Bu dələduzlar köçkünlərə ev verəcəkmiş…
Dələduzluqda ittiham olunan Ağdam rayonu Qiyaslı kənd uşaq musiqi məktəbində musiqi müəllimi Gülşən Abdullayeva və Elşən Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Gülşən Abdullayeva özgənin əmlakını ələ keçirmək məqsədilə Elşən Əliyev ilə qabaqcadan əlbir olub. O, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsində yaxın qohumu olduğunu bildirərək 3 avqust 2010-cu il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən evlərdən mənzil vermək adı ilə Bəxtiyar Əliyevi aldadıb. O, bu yolla Bəxtiyar Əliyevdən 3200 manat pul alıb.
Bundan başqa Gülşən Abdullayeva 2010-cu ilin avqustun sonlarında Quzanlıda məcburi köçkünlər üçün tikilən evlərdən
ikiotaqlı mənzil vermək adı ilə Allahyar Hüseynovdan 2000 manat pul alıb. Hüquq dili ilə deyilsə, Allahyar Hüseynova xeyli ziyan vurub.
2010-cu il sentyabrın əvvəllərində Elşən Əliyev Gülşən Abdullayeva ilə cinayət əlaqəsinə girərək, Bakı şəhərində məcburi köçkünlər üçün inşa edilən çoxmərtəbəli evlərdən dördotaqlı mənzil vermək adı ilə Ramil Quliyevin 4000 manat pulunu ələ keçiriblər.
Istintaq sənədlərində daha sonra qeyd edilir ki, Elşən Əliyev Quzanlıda məcburi köçkünlər üçün inşa edilən evlərdən üçotaqlı mənzil vermək adı ilə Almaz Məmmədovadan 3500 manat pulunu alıb. Lakin vədinə əməl etməyən Elşən Əliyev dələduzluq edib. Daha sonra qeyd edilir ki, 2010-cu ilin sentyabrında Elşən Əliyev Quzanlıda məcburi köçkünlər üçün inşa edilən evlərdən ikiotaqlı mənzil vermək adı ilə Ramil Əliyevdən 2500 manat, Vəkalət Nəsirovadan 1500 manat, üçotaqlı mənzil vermək adı ilə Şaiq Rüstəmovdan 3500 manat, üçotaqlı mənzil vermək adı ilə Vaqif Ağayevdən 4500 manat, üçotaqlı mənzil vermək adı ilə Elxan Həsənovdan 4500 manat pullarını dələduzluq yolu ilə ələ keçirib.
Həmçinin istintaq müəyyən edib ki, Elşən Əliyev Gülşən Abdullayeva ilə yenidən cinayət əlaqəsinə girərək, Bakı şəhərində məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli evlərdən üçotaqlı mənzil vermək adı ilə Allahverdi Ağayevin 2000 manat, üçotaqlı mənzil vermək adı ilə Qiyas İlyasovun 4200 manat pulunu mənimsəyib.
Bundan başqa Gülşən Abdullayeva 23 noyabr 2010-cu il tarixdə Elşən Əliyev ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq Quzanlıda məcburi köçkünlər üçün tikilən evlərdən üç otaqlı mənzil vermək adı ilə Kəmalə Bayramovanı aldadıb. Bu adla Kəmalə Bayramovanın 3500 manat pulunu ələ keçirib, lakin vədinə əməl etməyərək onu aldadıblar.
Hər iki şəxs həmin gün Nuşirəvan Aslanova da qarşı dələduzluq ediblər. Quzanlıda məcburi köçkünlər üçün tikilən evlərdən Nuşirəvan Aslanovun üçün nəzərdə tutulmuş ikiotaqlı mənzili üçotaqlı ilə əvəz etmək adı ilə 1000 manat pulunu ələ keçiriblər.
Həmin ilin avqustun 12-də Quzanlıda məcburi köçkünlər üçün tikilən evlərdən üçotaqlı mənzil vermək adı ilə Ümid Əsədovun 3500 manat pulunu alıblar. Bundan əlavə, onlar həmin qəsəbədən Qənimət Məhərrəmova üçotaqlı ev vermək adı ilə 3000 manat pulunu dələduzluq yolu ilə mənimsəyiblər.
Bundan başqa, Gülşən Abdullayeva 28 dekabr 2010-cu il tarixdə özgənin əmlakını ələ keçirmək məqsədilə Asəf Abbasovun Bərdə şəhərində icarəyə götürdüyü mağazasından müxtəlif ərzaq malları götürüb və pulunu sonra gətirəcəyini vəd edib. Bu yolla o, mağaza sahibinə 166 manat ziyan vurub.
Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Hakim Əhməd Sarıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən Əliyev 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Gülşən Abdullayeva 1 il 7 ay 15 gün müddətinə şərti cəza alıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişdirib və məhkəmə iclas zalından azadlığa buraxılması barədə qərar açıqlayıb. Həmin qərara görə, Gülşən Abdullayeva məhkəmə zalından azadlığa buraxılıb.