Muəllif:

Bu mənim illərdən bəri arzuladığım Əmir Teymurdur

Teatr, kino və televiziya rejissoru Mehriban Ələkbərzadə bir müddət Türkiyədə “Qatil” əsərini tamaşaya qoyub təhvil verdi. Onunla söhbətimizə xalq yazıçısı Elçinin “Qatil” pyesinə yeni həyat qazandırmağın hansı mərhələlərdən keçdiyi ilə başladıq:

— Mənim Akademik Milli Dram Teatrında hazırlayıb, təhvil verdiyim sonuncu tamaşam “Qatil” olduğu üçün, Kıbrıs Teatrında da (nəzərə alsaq ki, bu əməkdaşlıq layihəsini daha da möhkəmləndirmək və münasibətlərin daha da bərkiməsi məqsədi vardı) bu əsər seçildi ki, daha sonra bu iki oyunu birləşdirmək kimi təcrübələr edə bilək.

Rol bölgüsü prosesində problem başlandı. Hətta kastinq keçirməli oldum. Nəticədə başqa teatrlardan dəvət edilmiş aktyorlar çoxluq təşkil etdilər. Dediyim kimi, bu teatrın tamaşa oynaması üçün yeganə məkan — Atatürk Kültür Mərkəzi idi. Tamaşaların nümayişi üçün isə konfrans salonundan istifadə edilirdi. Səhnə və səhnə üçün ayrılan yer məni qətiyyən qane etmirdi. Ona görə səhnənin dərinliyi naminə oyun meydançasını (səhnəni) genişləndirib SƏHNƏ görkəminə yaxınlaşdırmaq istədim. Bunun üçün divarları uçurmalı olduq. (təbəssümlə) Sonra İsrafil müəllim dedi ki, inqilab etməsən, olmur.

Bəli, Kıbrıs teatrının “Qatil”i tam fərqlidir. Məkan, musiqi, aktyor vurğuları buradakından çox seçilir. Aktyorlar, təbii ki, buradakı aktyorlardan yetərincə fərqli idilər, nəticədə bu çalışmadan razı qaldım. Qadın rolunda çıxış edən aktrisa — Oya Akın ingilis dili müəlliməsidir. Əvvəl Londonda, sonra İstanbulda təhsil alıb. Kişi rolunu oynayan Tuyqun Törənin isə fərqli ali təhsili var. Amma teatrda çalışır. Qonşu qadın roluna seçdiyim aktrisa Bilənin fakturası fərqli olduğu üçün o obrazın xarakterini dəyişməli oldum. Və Polis — Yılsay Özbudak. Kıbrıs teatrının aktyoru yeganə bu teatra aid olan aktyor. Yaxın günlərdə bu tamaşanın qarşılıqlı şəkildə yerdəyişmə nümayişi, yaxud sintez baxış formasını sınaqdan keçirməliyik. Allah qoysa. İsrafil müəllim söz verib, görək nə olur. O «Katil»i gəlib burada oynayacaqlar, buradakı «Qatil»i isə Kıbrısda. Hər biri öz türkcəsində.

— Maraqlı olar…

— Təbii, Allah qoysa, bu səfərlər baş tutar… Ümumiyyətlə, onlar Bakıya gəlməyi çox arzulayırlar. Bu, İsrafil müəllimlə mənim birgə düşündüyümüz böyük bir lyihənin əsası olar.

— Mehriban xanım, bu əsərə Azdramada ikinci dəfə yozum vermək tələbatı nədən yarandı?

