Muəllif:

Bu iki əsgər bir-birini döyüb

Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında hərbi nizamnamə qaydalarını pozmaqda təqsirli bilinən Müdafiə Nazirliyi N saylı hərbi hissəsisinin hərbi qulluqçuları — Rəşad Mamaxanov və Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Rəşad Mamaxanov N saylı hərbi hissəsinin 2-ci artilleriya divizionunun 5-ci batareyasının 1-ci atəş taqımının 2-ci topun heyət nəfəri vəzifəsində xidmətdə olarkən 6 iyul 2012-ci il tarixdə səhər saat 09:00 radələrində əsgər yeməkxanasında olan zaman aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı Ceyhun Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbələri vurub.
O, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla Ceyhun Məmmədova qarşı zor tətbiq edib.
Ceyhun Məmmədov həmin gün səhər saat 09.00 radələrində əsgər yeməkxanasında olan zaman Rəşad Mamaxanovun bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbələri vurub. Ceyhun Məmmədov bunun ardınca Rəşad Mamaxanovu güləş fəndi ilə orada olan stola sarı yıxıb. Bununla da o, Rəşad Mamaxanova qarşı zorakılıq göstərib.
Gəncə Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanılması barədə həbs qərarı çıxarılıb. Həmin hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Şikayətlərində cəzalarının şərti hesab edilməsini xahiş ediblər.
Məhkəmədə çıxış edən Ceyhun Məmmədovun müdafiəçisi Heydər Fərzəliyev apelyasiya şikayətini onunla əsaslandırıb ki, ailənin yeganə oğludur, onu tək böyüdən anası Ruhəngiz Məmmədova heç bir yerdə işləmir, müxtəlif diaqnozlarla xəstədir. Vəkilin sözlərinə görə, Ruhəngiz Məmmədovanın Ceyhununu qayğı və köməyinə ehtiyacı var:
«Ceyhunun ailəsi maddi cəhətdən çətinlik çəkir. Müdafiə tərəfi hesab edir ki, Ceyhun Məmmədovun həqiqi hərbi xidmət müddətinin artıq bir ilini çəkməsi, gəncliyi, törətdiyi cinayət əməlini səmimi etiraf edib, peşman olması, digər təqsirləndirilən Rəşad Mamaxanov ilə barışaraq bir-birilərini bağışlamaları nəzərə alınmalıdır».
Rəşad Mamaxanovun vəkili Sarı Süleymanov da iş üzrə şərti cəza təyin edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı apelyasiya şikayətlərinə etiraz verib. Prokuror Gəncə Hərbi Məhkəməsinin hökmünün dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş edib.
Apelyasiya şikayətinə baxan hakim Ceyhun Məmmədovun sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, Ceyhun Məmmədovun apelyasiya şikayəti təmin edilib və ona 6 ay şərti cəza təyin edilərək, dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxs Rəşad Mamaxanovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasından 3 ay çıxmaqla, barəsində qəti olaraq 3 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanılması barədə qərar qəbul edildi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185