Bu gün 20 noyabr… İsmət Qayıbovu anarkən…
Dəniz dərindir durulmaz
Dostluq əbədidir unudulmaz…
Bu gün 20 noyabrdır. Mən bu yazını dəyərli insan, mehriban dost, Azərbaycan Respublikasının keçmiş baş prokuroru
general İsmət İsmayıl oğlu Qayıbovun əziz xatirəsinə ithaf edirəm.
Sarsıdıcı xəbərdən — 20 noyabrdan uzun illər keçsə də, elə təsəvvür edirəm ki, hadisə bu gün baş verib. O müdhiş günü heç vaxt unuda bilmirəm. Onun haqqında dəfələrlə yazmağa cəhd göstərmişəm, lakin, hər dəfə həyacandan qeyri-ixtiyari qələmi əlimdə saxlaya bilməmişəm, kədər məni boğub. Axı o, bu dünyanı vaxtsız tərk etdi. İsmət müəllim xalqımız, millətimiz, dövlətçiliyimiz üçün olduqca dəyərli və gərəkli bir insan idi. Onun bütün arzuları, istəkləri yarımçıq qaldı. O yaşamaq istəyirdi , həddən artıq həyatsevər və ailəcanlı idi. Övladları: oğlu İsmayılı, qızı Firuzəni canından artıq istəyirdi. Sevimli övladlarından , bütün varlığı ilə bağlı olduğu həyat yoldaşı Leyla xanımdan vaxtsız ayrı düşdü. Heç vaxt özünü Leyla xanımsız təsəvvür etməzdi İsmət. Onun xalqına, övladlarına olan sonsuz məhəbbəti yarımçıq qaldı.
Bu sətirləri qələmə almaq istərkən yenə də həddən artıq həyacanlandım, lakin çətinliklə özümdə güc tapıb yazmağa başladım. Axı, hələ də mən onun yoxluğuna, aramızda olmamasına inana bilmirəm.
Sözün həqiqi mənasında dəyərli bir insan idi İsmət Qayıbov. O inanılmaz təşkilatçılıq qabiliyyətinə malik , mənəviyyatca təmiz və saf bir şəxsiyyət kimi yetişmişdi. Deyirlər səhvsiz, qüsursuz insan yoxdur, ancaq İsmət doğurdan da səhvsiz, qüsursuz, qərəzsiz bir şəxsiyyət, daim haqqa-ədalətə söykənən hüquqşünas, görkəmli dövlət xadimi idi.
İsmət müəllim hazırlıqlı hüquq mütəxəssisi olmaqla bərabər, həyatı düzgün dərk edə bilən, uzaqgörən bir insan olmuşdur.
Hər hansı bir qərar qəbul edərkən, heç vaxt tələsməzdi, necə deyərlər yeddi ölçüb bir biçərdi. O, zamanın nəbzini tutmağı bacaran və yaranmış vəziyyəti düzgün qiymətləndirən bir şəxs idi. Eyni zamanda olduqca ürəyiyumşaq və humanist idi. Kimliyindən asılı olmayaraq, hər hansı bir qəbahət törətmiş vətəndaşa qarşı ədalətli olmağı hər şeydən üstün tutardı.
İsmət Qayıbov humanist bir insan kimi həmişə tərbiyələndirmək prinsipini əsas tutardı. O, heç vaxt ağır cəza vermək tərəfdarı olmazdı. Bununla bərabər, insan haqlarının pozulmasına heç bir vəchlə yol verməzdi və belə halları qəbul etməzdi. Bu kimi hallara yol verilməsini böyük qəbahət hesab edərdi İsmət müəllim.
