Bu ilin Zərdabi mükafatları laureatları elan edildi
Azərbaycan Jurnalistlər Birliyinin katibliyi mətbuatda, o cümlədən tele-radioda çalışan və peşəkarlıq baxımından yaradıcılıqları diqqət çəkən bir qrup jurnalisti 2013-cü il üçün Həsən Bəy Zərdabi mükafatı laureatı elan etmişdir.
Tanınmış telejurnalist, şərhçi İbrahim Nəbioğlu çağdaş Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrə, Qənirə Ataşova (ANS TV) aktual mövzularda müsahibə və şərhlərə, Səadət Məmmədova (Yurd TV) “Sərt məntiq” verlişinə, Rəşad Rüstəmov (“Zerkalo” qəzeti) jurnalist araşdırmalarına görə N.B.Zərdabi mükafatı ilə təltif edilmişlər.
Mükafatçılar arasında, Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən “Baxıb Türkün Bayrağına…” kitabının müəllifi, publisist Namiq Əhmədov, “168-ci saat” həftəlik-analitik proqramının müəllifi və aparıcısı İnqilab Şirinov (EL TV, Yevlax), ölkənin ictimai-sosial həyatına həsr edilmiş silsilə məqalələrinə görə İlqar Rüstəmov (“Xalq qəzeti”), “Azadlıq” qəzetinin səhifələrində publisistik yazıları ilə çıxış edən Elnur Astanbəyli də vardır.