— Doğrusu, mənim bu əsərə bir də qayıtmaq fikrim yox idi. Amma tələbat belə yarandı. Elçin müəllim də mənim “Qatil”imin 1-ci versiyasını (2002-ci il) çox uğurlu hesab etdiyi üçün yeni yozuma ehtiyac görmürdü. Mən isə tamaşanın ötən 10 il ərzində öz həyatını yaşadığını hesab edirdim. Və müasir zövq və vurğu anlamında müstəvi fərqində idim. Və israr etdim. Sonuc: tamaşanı bərpa etmək adı ilə, tam yeni tamaşa ərsəyə gətirdim. Yəni indiki versiyanı. Mövcud olan bütün stereotipləri sındırdım. Burada təəccüblü bir şey yoxdur. Yaşadığımız cəmiyyət və zaman şərtilikləri, dəyərləri və mənəviyyatı dəyişdiyi kimi ona baxışlarımız da fərqli olmalıdır. Bir də ki, müasir dünya teatrlarındakı hərəkət xətti, baxış və düşüncə tərzi bizə Ay qədər uzaq olmamalıdır axı. Mənim baxışımda bugünkü gerçəkliyin ifrat reallıq üslubunda “Həyatın üzünə” İngiltərə modern teatr estetikası mənə çox yaxın gəldiyi üçün mən də «Qatil» əsərini belə “gördüm”. Həyatında “qaranlıq və çirkli şey” olmayan hər kəs bu həyati reallıq cəsarətindən heç sıxılmaz.

— Bu vaxta qədər öz tamaşalarınızda, filmlərinizdə aktrisa kimi iştirak etməmisiniz. Sizə uyğun rol olmayıb, yoxsa başqa səbəb var?

— Bəlkə də yeganə rejissoram ki, səhnəyə çıxmağı bu qədər sevmirəm. Kameradan, mikrofondan qorxum yoxdur, amma səhnədən, canlı tamaşaçıların gözlərindən sıxılıram. Tamaşaçıların qarşısına çıxıb təzim etmək mənim üçün zülmdür. Həm də aktyorluq özündən imtina edib canlandıracağın personaj olmaq, ona çevrilməkdir. Mən özümdən ayrıla bilmirəm. Və məni bir rejissor kimi qane edə biləcək aktyorluq istedadı da məndə yoxdur. Bir də buna heç lüzum yox. Mənim bəxtimə isdedadlı aktyorlarla çalışmaq düşüb.

— Və cari işləriniz haqqında soruşmaya bilmərəm.

— Hazırda Hüseyn Cavidin “Topal Teymur” pyesini tamaşaya qoymağa hazırlaşıram. Bu, mənim illərdən bəri arzuladığım Əmir Teymurdur. İnşallah, oktyabrda, Cavidin doğum günü ərəfəsində tamaşanı təhvil verməliyəm. İnanıram ki, bu, mənim ən ciddi işim, ən uğurlu tamaşam olacaq… Allah kərimdir.

— Necə bilirsiz, nə vaxtsa komediya səhnəsində tamaşa qoya bilərsiniz? Bildiyimə görə, siz komediya xoşlamırsınız…

— Hə. Amma hər halda düşünürəm ki, nə vaxtsa bu addımı atacam və komediya hazırlayacam. Məncə, indi bu düşüncəmin reallaşması üçün bütün şərtlər var. Daha doğrusu, Arlekin taleyinə köklənən tragikomediyanın. Çünki ətrafımızda təzadlar çoxdur. Ona görə indi belə bir tragikomedik əsərə quruluş verməyimin əsl zamanıdır.

— Mehriban xanım, bilirəm ki, özəl məqamları açıqlamağı sevmirsiz. Bəs sırf xoş bir təəssürat olaraq nəyi danışa bilərsiniz?

— Yenə də sitat gətirəcəm… “Hələ çözəmədiyim insanlar oldu həyatımda. Uzaqdanmı adam idilər, ya adamlıqdan uzaqmıydılar? Anlamadım ki…” Belə bir təəssürat kimi yadımda 2004, ya da 2005-ci ildə İstanbulda Məkan Teatro Festivalında yaşadığım təəssürat qalıb. Sultan Əhməd meydanında açıq məkanda oynanılan tamaşadakı aktyorlardan biri mənə işarə etdi ki, arxaya baxım. Onun tamaşadan yayınmağı məni hövsələdən çıxarsa da, arxaya dönüb baxmağımın sonucu… Yəqin ki, o məqamı və təbii ki, “özünə yaxşı bax” ifadəsini heç unutmayacam. Sunay Akın söylədiyi tək, «Ne garip şey şu mutluluk! Gitti mi gider, çağırsan gelmez, gelse de kalmaz, kalsa da yetmez».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 314