Dağlıq Qarabağ məsələsi ortalığa atılanda İsmət Qayıbov düzgün mövqe tutmaqla, çox cəsarətli və qətiyyətli addımlar atırdı. O vəziyyətin mürəkkəbliyini dərk edərək, dəfələrlə efir vasitəsiylə separatçılara kəskin və tutarlı mesajlar göndərirdi. ”Bir qarış torpaq belə sizə verməyəcəyik!”. Onun belə ciddi bəyanatlarından Dağlıq Qarabağda separatçılar qorxuya düşüb, şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. O vaxtlar mən bu məsələlərdən hərtərəfli xəbərdar idim, çünki bütün ilboyu qaynar nöqtələrdə olurdum. Dağlıq Qarabağda yaşayan bütün ermənilər çalışırdılar ki Azərbaycan ərazisini tezliklə tərk etsinlər. Ürək ağrısı ilə qeyd edirəm ki,1991-ci il 20 noyabr hadisəsindən sonra M.Qorbaçov hakimiyyətinin təkidi ilə bu proses tamamilə dayandırıldı. Erməni faşistləri fürsətdən istifadə edərək ərazimizdə meydan sulamağa başladılar, nəticədə 20 faizdən çox torpaqlarımız üzərində nəzarət itirildi.
İsmət Qayıbov prokuror praktikasında ehtiyatsızlıq səbəbindən yaxud
qəsdən törədilməyən cinayətlərə görə yüngül cəza verilməsini tövsiyə edirdi. Yaxşı yadımdadır, bir dəfə bu məzmunda bir məhkəmə prosesində iştirak etməyi mənə təklif etdi, mən isə dedim, axı mən rayon Daxili İşlər şöbəsinin rəisiyəm. Camaat nə fikirləşər? Dedi, burda heç bir qəbahət yoxdur, mülki geyimdə oturarsan zalda və zarafatyana dedi: eynək taxarsan, heç kim səni tanımaz. Bu sözləri elə səmimiyyətlə dedi ki, mən onunla razılaşmalı oldum. Prosesdə ittiham nitqinin sonunda İsmət müəllim məhkəməyə xoş təbəssümlə müraciət edərək ”görün bu cavan oğlanın nə qəşəng qıvrım teli var” dedi. Prokurorun bu ifadəsi zalda xoş ovqat yaratdı, və o əlavə etdi ki, biz insanların tərbiyələndirliməsini cəza verməkdən üstün tutmalıyıq. Prokurorun belə humanist mövqe tutması hamıya çox yaxşı təsir bağışladı. Sonradan öyrəndim ki, təqsirləndirilən o şəxs kimsəsiz bir sovxoz fəhləsidir. Həqiqətən də məhkəmə həmin cavan oğlana yüngül cəza verməklə kifayətləndi.
1979-cu ildə məni İsmayıllı rayon Daxili İşlər şöbəsinə rəis təyin etmək istərkən mənə təklif olundu ki, rayon partiya komitəsinin 1-ci katibi ilə görüşüm. O vaxtlar qayda belə idi. Həmin ilin avqust ayının sonlarında İsmayıllı rayonuna gələrək birbaşa rayon partiya komitəsinə getdim və 1-ci katib mərhum Qəşəm Aslanovun qəbulunda oldum. O mənimlə xeyli söhbət etdikdən sonra təklif etdi ki, rayon prokuroru ilə də görüşüb söhbət edim.
O vaxt İsmayıllı rayonunun prokuroru İsmət Qayıbov idi, sonralar isə Əli Bayramlı, Sumqayıt şəhər prokuroru, daha sonra isə respublika baş prokuroru oldu. Mən onun yanına getdim , o məni çox mehriban qarşıladı və bir saata yaxın söhbət etdik. İsmət müəllim dedi ki, rayonda vəziyyət yaxşı deyil, inşallah təyinat alıb gələrsən , əl-ələ verib işlərik, vəziyyəti birlikdə düzəldərik. Söhbətdən sonra onunla sağollaşıb Bakıya qayıtdım. Sonradan bəlli oldu ki, hələ mənim İsmayıllıya göndərilmək məsələm ortalığa çıxarkən fəaliyyətimin öyrənilməsi məsələsi rayon partiya komitəsinin rəhbərliyinin tövsiyəsi ilə rayonun prokuroru İsmət Qayıbova həvalə edilmişdir, o da öz növbəsində müxtəlif kanallarla mənim kimliyimi və necə işçi olmağımı bütün təfərrüatı ilə öyrənmiş , rayon partiya komitəsinə müsbət xarakterizə etmişdir. Hətta İsmət müəllim demişdi ki, “İsmayıllı rayonunun rəis vəzifəsi üçün Xalıq müəllim ən yaxşı namizəddir. O, Daxili İşlər Nazirliyi Qərargah İdarəsində işləyir, özü də hüquq elmləri namizədidir, həm də onun haqqında hamı ancaq müsbət fikirdədir”. Rayon rəhbərliyi İsmət Qayıbovun rəyini nəzərə almış və mənim təyinatıma razılıq vermişdi.
