Bu il azərbaycanlı gimnastlar ölkəyə 85 medal gətiriblər
Bu il Azərbaycanın gimnastika üzrə bütün yığmalarının üzvləri 85 medal qazanıblar. Onlardan 32-si qızıl, 26-sı gümüş, 27-si isə bürüncdür. Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti bildirir ki, gənc qrup komandasının gümüş medalı yeni olimpiya dövrünün başlanğıcında qazanılmış ən vacib titul hesab edilir. Avropa çempionatının Vyanada keçirilən finalında Nilufər Niftalıyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağiyeva və Aynur Mustafayeva ikinci yeri tutdular.
Fərdi hesabda qazanılmış mükafatların sayına görə Marina Durunda lider oldu. Onun hesabında dördü qızıl olmaqla 14 medal var. Aliyə Qarayevanın böyük idmandan gedişindən sonra nəsil dəyişikliyi müvəffəqiyyətlə keçdi. Durunda, həmçinin onun komanda yoldaşı Lalə Yusifova Avropa və dünya çempionatlarının finallarında uğurlu çıxışlarla yadda qaldılar.
Gimnastikanın digər növlərinə gəldikdə, gənc gimnastlar Kamran Hacıyev və Anton Yaşin, qadın və kişi akrobat cütlüklər Aynur Hüseynova -Nərmin Ramazanova, Lalə Hüseynova-Xoşqədəm Quliyeva və Elçin Əlibəyov-Emin Gülməmmədli, eləcə də akrobatik cığırda tullanma üzrə mütəxəssis Mixail Malkin sabit olaraq müxtəlif yarışların qalibləri və mükafatçıları olublar.
AGF gimnastikanın daha iki Olimpiya növü olan qadın idman gimnastikası və batut üzrə inkişaf əldə edib. Bu növlər üzrə artıq ilk medallar qazanılıb. Onlardan qızıl mükafatı gimnast Anna Pavlova qazanıb.
Bununla birlikdə, milli gimnastika arenasının tikintisi başa çatır ki, burada gələn il bədii gimnastikası üzrə Avropa çempionatı və 2015-ci il Avropa Oyunları keçiriləcək.
Nəhayət, beynəlxalq həyat. Avropa Gimnastika İttifaqının (UEG) və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nümayəndələri Bakıya gəliblər. Paytaxtda FIG Akademiyasının hakimlərinin 1-ci səviyyəli (2-ci səviyyəli seminar 2014-cü il yanvarın 11-18-də Bakıda keçiriləcək) seminarı keçirilib, Azərbaycan 2019-cu ildə bədii gimnastikası üzrə dünya çempionatının keçirilməsi hüququ əldə edib, 2009-cu il Avropa çempionatının qadın cütlüyü tərkibindəki qalibi Ayla Əhmədova FIG Atletlər komissiyasının prezidenti seçilib, AGF nümayəndəsi Mehman Əliyev FIG-in İntizam komissiyasının üzvü, AGF-in baş katibi Fərid Qayıbov UEG-in vitse-prezidenti seçilib.