Muəllif:

Bu günün yox, 20 ilin xaini

Vətəndən qovulmuş, ailəliklə yad qapılarda sülənən bu vətən xaini dal qapıdan vətənə gəlməyə cəsarət etdi. Vətənin hələlik bizim nəzarətimizdə olmayan qisminə ayaq basmağa cəsarət etdi. O qismə ki, onun nəzarətdən çıxmasında bu subyektin də böyük təqsir payı var. Bu cinayəti ona və nəslinə sübut olunub və cəzasını da çəkib (yarımçıq olsa da). Sonra rəsmən vətəndən qovulub, ailəliklə. Bu rüsvayçılığı yaşamış birisi…
Heyf ki, bizdə nə qədim çinlilərin adəti, nə də Çingiz xanın xainlər üçün Yasa qaydaları qüvvədədir. Çində xain və satqını edam etməklə yetmir, ailəsini də məhv edirdilər. Çingiz xan isə xainləri belini sındırmaqla cəzalandırırdı — onu ağzı üstə yıxır, dabanlarını ənsəsinə toxunana qədər qanırırdılar. Çıqq… bitdi. Bu, yumşaq cəzadır. İmperiyalar quran ulu dədələrimizin başqa — daha sərt və amansız cəzaları da vardı xainlər üçün. İndi bunlar yoxdur, xaini uzaqbaşı tutub içəri qoyursan, vəkili dərhal pulla mediada haray-həşir təşkil edir. Qrantçı «hüquq müdafiəçiləri» şivən qopararaq işə qoşulur, adı olur «siyasi məhbus». Ardınca Strasburqda tufan qopur və açıb buraxmalı olursan…
Nə isə, bu maskası cırılmış subyekt pullarına satıldığı ağalarının əmri ilə indi bir də gəldi, düşmənin bizə qarşı təbliğat savaşına töhfəsini verdi. Oğlunu da özü ilə gətirmişdi, yəqin ki, satqınlığın, vətənə xəyanətin yollarını ona əyani surətdə göstərmək üçün. Həyatı kifayət qədər bilməli olan bir gənci «hələ ağlı kəsməyən uşaq», «atanın sözündən çıxa bilməyən yeniyetmə» adlandıra bilmərik (anası belə deyir).
Pullarını alıb gedəcəklər Hollandiyaya və ağalarından yeni bir göstəriş gözləcəyəcəklər. Cəbhə xəttinin o tərəfində bu «səfər»in alındığını düşünürlər — zarafat deyil, bütün bu günlər ərzində Ələkrəm Hümbətovun adı və söyləntiləri Bakı mediasında yetərincə hallandı. Amma Kozma Prutkov demiş, «işin kökünə baxan» olmadı. Bu əsl siyasi-hərbi-kriminal detektiv mövzu Çingiz Abdullayevin, ya Elxan Elatlının malıdır.
Mənə qaldıqda, mən detektiv yazar deyiləm. Mən hər deyilən sözə, hər mətbuatda yazılana, məhkəmədə çıxarılan hər hökmün düzgünlüyünə inanan da deyiləm. Bir başqası yazsaydı, bəlkə şübhə ilə yanaşardım. Lakin bu adamın və ətrafındakıların satqınlığının üstünə 20 il öncə — 1993-cü ilin iyulunda təsadüfən özüm çıxmışdım. 22 iyulda «Zerkalo»da dərc olunan bu yazı ilə öz həyatımı təhlükədə qoymuş, redaksiya üçün də əməlli-başlı problem yaratmışdım. Redaksiyada o əhvalat hələ də unudulmayıb. Təsəvvür edin: prezident Kələkiyə qaçıb, ölkəni fəlakət həddinə gətirən Surət Hüseynov gəlib Bakıda oturub, küt nəzərlərlə gözünü parlamentin rəyasət heyətinə dikib, deyilənlərdən bir şey anlamağa çalışır. Onun adamları Bakıda və rayonlarda min hoqqadan çıxırlar. Ermənilər yavaş-yavaş irəliləyir. Ələkrəmin də Bakıya gələcəyi gözlənilir, bu yazı onu və adamlarını cin atına mindirib, Bakıya gələndə bizimlə haqq-hesabı çürüdəcəkləri ilə hədələyirlər… Qorxmayıb neyləyəsən? Latın Amerikasındakı hərbi çevrilişlərdən sonra adamları azmı tutub dəstə-dəstə güllələyirdilər? Kim istər colma-çocuğu yetim qalsın?