Beləliklə 5 sentyabr 1979-cu ildə İsmayıllıya rəis vəzifəsinə gəldim. Gələn gündən İsmət Qayıbovla aramızda çox mehriban, işgüzar münasibət yaranmışdı. İsmət müəllim olduqca gözəl bir insan idi.
İsmayıllı rayonunda vəziyyət olduqca ağır idi, problemlər, keçmişdən qalma açılmayan cinayətlər həddən çox idi. Bütün bu məsələlər məni çox narahat edirdi. Mənim bu narahatlığımı hiss edən İsmət Qayıbov deyirdi: ”Hər şey yaxşı olacaq, mən əlimdən gələn köməkliyi edəcəm ki, mövcud çətinliklər aradan qaldırılsın”. İsmət müəllimin bu sözləri elə bil mənə qol-qanad verdi, mənim işləməyə həvəsim artdı və öz fəaliyyətimə keçmişdən açılmamış qalan cinayət işlərinin araşdırılması ilə başladım. Bu fikrimi İsmət müəllimlə bölüşdüm. O bunu çox razılıq hissi ilə qarşıladı və əlavə etdi ki, “çoxdandır keçmişdən açılmamış qalan cinayət işləri ilə məşğul olan yoxdur, həm də şöbədə bu xarakterli cinayət hadisələrinin açılması ilə məşğul ola bilən əməliyyatçı da yoxdur. Nə kömək lazımdır mən edərəm”.
Həmin işləri nəzərdən keçirərkən diqqətimi 1969-cu ildə baş vermiş ölüm hadisəsi cəlb etdi. Belə ki, yenicə ailə qurmuş cavan bir gəlin amansızlıqla qətlə yetirilmişdi. Mən həmin cinayət işi, həm də cinayət axtarış işi ilə tanış olarkən dəhşətə gəldim. Cinayət işi bir neçə müstəntiqin icraatında olmuş, cinayət işini ancaq təzələməklə kifayətlənmişlər. Heç bir istintaq hərəkəti edilmədən cinayət işi yenidən dayandırılmışdır. Cinayət işi ilə tanışlıqdan o da məlum oldu ki, bu cinayətin açılmasında heç kim maraqlı olmamışdır. İş üzrə elementar istintaq hərəkətləri edilməmişdir. Hiss olunurdu ki, işin açılmasına kim tərəfindənsə güclü maneəçilik törədilmişdir. Mən bu vəziyyəti görəndən sonra gecələr yuxu da yata bilmirdim. Fkirləşirdim… necə ola bilər ki, ailəli cavan bir gəlin öldürülsün, ağır cinayətin üstü açılmasın? Kim öldürə bilər deyə öz-özümə sual verirdim və belə qərara gəldim ki, uzağa getmək lazım deyil,bunu ailənin özünün daxilində axtarmaq lazımdır. Şübhə etmirdim ki, bu hadisə qısqanclıq zəminində törədilmişdir. Mən bu hadisə ilə də bağlı rayon prokuroru İsmət Qayıbova bildirdim və o bu fikrimlə razılaşdı.Dərhal DİN istintaq idarəsinin rəisi general-mayor Tofiq Aslanova zəng edərək təcrübəli müstəntiq ezam edilməsini xahiş etdi və əlavə etdi ki, işçiniz Məbud Hüseynovu göndərəsiniz, zənnimcə o, bu işin öhdəsindən gələ bilər. Səhərisi gün istintaq idarəsinin müstəntiqi, Məbud Hüseynov İsmayıllıya ezam edildi. Bir neçə gün gərgin zəhmət öz bəhrəsini verdi və müəyyən edildi ki, qadını öz həyat yoldaşı qısqanclıq zəminində qətlə yetirərək çaya atmışdır. Bu hal təkzibedilməz sübutlarla öz təsdiqini tapmış və həmin şəxs törətdiyi cinayət hadisəsini boynuna almışdır.
