Bu il də ərzağın bahalaşması davam edəcək
Artıq bəlli olduğu kimi, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 19,2 milyard manat, xərcləri isə 19,8 milyard manat olacaq. Praktik olaraq, büdcə gəlirləri 2012-ci illə müqayisədə 13% çoxdur. Müqayisə üçün bildirək ki, bu il Ermənistanın dövlət büdcəsi 3,4 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan təxminən 10 dəfə çoxdur. Ümumilikdə region iqtisadiyyatının 80% Azərbaycan iqtisadiyyatının payına düşür.
Lakin İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev düşünür ki, bu il həm dünya iqtisadiyyatı, həm də dünya iqtisadiyyatına inteqrasiya yolunda olan Azərbaycan iqtisadiyyatı üçün bir sıra çətinliklərlə müşayiət olunacaq:
«Beynəlxalq səviyyədə bu, daha çox 2008-ci ildən başlayan maliyyə böhranının nəticələrinə bağlı olacaq. Bildiyiniz kimi, həmin böhran iqtisadi böhrandan çıxaraq sosial böhrana çevrilib. Avropa ölkələrində işsizlik səviyyəsi həddən artıq yüksələrək, bəzilərində 10 faizi ötüb. Artıq böhran banklardan dövlət sektoruna keçib və vəziyyət o həddə çatıb ki, AB dağılma təhlükəsi ilə üz-üzədir. Eyni zamanda, son zamanlar müşahidə olunan tendensiya ərzağın qiymətinin qalxmasıdır. Enerji daşıyıcılarının da qiymətinin qalxması, ərzağa tələbatın artması, iqlim dəyişikliyi və s. dünyanı ərzaq böhranı ilə üz-üzə qoyur. Digər bir tərəfdən, proseslər dünya bazarında neftin qiymətinin necə dəyişməsindən də asılı olacaq. Belə bir vəziyyətdə nəzərə alaq ki, Azərbaycanın dövlət büdcəsi əsasən neft gəlirləri üzərində qurulur. Enerji daşıyıcıların qiymətlərinin konkret necə dəyişməsinə, bunun Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, qiymətlərin düşməsinin qarşısını alacaq amillər var. Bütövlükdə il ərzində neftin orta qiyməti Azərbaycana sərf edən səviyyədə qalacaq və ölkə ən azı bu il neftin dəyişən qiymətinin ciddi təsirlərinə məruz qalmayacaq».
A.Mehdiyev bildirdi ki, carı il iri layihələrin başlanğıc ili olacaq. Həm Neft Fondundan vəsaitlərin ayrılması istiqamətləri, həm dövlət büdcəsindən maliyyələşən layihələr haqqında məlumatlar göstərir ki, hökumət xüsusən Bakı və Bakıətrafı zonalarda çox genişmiqyaslı layihələrə start verəcək. Deyir:
«Böyük layihələrin başlaması isə köçürülmə işlərinin sürətlənməsinə səbəb olacaq. Bu da bir tərəfdən sosial narazılığın artmasına gətirib çıxaran amil kimi qiymətləndirilə bilər, digər tərəfdən isə nəzərə alsaq ki, bu il seçki ilidir, həmin narazılığın qarşısının alınmasına daha çox çabaların olacağı gözlənilir. Bu il həm də Neft Fondunun xərclərinin gəlirlərini örtməsi ilə müşahidə olunacaq. Artıq fondun təsdiq edilmiş büdcəsi göstərir ki, xərclər gəlirləri ən azı 2 milyard manat ötəcək».
Əhalinin sosial vəziyyətinə gəldikdə, ekspertin sözlərinə görə, ərzaq məhsullarının qiymətinin qalxması davam edəcək:
«Doğrudur, mövsümi faktorlarla bağlı olaraq qalxma-enmə müşahidə olunacaq, amma ilin sonuna kimi təxminən 10 faizlik ərzaq inflyasiyası olacaq. Ümumi inflyasiyanı təkrəqəmli saxlamağa hökumət təbii ki, cəhd göstərəcək, ancaq bu, daha çox iqtisadiyyatda baş verən proseslərdən asılı olacaq. Əməkhaqqı artımı ilin ikinci yarısına gözlənilir. Əgər neftin qiymətində ciddi dəyişiklik olarsa, yenə də ilin ortasında büdcəyə yenidən baxıla bilər. Ümumilikdə, ölkədə sosial-iqtisadi proseslər neftdən asılılıq fonunda dəyişəcək».