Əhvalat belə olmuşdu: səhər yuxudan oyanıb eyvana çıxanda balkon qonşumun oğlunu — təzəlikcə əsgərliyə yola saldığımız Saləddini əsgər geyimində balkonda gördüm. Təəccübləndim, hal-əhval tutduqda dedi ki, qiyamçı Lənkəran korpusundan qaçıblar, 70-ə yaxın əsgərdirlər, saat 11-də «Bakı soveti» metrosunun qarşısında görüşəcəklər. Birlikdə Müdafiə Nazirliyinə gedəcəklər ki, onları cəbhəyə göndərsinlər. Komandirləri də gəlib… Jurnalist üçün bundan maraqlı xəbərmi? (Onda qəzetin parlament müxbiri idim). Təcili yollandım «görüş yerinə». Komandirlə görüşdüm və qala divarlarının yanında çayxanada boş bir masa tapıb əyləşdik. Gənc zabit söhbətcil idi. Bir az da emosional adam olduğu hiss olunurdu. Bir də ki, günün ovqatı belə idi.
…Lənkəran korpusunda o vaxtın termini ilə batalyon komandiri, baş leytenant Məhərrəm Seyidov Orenburqda xidmət etmiş, apreldə istefaya çıxmış və Azərbaycana gəlmişdi. Əslən Ağbaba mahalından idi. Lənkəran korpusunda o vaxtın əsgəri termini ilə batalyon komandiri təyin edilmişdi. Danışır, mən də diktofona yazırdım…
Mənə görə dəyərli olan bu 22 iyul tarixli yazını arxivimdən çıxarıb indi bir də gözdən keçirirəm. Baş leytenant Seyidov deyirdi:
— «Orduya yeni çağırılmış olanlarla intensiv məşğələlər aparırdıq və düşünürdük ki, hazırlıq proqramını bitirib cəbhəyə yola düşəcəyik. İyunun 6-da Baş Qərargah rəisinin o vaxtkı müavini Səfər Əbiyevdən mən Mikayıl Hacıyev başda olmaqla, ön xətti icazəsiz tərk etmiş və korpusun dislokasiya yerinə qayıdan zirehli texnika kolonnasını dayandırmaq əmri aldım. Digər bölmə komandirlərinin mənə kömək etmədiklərinə baxmayaraq, yerlilərdən olan praporşiklərdən çətinliklə döyüş sursatı alaraq, öz batalyonumu silahlandıraraq əmri yerinə yetirməyə yollandım. M.Hacıyevlə qarşılaşanda o mənə bildirdi ki, ön cəbhədə vuruşan əsgərlərə maaş verməkdən imtina etdiyinə görə briqada komandiri İsa Qasımovu öldürəcəklər. Bu əhvalat onunla bitdi ki, İsa Qasımovu hissənin yerləşdiyi ərazidən vertolyotla çıxarıb qaçıra bildik.
Qeyd edim ki, İsa Qasımov pul ödəməkdən imtina etməkdə haqlı idi. Bilirdi ki, ön cəbhədə bütöv bir hissə əvəzinə 15-20 əsgər olardı. Bu əsgərlərin özü də döyüş əməliyyatlarında iştirak etmirdilər. Onun aydınlaşdırdığına görə, pul müqabilində qalan əsgərləri evə buraxırmışlar. Bu azmış kimi döyüş əməliyyatlarında iştirak etməmiş əsgərlərin maaşlarına «döyüş əməliyyatlarında iştirak etmiş olduqlarına görə» əlavə tələb edirdilər.
İ.Qasımovun «vəzifəsindən getməsindən» sonra Ələkrəm Hümbətovun adamları — baş praporşik Mirzəyev, kapitan R.Məmmədov, baş leytenant G.Bağırov polkda rəhbərliyi ələ keçirdilər. M.Hacıyev isə briqada komandiri oldu. Elə bundan sonra bədnam «Talış-Muğan respublikası» yaratmaq ideyası ortaya çıxdı.
Təzə «komandir»lərin ilk işi pul qazanmaq oldu. Onlar sərhədə aparan yollara postlar qoydular, İrana aparılan və gətirilən yüklərə 50 faiz «dolya» almağa başladılar.