1981-ci il martın sonlarında rayonun Mican kəndində iki nəfərin öldürülməsi barədə milis şöbəsinə məlumat daxil olmuşdu. Məlumat daxil olan kimi, İsmət müəllimlə birlikdə hadisə yerinə getdik. Orada məlum oldu ki, Hacıağa və onun həyat yoldaşı Zöhrə öz evlərində amansızlıqla qətlə yetirilmişlər. Hacıağa 1913-cü il, Zöhrə isə 1908-ci ildə anadan olmuşlar. Hacıağa uzun illər yataq xəstəsi olmuşdur. Bu hadisə ağır cinayət hadisəsi idi. Bu hadisə ildırım surəti ilə bütün ətraf rayonlara yayılmışdı. Ismayıllı camaatı hadisədən dəhşətə gəlmişdi. Rayon əhalisi vahimə içərisində idi. Bir sözlə, rayon necə deyərlər, bir-birinə dəymişdi. Bu son bir neçə ildə törədilmiş ən ağır cinayət hadisəsi idi. Axı 2 nəfər köməksiz yaşlı insan vəhşicəsinə gətlə yetirilmişdi. Rayon rəhbərliyinin zənglərinin ardı-arası kəsilmirdi. Rayon Partiya Kömitəsinin 1-ci katibi mərhum Qəşəm Aslanov dəfələrlə şöbəyə gələrək işin gedişatı ilə maraqlanırdı,o vaxtlar Respublika Daxili İşlət Naziri Cəfər Vəliyev şəxsən özü dəfələrlə zəng edərək hadisə ilə maraqlanmışdı. Həmin hadisənin açılmasında rayon prokuroru İsmət Qayıbov əsl fədakarlıq göstərdi. 17 gün gecə-gündüz mənimlə birlikdə yuxusuz gecələr keçirmişdi. Mən nə qədər çalışırdım ki, gedib heç olmasa, bir az istirahət etsin , onu heç cürə məcbur edə bilmirdim. Deyirdi :“mən səni necə tək qoyub, istirahətəgedə bilərəm?”. İsmət müəllim gecələr kürsüdə mürgüləyirdi. Onunla da kifayətlənirdi. Bu cinayət hadisəsinin də açılmasında DİN İstintaq İdarəsinin müstəntiqi Məbud Hüseynovun əvəzsiz rolu olmuşdu. O da bizimlə birlikdə yuxusuz gecələr keçirmişdi.
Nəhayət 17 gün gərgin zəhmət nəticəsində, bu dəhşətli cinayətin üstü açıldı və cinayətkarlar öz layiqli cəzalarını aldılar. Cinayətkarlardan biri güllələndi, digəri isə 15 il azadlıqdan məhrum edildi. Bu cinayətin açılmasında İsmət Qayıbovun rolu danılmazdır. Bu cunayət açılana qədər o rahatlıq bilmədi.
Ismət Qayıbov dostluqda çox sədaqətli idi. Bu məsələdə o əvəzedilməz bir insan idi. Onun kimi dostluğa, yoldaşlığa sadiq bir insan tanımıram. O, bu məsələlərə nə qədər böyük əhəmiyyət verirdi.
