə istiqamətində əsas alətlərdən biri cəmiyyətdə tolerantlığın tərbiyə olunmasıdır». Rusiya Dövlət Dumasının keçmiş üzvü, Rusiya Federasiyası İctimai Palatasının üzvü Alla Gerber isə son günlər Moskvada azərbaycanlılara qarşı olan hadisəni Rusiya tarixində olduqca arzuolunmaz hal adlandırıb. O, Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalov və Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən Pokrovsk meyvə-tərəvəz bazası ətrafında azərbaycanlılara qarşı baş verən olayların Rusiya tarixində «Biryulevo sindiromu» kimi qalacağını bildirib. A. Gerber vurğulayıb ki, baş verən hadisələr utancvericidir və rus xalqı heç vaxt etnik qarşıdurmanı sevməyib. O, rusları təxribatlara getməməyə çağırıb. Konfransda iştirak edən digər xarici ekspertlər, deputatlar, o cümlədən Ukraynanın ilk prezidenti, MDB-nin banilərindən olan Leonid Kravçuk, BUAK sədri Rövşən Tağıyev də konfransın gündəlik mövzusu ilə bərabər Moskvadakı olaylara toxunaraq başverənləri pisləyiblər. Konfrans iştirakçıları Rusiya rəhbərliyini etnik məsələlərdə diqqətli olmağa çağırıblar.