Bu günün səhvi sabahın uğuruna zəmin yaradır
İncə sənət dediyin rək tənnaz
Bir gözəl qız ki, çapuq ram olmaz.
Başqadır ondakı həşmət, əzəmət,
Bir təsadüflə yaxın gəlməz, əvət.
Bəlkə illərcə dayansam nazına
Sadə, bir kərrə gülümsər o sana.
Yoxsa əzmində əgər səbrü-səbat,
Boş əməkdir, çəkiryorsın, heyhat!..
H.Cavid
Yaradıcı həyatımın ən ağır, əzabverici anlarında çox səbir və sakitcəsinə bir möcüzə gözləmişəm… Hər dəfə də bu möcüzə baş verib; dostlarımın sayəsində…
Uzun illər nə maddi təminat, nə fəxri ad, nə də hər hansı təltif düşüncəsində olmadan, yalnız və yalnız işləmək istəyində çabaladım. Zaman keçdi, artıq 60-ı haqlamışam. Çiyinlərimdə professional rejissorluğun 25 illik təcrübə yükü var. Taleyimə yazılmış bu sonuncu işsizlik əzabımda yenə də bir dayaq qazandım. Teatr haqqında fikirlərimi yazıb sizlərlə bölüşmək təklifi. Bu həm də öz içimdən gələn istək oldu. Niyə də yox? Niyə də əsasən toz basmış, bəlağətli, kimlərəsə yarınmaq üçün yazılan «şünaslar»ın cızma-qaralarından fərqli olaraq sizinlə anlamlı, sakitcə, çılpaq fikirlərimizi ortalığa qoymaqla söhbətləşməyək?.. Düşünürəm ki, müəyyən zaman kəsiyində hazırladığım tamaşalar, çəkdiyim filmlər buna haqq verir. Bir də mənə inanıb, yazmağı təkidlə tələb edən dostum!..
… K.S.Stanislavski ilə Mikoels arasında belə bir söhbət olub. Stanislavski soruşur:»Necə olur ki, quş uçur». Mikoels deyir: «Heç, sadəcə, qanadlarını nizamlayır». Stanislavski cavab verir:
— Qətiyyən, yox. Quş sinəsini hava ilə doldurub, MƏĞRURLAŞIR və uçur!..
Mənim üçün bu çətin olsa da, deməliyəm ki, Azərbaycan teatrı ümumilikdə öz ağrılı, acılı dövrünü yaşayır. Sinəsini nə qədər hava ilə doldura bilsə də, qanadları yolunduğu üçün uça bilmir. Əlbəttə, hər bir teatrda dəyərli, yüksək peşəkar səviyyədə hazırlanmış tamaşalar var. Amma tək-tək tamaşalar teatr demək deyil. Yaradıcı yüksəkliyi, bütövləşmiş mövqeyi, formalaşmış truppası ilə, intellektual parlaq aktyor ifaçılığı ilə teatr teatrdır. Bütün bu amillərin bir düyündə toparlanması üçün rejissor adlanan bir peşə sahibi var. Dəfələrlə eşitdiyimiz bir fikir dövriyyəyə çox ustalıqla buraxılıb — şəxsiyyət rejissor yoxdur, yalandır! İndiki dövrdə müxtəlif teatrlarda çabalayan şəxsiyyətinə, professionallığına, elmi düşüncəsinə hörmətlə yanaşıla biləcək rejissorlarımız var! Səlahiyyət yoxdur. Tək bir sərəncamla teatrın inkişafına təkan vermək olar — rejissorun səlahiyyəti özünə qaytarılsın. Teatrın rəhbərliyi rejissora həvalə edilsin. Çünki bu birbaşa onun peşəsinə aid olan işdir.
Amma yox, olmaz. Bilirsiz niyə?
İllərlə yoğrulmuş belə bir fikir var — rəssamın materialları rənglər, bəstəkarınkı səs, aktyorunku plastikası, hissləri, əsəbidi.
Rejissorun materialı — döyüşdü.
Səhnə əsərinin hər hüceyrəsində döyüşü, mübarizəni quraraq oyun yaratmaq bacarığı.
Rejissor tamaşanın bədii bütövlüyünü yaradır, mövqe ortalığa qoyur, yaşadığı cəmiyyətə müxalif olur. Olmalıdı!
Heç olmasa yaxşının daha yaxşı olması üçün. Bir teatr özünə qapanıb ruhi bir aləmdə yaşayır, bir başqası tamaşaçısı ilə açıq təmasa gedir. Hər iki halda rejissor işinin əsası mübarizədir. Hər iki yol məqbuldur.
İnsan doğuluşdan ölümlə döyüşür. Damarlarımızda ağ qanla qırmızı qan döyüşür. Dramaturgiya da döyüşlərin törətdiyi hadisələr toplumudur. Bir sözlə, rejissorun materialı, bir daha təkrar edirəm, mübarizədir…
XXI əsrdə geriyə addım atırıq (Hər bir yüksəlməyin enişi, hər bir enişin qalxmağı var, bəlkə də…).
İndiki reallıqda teatrların rəhbərləri müdirlərdi… Direktor demirəm, çünki bu sözün tərcüməsi elə rejissor deməkdir. Belə bir anlama gəlmək olur ki, adı rejissorun, vəzifənin özü isə müdirlərə məxsusdur bizim teatrlarda. Çox təəssüf!..
P.S. Tənqidçilər sənətkarların hansısa bir aynaları pərdələnmiş və ağzıbağlı bir laboratoriyada yetişmələrini çox istərdilər. Amma biz hamının gözü qarşısında və tamaşaçılarla birbaşa ünsiyyətdə olaraq böyüyür, püxtələşir, axtarır, səhv edir və tapırıq. Sərkərdələri savaş meydanında tökülən qanlar yetişdirir. Sənətkarlar isə buna öz qanları bahasına çatırlar… Bir də səhv nə olan şeydir axı? Bəzən bu günün səhvi sabahın uğuruna zəmin yaradır…
V.E.Meyerxold
Aynanın yeni köşə rubrikasından.