Bir neçə il idi işləyirdim, günlərin birində şöbənin növbətçisi zəng edib bildirdi ki, Bakıdan bir nəfər qonaq gəlib və sizi istəyir. Kim olmasını soruşmadan dedim qoy gəlsin. 2 dəqiqə keçməmiş mənim aspirant yoldaşım Arif Mustafayev otağa daxil oldu. Xeyli vaxt idi ki, onunla görüşməmişdik. Onun gəlişinə çox sevindim. Arif müəllim alicənab, təmkinli, sakit bir insandır. Onunla oturub aspirantlıq illərimizin şirin anlarını xatırladıq. O vaxtdan keçən illəri bir daha yada saldıq. Nahar vaxtı İsmət müəllimə zəng edərək dedim ki, mənim əziz bir qonağım gəlib, aspirant yoldaşımdır, Şirvanın,o cümlədən İsmayıllı rayonunun maddi mədəniyyətini öyrənən görkəmli etnoqraf alimdir. Gəl birlikdə nahar edək. Əlavə etdim ki özü də Qazax mahalındandır .O, zarafatyana dedi: hə, onda məmnuniyyətlə gələrəm. Ismət müəllim özü də əslən Qazax mahalındandır. Bir neçə dəqiqədən sonra o, gülər üzlə kabinetə daxil oldu, Arif müəllimlə çox mehribanlıqla görüşüb söhbət etdilər. Mən hiss etdim ki, ilk andan Arif müəllim haqqında onda yaxşı təəssürat yarandı. Arif müəllimin söhbətlərinə o çox maraqla qulaq asırdı.Onların geniş,əhatəli ilk söhbəti mənim üçün də maraqlı oldu,xüsusi ilə Qayıbovların şəcərəsinə dair söhbət daha böyük maraq kəsb etdi.Onların, söhbət əsnasında mən bu şəcərənin körkəmli nümayəndəsi 36 il Zaqafqaziya müftisi olmuş Hüseyn Əfəndi Qayıbov, azərbaycanlalardan ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbov barədə ətraflı məlumat ala bildim. Bu nəslin görkəmli nümayəndəsi olan Fərrux ağa Qayıbov Birinci Dunya mühariəbsi cəbhələrində hərbi rəşadət göstərərək həlak olduğunu bilirdim.
Onlar söhbət etdikcə mən hiss edirdim ki,İsmət müəllim öz əcdadlarının nümayəndələrinin xidmətləri və hərbi şücaətləri barədə danışdıqca, iftixar hissi duyur. Bu cəhəti, deyəsən, Arif müəllim də sezmişdi. Elə ona görə də söhbətin mövzusunu dəyişməzdən əvvəl əlavə etdi ki,indi Qayıbovların ənənəsini davam etdirmək növbəsi Sizə çatır, İsmət müəllim! İnşallah, bunu zaman göstərəcəkdir. Kaş sağlıq olsun deyə İsmət müəllim cavab verdi.
Söhbət zamanı məlum oldu ki, Arif müəllim İsmayıllı rayonuna elmi işi ilə əlaqədar göndərilib, hələ bir neçə gün İsmayıllıda qalmalıdır. Bu məni daha da sevindirdi. Arif müəllimin dəyərli söhbətləri İsmət müəllimin çox xoşuna gəlmişdi, hər gün onunla görüşür, söhbət edirdilər.
Adətən, İsmət müəllim ziyalı insanlarla oturub durmağı , onlarla ünsiyyətdə olmağı çox xoşlayırdı. Bir neçə gün sonra elmi işi ilə əlaqədar Arif müəllim İsmayıllının uzaq bir dağ kəndinə getməli oldu. (Kəndin adı indi xatirimdə deyil). Mən onu kəndə yola saldım və ora zəng edərək xahiş etdim ki ona lazımi şərait yaratsınlar. Həmin gün axşam İsmət müəllim mənə zəng edərək Arif müəllimi şam yeməyinə dəvət etdiyini bildirdi. Mən ona dedim ki, Arif müəllim rayon mərkəzində yoxdur, kəndə gedib, bir neçə gün həmin kənddə qalmalıdır. Mən belə dedikdə o təəssüflə dedi, “məyər rayonda qalmağa yer yox idi ki, tez-tələsik kəndə göndərmisən, heç səndən gözləməzdim”. Mən ona izah etdim ki, Arif müəllim elmi-tədqiqat işi ilə bağlı kəndə gedib və bir neçə gün orda qlamalıdır. O buna tam əmin olduqdan sonra hiss etdim ki sakitləşdi.