Cavan əsgərlərin canına əvvəlcə qorxu salıb, sonra cəbhəyə aparacaqları ilə hədələyib ailələrindən iri məbləğdə pul qoparırdılar. Heç kəs əsgərlərin döyüş və fiziki hazırlığı ilə məşğul olmur. «Zabitlər» yalnız pul barədə düşünürlər. «Kooperativ zabitlər» (bir günün içində leytenant, kapitan, mayor olmuş dünənki praporşikləri və serjantları əsgərlər belə adlandırırlar) hissənin ərzaq ehtiyatlarını, əsgərlərin maaşlarını mənimsəyirlər. Yeri gəlmişkən, əsgərlər dörd aydır maaş almırlar. Lənkəran korpusundan hazırda cəbhədə bir bölmə belə yoxdur. «Qarabağ bizdən uzaqdır, ermənilər gəlib bura çıxa bilməzlər», — deyə onlar bildirirlər. — Gələrlərsə, boyunlarını sındarırıq».
Əllərində olan bütün texnikanı Bakı istiqamətində düzmüşlər. Onlar utanmadan deyirlər ki, təhlükəni Ermənistan tərəfdən deyil, Bakı tərəfdən gözləyirlər.
Yerli əhali orduya tükənməz gəlir mənbəyi kimi baxan bu başabəla «zabitlər»in əməllərindən cana doymuşlar. Onlar əsgər valideynlərini soymaqdan belə geri durmurlar. Bir misal deyim: əsgərlərin xidmət yerini dəyişməkdən ötrü onun valideynlərindən 150 min manat tələb edirlər. Polk komandiri olmuş Güloğlan Bağırov qısa müddət ərzində özünə 5 milyon 600 min manata avtomaşın ala bilmişdir. Bu həmin adamdır ki, Qarabağda döyüşlərin birində ermənilərin iki tankımızı vurmasına şərait yaratmış, qalan yeddi tankı (tamam salamat texnikanı) isə əsgərlərə onları tərk etmək əmri verərək düşmənə «hədiyyə etmişdir. Sizi inandırıram ki, əgər respublika rəhbərliyi Hümbətova və onun təhlükəli əməllərinə öz mənfi münasibətini bildirərsə, yerli əhali bircə günün içində bu vətən xainlərinin öhdəsindən gələr».
Şərhə ehtiyac varmı? Çoxlarının yadında olar, o aylarda döyüş əməliyyatları başqa sektorlarda gedir, Füzuli sektorunda isə hərəkətlilik hiss olunmurdu. Deməli, oradakı bir korpusdan 25-30 əsgər döyüş imitasiyası (buna hara gəldi patron və mərmi məsrəfi də demək olar) ilə məşğul idi. («Bəzən necə oldu ki, torpaqlarımızı itirdik?», — deyə özümüzə sual veririk — bu da cavab).
Bu xainlə necə rəftar etməyi hələ kəsdirə bilməyən, deyəsən, çaşqınlıq içində olan ölkə rəhbərliyinə ideya vermişdik. Əks-səda doğurmuş bu yazıdan çox az sonra hərəkətə gəldilər. Camaat Lənkəranda mitinqə toplaşdı və bu xainlərin qoparağı götürüldü. Bizim redaksiya da rahat nəfəs aldı.
Sonra Ələkrəm və adamları tapılıb qandallandı. MTN təcridxanasından məşhur qaçış… Yenidən yaxalanma… Mən günü bu gün də bilmirəm, ermənilər konkret olaraq Ələkrəmi nə yolla özlərinə işləməyə cəlb etmişdilər. Bunu bizim MTN yaxşı bilər. Bunun üçün xüsusi xidmətlərin nə qədər metodları var. Bu xain həbsxanada yatdığı aylarda bir gün qəzetlərdən onun da adını «siyasi məhbus»ların siyahısında olduğunu oxuyanda ayağımın altından yer qaçdı.
Deyim ki, hüquq müdafiəçilərinin işinə hörmətlə yanaşıram. Çox işlərdə onlarla eyni fikirdəyəm. Lakin Ələkrəm… Heç ağlıma sığışdıra bilmirdim. Bu necə ola bilər axı?
Onu da deyirdilər, «ağır xəstədir», neçə-neçə qorxulu xəstəliklərdən əziyyət çəkir, bu gün-sabahlıqdır. İndi aradan illər keçib, hələ də sapasağdır, ölənə-filana bənzəmir.
Nə isə, mən bu yazını bizim «hüquq müdafiəçiləri» üçün yazdım. Onlara xatırlatmaq istədim ki, elementar satqın, vətən xaini — siyasətçi deyil, konkret cinayət əməlinin daşıyıcısıdır və cəzasını çəkməlidir. Mən belə düşünürəm, onlar isə öz «məhsullarına» baxıb qürur duya bilərlər. Maskası cırılmış olsa da, daha bizim üçün, Azərbaycan dövləti üçün təhlükəsiz olsa da, yetirmələri artıq «siyasətlə» məşğuldur.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 399