Bir neçə gündən sonra Arif müəllim işini yekunlaşdırıb qayıtdı. İsmət müəllimlə birlikdə onu yola saldıq. İsmət müəllim həmişə Arif müəllimi məndən soruşurdu və deyirdi ki, mənim salamlarımı ona çatdır, çox gözəl insandır, nə yaxşı ki belə insanlar hələ var, onun gələcəyinə inanıram, ümid edirəm ki, o görkəmli alim olacaq. Həqiqətən də İsmət müəllimin bu arzusu həqiqətə çevrildi
— Arif müəllim indi tarix elmləri doktoru, professordur. Bakı Dövlət Universitetində elmi tədqiqat laboratariyasının müdiri kimi elmi fəaliyyətini davam etdirir.
Neçə illər İsmət müəllimlə bir rayonda işlədikcə bir dəfə də olsun o mənsiz heç bir tədbirə getməzdi. Hətta o vaxt kolxoz, sovxozlara da onunla birlikdə gedərdik, əməkçilərlə görüşlərdə elə maraqlı söhbətlər edərdi ki, bəlkə də səhərə qədər çıxış etsəydi belə yenə də qulaq asardılar. Onun bütün söhbətləri çox sadə, səmimi həm də yumorla dolu keçərdi. Bir
nəfər kimi hamı onu maraqla dinləyirdi, İsmət müəllim baxmayaraq ki, rayonun prokuroru idi, heç kimin könlünə, qəlbinə dəyməzdi,elə buna görə də onu hamı sevirdi.
Ismət müəllimlə bütün bayramları ailəlikcə bir yerdə keçirər və bir-birimizin evinə tez-tez qonaq gedərdik. Bizim dostluğumuz rayonda çox xoş əhval-ruhiyyə yaradırdı, hamı sözün yaxşı mənasında qibtə edirdi, həm də belə münasibəti yerli camaat çox razılıqla qarşılayırdı. Bizim İsmətlə dostluğumuz rayonda əmin-amanlığın, sakitliyin başlıca amili idi. Birgə işlədiyimiz illər ərzində rayonda cinayətkarlıq ilbəil azalmağa doğru gedirdi. O illərdə demək olar oğurluq, soyğunçuluq, qarət halları baş verməmişdi, bütün bunlar hüquq-mühafizə orqanlarının əl-ələ verib işləməsinin nəticəsi idi.
Ismət Qayıbov eyni zamanda rayonun ictimai-siyasi həyatında fəal iştirak edirdi. Elə buna görə də respublikada yeganə rayon prokuroru idi ki, rayon Partiya Komitəsinin büro üzvü seçilmişdi, o vaxt bu çox şərəfli hesab edilirdi.
Razılıqla qeyd edirəm ki, indi övladlarımız bu ənənəni davam etdirirlər. Mənim oğlum Fərid, İsmət müəllimin oğlu İsmayılla o vaxtdan dostluq edirlər, tez-tez görüşürlər, bu münzsibət məni sevindirir.
İsmət Qayıbov harada işləməsindən asılı olmayaraq,heç vaxt onunla əlaqəni kəsməzdik və bu mümkun də deyildi,ona görə ki,o özü buna imkan verməzdi.
Əlibayramli şəhər prokuroru olanda da, Sumqayıt şəhər prokuroru olanda da hər zaman əlaqə saxlayar, imkan tpıb görüşər, söhbətləşərdik.
İsmət Qayıbov Respublika baş prokuroru olanda mən artıq, Respublika Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsində işləyirdim. Respublika Baş Prokuroru olması da İsmət müəllimin sadəliyini, xasiyyətini, xarakterini dəyişmədi. Yenə də həmin İsmət olaraq qalırdı. Onun təbiətinə sadəlik,təvazökarliq, səmimilik xas idi.
Belə bir insanı itirmək hamı kimi məni də sarsıtmışdı…
Nə yaxşı ki, İsmayıl kimi ləyaqətli oğlu, davamçısı var. Mən bununla təsəlli tapıram. İnanıram ki, o atası kimi öz məsul işində haqq-ədaləti hər şeydən uca tutacaqdır. “Ot kökü üstündə bitər ” deyib müdriklərimiz.
Onun gözəl insani keyfiyyətləri, saf səmimiyyəti indi də mənim gözlərimin önündədir.
Belə bir böyük insanı unutmaq olarmı?!